Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Azərbaycan dilində şəxs adları lüğətinə daxil etmədiyi, üstəlik qadağan etdiyi adları görəndə açığı xeyli təəccübləndim. Axı bu adları kimlər, nə zaman qoydu ki, birdən-birə belə təşviş yaratdı, Terminologiya Komissiyası da məcbur olub bəzi adları qadağan elədi!

 

 

Gəlin ətrafımıza baxaq. Görək kim yaxın bir-iki il ərzində övladına Ansambl, Keştazlı, Paynaz, Sonamö, Tövsiyyə, Pekşən, Zemkom adı qoyub?

 

Mən xatırlamıram. Bildiyim odur ki, son dövrlər Məhəmməd, Əli, Ömər, Hüseyn, Zəhra, Fatimə, Aişə kimi dini adlar daha çoxdur, bir də türklərdən götürülmə adlar.  

 

Yaxşı olmazdımı komissiya bu qadağaları tətbiq etməmişdən qabaq belə bir statistika hazırlayardı görək qadağan olunan bu adlar axırıncı dəfə nə vaxt istifadə olunub?

 

Amma komissiya statistika tərtib etməkdənsə qadağaya keçir, insanları süni surətdə nəyəsə təşviq edir.

 

Bu siyahıdakı adların əksəriyyəti çoxdan öz ömrünü başa vurub. Əgər kimsə övladına bu 217 addan birini qoyursa belə kütləvi deyil. Mən düşünmürəm ki, sabah kimsə oğluna Kolxoz adı qoyar, ya da Ansambl adını. Bu adlar tarixi zərurətdən yaranmışdı. Dövr, epoxa bitdi, bu adların yararlıq qabiliyyəti də bitdi. İndi adamlara milyon da versən uşaqlarına Raykom adı verməzlər.

 

Bəs kor-kor, gör-gör bu adların istifadə olunmadığını komissiya bildiyi halda niyə tövsiyə xarakterli çıxışlar etməkdənsə, o dəqiqə qadağalara keçir?

 

İnsanlara övladın ad seçməkdə azadlıq verilməlidir. Qoyun nə bilirlər onu da etsinlər. Əminəm qadağa olmasa belə heç kəs övladına Hambal adı qoyan deyil. Biləsiz.

 

Tövsiyyə adını qadağan etməyi boş verin, ondansa sizə tövsiyyə xarakterli bir əhvalat danışım.

 

Ben Laden öldürülən il Braziliyada bir adam oğluna onun adını qoymaq istəmişdi. Axı necə ola bilər ki, uşağa dünyanın bir nömrəli terrorçusunun adını qoyasan. Körpənin atasından soruşublar, o da deyib ki, kefim belə istəyir, Ben Ladenə simpatiyam var, onun adını yaşadacam. Rio de Janeyranın meri uşağın atasını bu sevdadan döndərmək üçün nə qədər tövsiyə edirsə xeyri olmur, axırda deyir ki, uşağına Ben Laden adını qoyma, sənə pul mükafatı verəcəm. Uşağın atası o dəqiqə razılaşır, pulu alıb körpəyə yəqin populyar Braziliya seriallarından birinin qəhrəmanının adını qoyur.

 

Braziliyadan karnaval ənənəsini götürmürük-götürmürük, heç olmaya belə şeylərdə onlardan nəsə öyrənək.

 

Deməyim o ki, rahat buraxaq camaatı. Onsuz heç kəs uşağına Ben Laden adı qoyan deyil. Narahat olmayın. Hardaydı bizimkilərdə o fantaziya. Qadağa qoysanız da, qoymasanız da yenə gedib yapışacaqlar, Məhəmməddən, Əlidən, Ömərdən... (kulis)


MİRMEHDİ AĞAOĞLU

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300