İranın işğalçı Ermənistana qucaq açmasına Təbrizdən kəskin etirazlar

 

Paşinyanın Azərbaycan ərazilərinə iddia etməsinə təpkilər gəldi, "Qarabağ Azərbaycanındır” sədaları ucaldı; politoloq: "İranın xarici siyasətində Ermənistan mühüm bir rol oynayır”

İranın işğalçı Ermənistanı blokadadan çıxartmağa yönəlik cəhdləri təkcə Azərbaycanın şimalında deyil, cənubunda da kəskin etirazlara səbəb olub. Xüsusilə də baş nazir Nikol Paşinyanın İrandakı erməni icması il görüşdə "Qarabağ Ermənistandır. Vəssalam” yazılmış plakatın qarşısında şelfi çəkib paylaşmasına sərt təpkilər var.

Erməni baş nazirin səfərindən sonra Güney Azərbaycanda, həmçinin İranın ayrı-ayrı yerlərində Qarabağla bağlı şüarlar daha uca səslə eşidilməkdədir. Hadisədən qəzəblənən güneylilər sosial şəbəkələrdə İran rejimi və işğalçı ölkəyə öz etirazlarını bildirib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu vurğulayıblar. Soydaşlarımız "Xocalı qətliamının ildönümündə Paşinyanın İrana dəvət olunmasını qınayırıq” yazılmış banner də nümayiş etdirib. Onlar bu vasitə ilə Güney Azərbaycanın İranla Ermənistan arasında olan dostluq münasibətindən narahat olduğunu islam cümhuriyyəti və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyiblər. (Günaz.tv) Ötən gecə Tehran "Ararat” klubunun divarlarına da çoxlu şüarlar yazılıb. Azərbaycanlı gənclər "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla işğalçılar qarşısında daim ana vətənin keşiyində duracaqlarını nümayiş etdiriblər.

Lent.az-ın İrandakı mənbələrdən əldə etdiyi xəbərə görə, ən böyük narazılıqlar qədim Təbriz şəhərində yaşanır. İlk hədəf Təbriz ermənilərinin "Ararat” klubunun ofisi olub. Martın 1-də səhər Təbriz sakinləri ofisin divarlarında "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarının yazıldığının şahidi olublar. Maraqlıdır ki, şüar fars əlifbasında deyil, latın qrafikalı Azərbaycan əlifbasında yazılıb. Cümə namazı olduğunu nəzərə alaraq, məscidlərdə Ermənistan əleyhinə etirazları önləmək üçün Təbriz müsəllası önündə İranın ali dini lideri Seyid Əli Xamneyinin "Qarabağ İslam torpağıdır” ("Qarabağ xake-İslam əst”) şüarı asılıb. Narazılıqların böyüməməsi üçün Təbrizdə fəaliyyət göstərən və hakim rejimə yaxınlığı ilə tanınan saytlarda bu şüarın fotosu dərhal tirajlanıb və "əgər Qarabağ Tehranda Ermənistan torpağı kimi qəbul edilirsə, Təbrizdə müsəlman torpağı kimi tanınır” fikri xüsusi vurğulanıb.

“Sepahan” komandası ilə qarà ŸÄ±laà Ÿmada Qarabağ Traktor Sazi ile ilgili görsel sonucu

 

Qeyd edək ki, ötən gün Təbrizin "Traktorsazi” futbol komandası "Sepahan” komandası ilə qarşılaşıb. Hələ oyun başlamamışdan Təbriz stadionunda "Qarabağ bizimdir, bizim olacaq” şüarı səslənməyə başlayıb. Soydaşlarımız bununla həm Azərbaycana dəstək ifadə ediblər, həm də Tehran rejiminə xəbərdarlıqlarını çatdırmış olublar.

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə etiraz edib. "Nəsr” xəbər agentliyinə danışan millət vəkili bu barədə İran Xarici İşlər Nazirliyinin cavabdehlik daşıdığını bildirib. "Dağlıq Qarabağ islam və Azərbaycanın torpağıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. İran İslam Respublikası və onun rəhbərinin də mövqeyi bundan ibarətdir.


Dövlət qonşu ölkələrlə əlaqələrini gücləndirməklə Amerika Birləşmiş Ştatlarının bölgədə apardığı siyasətə qarşı mübarizə aparır. Lakin Xarici İşlər Naziliyi ixtilafların qızışmasına icazə verməməlidir. Əslində İran Azərbaycan Respublikası ilə münasibətlərinə xələl yetirilməsini istəmir. Azərbaycanlı millət vəkili Nikol Paşinyanın məhz Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə xüsusi etiraz bildirib.

"Hesab edirəm ki, indi bu səfərin vaxtı deyildi, bu, başqa bir vaxtda həyata keçirilməli idi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr ölkənin əsas və rəsmi siyasətinə uyğun olmalıdır. Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacayıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İran İslam Cümhuriyyətinin sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verməlidir?!”- deyə o qeyd edib.

Hadi Bahaduri sözlərinin sonunda Dağlıq Qarabağla bağlı müsəlman təəssübkeşliyinə işarə edib:"Biz deyəndə Qarabağ islam torpağıdır, bu o deməkdir ki, müsəlmanları qorumaq məsələsində heç bir sərhəddən söhbət gedə bilməz. Bizim dini inancımıza görə, Qarabağda və ya istənilən yerdə müsəlmanların haqqı müdafiə olunmalıdır. Qarabağda müsəlmanların məscidini tövləyə çevirənlərə belə bir icazə, o da İran İslam Cümhuriyyətinin sərhədləri daxilində verilə bilməz”- deyə millət vəkili vurğulayıb.

N.Paşinyanı bağrına basan İran hakimiyyəti isə məscidləri donuz fermasına çevirən işğalçı ölkəyə dəstək göstərməkdə israrlı görünür.

Tehran İrəvana Rusiya və Gürcüstanla elektroenerji və qaz tranziti sferasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib. Onun sözlərinə görə, apreldə Tehranda bu istiqamətdə Rusiya-Gürcüstan-İran-Ermənistan görüşünün keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bundan öncə İran Ermənistan vasitəsilə Gürcüstana qaz tranzitinə hazır olduğunu bildirib.

Fazil Mustafa ile ilgili görsel sonucu

 

"Biz İranın qonşuluq münasibətlərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik”

Bu fikirləri özünün FB-dəki səhifəsində BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib. Fazil bəy qeyd edib ki, İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri tərəfindən mütləq açıqlıq gətirilməlidir:"Həmin plakatda ”Qarabağ Ermənistanındır!" yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur. Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər. Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq".

Hər halda İran dövlətinin indiki həssas dönəmdə, ona Azərbaycan kimi yaxın qonşusunun dəstəyi daha çox vacib olduğu halda, bölgədə heç bir rolu, çəkisi və əhəmiyyəti olmayan, səfil vəziyyətdə olan Ermənistanı bağrına basması suallar doğurur. Hansı ki, N.Paşinyan ötən il demişdi ki, ABŞ tələb etsə, İranla qapılarını bağlamağa və sanksiyalara qoşulmağa vadar olacaq. Lakin illərdir Qərbin təzyiqləri ilə üzləşsə də, Azərbaycan özünün müsəlman qonşusuna qarşı öz ərazisindən istifadəyə imkan vermir. Bunun qarşılığında Tehranın işğalçı ölkəyə isti mesajlar verməklə yanaşı, onu ayağa qaldırmaq cəhdlərinin səbəbi anlaşılan deyil. Faktiki olaraq İran Azərbaycanı ABŞ-ın sanksiyalarına qoşulmağa və ərazisindən onun əleyhinə istifadə olunmasına razılıq verməyə vadar edir.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

 

Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a bildirdi ki, İranın apardığı xarici siyasət dəyişməz olaraq qalır və burada hər hansı bir təəccüblü məqam da görünmür:"Məlumdur ki, İranın xarici siyasətində Ermənistan mühüm bir rol oynayır. Bu, həm tarixən belə olub, həm də müasir dövrdə. Yəni xarici siyasətdə dost məfhumu yox, ümumi maraqlar məfhumu daha çox özünü göstərir. İranın Paşinyani belə qarşılamasının bir səbəbi Rusiyadır. Çünki sanksiyalara məruz qalan İran Ermənistan vasitəsilə müəyyən qədər öz iqtisadiyyatına, daha çox qaz ixracına müsbət bir saldo gətirə bilər. Bu gün Ermənistana verdiyi qaz müqabilində barterlə elektrik enerjisi idxal edən İran bunu inflyasiyanın kəskin artdığı bir vaxtda məcburi edir. Ermənistan da İrandan başqa regionda elə bir dövlət yoxdur ki, onun vasitəsilə öz iqtisadiyyatında dönüş yaratsın. İran və Ermənistan sərhədində azad iqtisadi zona yaratmaqla müəyyən qədər ermənilərin sosial vəziyyətinin düzələcəyinə inanalar təbii ki, yanılırlar. Çünki bu çox az və cüzi bir gəlir gətirə bilər”. Məsələnin siyasi tərəfinə gəldikdə, A.Nağıyev bildirdi ki, bu gün Ermənistan Rusiya ilə münasibətlərini tam tənzimləyə bilmir: "Qərbdən dəstəyi demək olar ki, kəsilib, güclü bir dövlət qismində hazırda ancaq İrana güvənə bilər. Bütün bunlara baxmayaraq, İran rəhbərliyi də Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmağı təklif edərək, problemin məhz iki dövlət arasında həll edilə biləcəyi anonsunu verir. Təbii ki, Azərbaycan baş verənlərə hazırdır və hətta qabaqlayıcı tədbirlərə də malikdir. Bu gün Dağlıq Qarabağ ərazisi vasitəsilə İran və Azərbaycanın işğal olunan ərazilərində 143 km uzunluğunda nəzarət edilməyən sərhəd var, buradan da separatçılar müxtəlif qanunsuz işlərdə istifadə edirlər”. Politoloq qeyd etdi ki, Paşinyanın ATƏT-in formatına uyğun olmayan dəyişiklik etmək təklifi də absurd məsələdir: "Buna nə ABŞ, nə də digər regional və qlobal güclər imkan verməyəcək. Ermənistanın İranla yaxınlaşması və son zamanlar Suriya ilə bağlı atdığı addımlar ABŞ-ı razı sala bilməz və bu proseslərin sonu Ermənistan üçün heç də yaxşı sonluqla bitməyə bilər. Azərbaycan - ABŞ münasibətləri təbii ki, Ermənistan - İran münasibətləri müstəvisində qurulmayıb. ABŞ və Azərbaycan bir sıra müqavilələrdə müttəfiqdirlər və hətta böyük qaz layihəsində İranın da payı var və Azərbaycana görə sanksiyalar tətbiq edilmədi. Yenə qeyd edirəm ki, hər bir dövlətin öz xarici siyasəti var, bununla belə, ümumi maraqları da unutmaq düzgün deyil”.

Qeyd edək ki, Paşinyanın İran səfərindən sonra, fevralın 28-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Azərbaycanın işğal edilmiş ərazilərinə gəlib və qondarma rejimin rəhbəri B.Saakyanla birlikdə təmas xəttinin Cəbrayıl-Füzuli istiqamətində sülənib. Moderator.az-ın əldə etdiyi son məlumata görə, Vanetsyan Azərbaycan torpaqlarında olarkən həyasız bəyanatla çıxış edərək bildirib ki, Azərbaycana nəinki bir qarış torpaq qaytarmayacağıq, əksinə, ermənilərin "öz torpaqları”nda məskunlaşdırılması proqramını davam etdirəcəyik. O, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb. Artur Vanetsyan bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər "spekulyasiyadır”. Məlumata görə, Vanetsyan qondarma separatçı rejim rəhbərliyi ilə Araz çayı boyu ərazilərin məskunlaşdırılması proqramını da müzakirə edib. O, Cəbrayıl rayonu ərazisində salınan "Araksavan” adlı yaşayış məntəqəsindəki işlərlə maraqlanıb, orada kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması perspektivlərindən danışıb.. Vanetsyanın sözlərinə görə, Araz boyu ərazilərin məskunlaşdırılması təhlükəsizliyin əsas təminatlarından biridir...

Belə çıxır ki, Ermənistanı Arazboyu ərazilərlə bağlı planı icra etməyə həm də İran ürəkləndirib. "Qarabağ müsəlman torpağıdır” bəyanatı verib sonra da məscidlərimizi murdarlayan erməniləri himayə edən İran...

E.PAŞASOY, musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300