"Səməni nazlı gəlin, incə belində kəmər" - Yurdumuza yaz gəlir: Novruz atributları....

 

Bu gün ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsidir. Bir həftə sonra isə ilaxır çərşənbə və Novruz bayramı qeyd olunacaq. Bəs Novruz bayramının əsas atributları hansılardır və onların rəmzləri nə anlamına gəlir? Mövzu ilə bağlı folklorşünas Elyar İslam Musavat.com-a danışıb:

"Bildiyiniz kimi, Novruzun əsas atributlarından biri səmənidir. Səməni bayram ərəfəsində dənli bitkilərdən cücərdilir. Bayram boyunca demək olar ki, bütün süfrğlərdə səməni olur. Səməni yaşıllığın, təbiətin, məhsulun, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.

Novruzun digər atributlarından biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur”.

Folklorşünas Novruz şirniyyatlar və digər atributlarını rəmzləri haqqında da məlumat verib:

"Novruzda xüsusi şirniyyatlar, o cümlədən qoğal, şəkərbura, paxlava bişirilir. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır.

Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.

Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub.

Ümumiyyətlə, hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən dərin və düzgün şəkildə məhz Azərbaycanda qorunub, saxlanılır. Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan "Kosa-kosa" tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar.

Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə ona mane olmağa çalışır. Ancaq, nəhayət, Kosa tonqalı alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə Keçəl qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub "öldürür" və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar”.

Folklorşünas qeyd edib ki, Bahar qızı bayrama edilmiş ən əlavələrdən biridir:

"Bu, bayram rəmzlərini daha da genişləndirib. Şıxəli Qurbanov ideoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personaj əlavə edilməsini irəli sürüb. Hesab edirəm ki, bu, pis yenilik deyil. Bahar qız yazın gəlişini ifadə edən bir personajdır”.

Xalidə Gəray
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300