sitename

           Qida mədəniyyətimizdəki yanlışlıqlar və ölümə aparan səbəblər...

Fridrix Şiller adına Yen Universitetinin alimləri zərərli qidalanma səbəbi ilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahısını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahıda ilk 10-luqdadır. Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidanlanma səbəbilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. İkinci yerdə gələn Türkmənistanda hər 100 min nəfərə 376 ölüm halı, Qırğızıstanda 350, Ukraynada 349, Moldovada 328, Azərbaycanda isə 319 ölüm düşür. Sonrakı yerləri isə Belarus, Tacikistan, Qazaxıstan və Rusiya bölüşür.

Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxılı az istifadə etməsi səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər.

Qeyd edək ki, Azərbaycan insanının pis qidalanmasını yerli ekspertlər də təsdiq edir. Tanınmış həkim Seyfəddin Əsədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda insanların təmiz meyvə-tərəvəz məhsulları ilə qidalanma imkanı digər ölkələrlə müqayisədə daha yüksəkdir:"Çox təəssüf ki, insanlarımız tərəvəz yemirlər. Bu gün çox az qadın evinə gələn qonağın süfrəsinə göyərti qoyur. Eləcə də insanlar meyvə yemədikləri ilə fəxr edirlər. Bu baxımdan təbii ki, bu siyahıda bir reallıq var. Bizdə insanların ölümündə qida rasionunun düzgün qurulmaması çox böyük rol oynayır. İnsanlarımız qidanı qarışdırırlar. Mən bir həkim kimi və dünyanın bir çox ölkələrində olmuş şəxs kimi deyirəm ki, ən çox bizim insanlar yeməkləri qarışdırırlar və həddindən artıq çox yeyirlər. Bu enerjini isə sərf eləmirlər. Bu gün ölüm səbəblərini araşdırdıqda görürlər ki, düzgün olmayan qidalanma və fiziki hərəkətin olmaması, qidadan alınan enerjinin sərf olunmamasıdır. İnsanın gün ərzində qəbul etdiyi qidalardan aldığı enerji həmin gün istifadə olunmalıdır. İnsanlar yeyib yatırlar. Yeməkdən sonra yatmaq və uzanmaq olmaz”.

Seyfəddin əsəd ile ilgili görsel sonucu

 

S.Əsədin sözlərinə görə, insanlar, xüsusən də gənclər fast-fooda çox meyllidirlər:"Evdə hazır yeməyi yemir, bayırdan fast-food, dönər, pizza sifariş edirlər. Bu da ömrü qısaldır və deyilən rəqəmlərin əmələ gəlməsinə səbəb olur. İnsanlarda şüuru dəyişmək üçün geniş təbliğat aparılmalıdır. Bu gün dünyada xərçəng xəstəliyinin yaranmasının ən böyük səbəblərindən biri heyvani zülallar, hərəkətsizlik və şəkər məhsullarıdır. Bu 3 faktor xərçəng xəstəliyinin əmələ gəlməsində çox mühüm rol oynayır. Bizdə insanlar ət yemədən doymurlar, bu bir xəstəliyə çevrilib. Həmin qidalar da hərəkətlə kompensasiya olunmur. Şəkər məmulatları da hədsiz çox istifadə olunur, uşaqlar şirniyyatla nəfəs alırlar. Bu qeyd etdiyimiz faktorlar xəstəliklərin və ölümün əsas səbəbləridir”.

Ölkəmizin əhalisi ziyanlı qidalanan ölkələr sırasında - səbəb

 

Seyfəddin Əsəd onu da qeyd etdi ki, Azərbaycanda insanlar hər gün normadan 5 dəfə artıq duzdan istifadə edirlər:
"Bu da orqanizmdə maddələr mübadiləsini pozur. Ölkəmizdə faiz etibarilə oynaq xəstəliklərindən əziyyət çəkənlər həddindən artıq çoxdur. Duz insan orqanizmində suyu yığır və bu da piylənməyə gətirib çıxarır. Bizim insanların qışda bu qədər turşu və şoraba yeməsi faciədir. Ümumiyyətlə, normal cəmiyyət düşünməlidir ki, bankaya qoyulmuş məhsullardan istifadə etmək zərərlidir. Görürsünüz ki, nə qədər faciələrə gətirib çıxarır, ailələr zəhərlənib ölür. Pomidor turşusunda, pəlpətöyün turşusunda botulizm çöpləri yaranır. Kompot içən kimi insanda köp yaranır, bu məhsul sağlam olsa köp olmaz. Şorabadan istifadə hədsiz çoxdur, körpə uşaqlar şoraba ilə yemək yeyir. Bu faciədir”.

Qeyd edək ki, pis qidalanmanı insanların sosial durumu ilə izah edənlər də var. Belə ki, qeyd olunan ölkələrin, o cümlədən Azərbaycan əhalisinin maddi rifahı Avropa əhalisi ilə müqayisədə daha aşağı olduğundan daha keyfiyyətsiz məhsullardan istifadə edirlər. Ancaq bir fakt da var ki, duzdan artıq istifadənin maddi vəziyyətlə hər hansı əlaqəsi yoxdur. Digər tərəfdən, Azərbaycan aqrar ölkədir və meyvə-tərəvəz məhsulları kifayət qədər ucuzdur, ən azı emal olunmuş konservləşdirilmiş məhsullardan və fast-fooddan daha ucuz başa gəlir. Həmçinin ölkəmizdə bu məhsullar aqrotexniki qaydalara çox məruz qalmadığından təbiiliyi və keyfiyyəti Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycan kənd təsərrüfatı məhsulları dünyanın əksər ölkələrində məhz dadına görə rəqabətdə ilk yerləri tutur. Bu səbəbdən əsas problem məhz qida mədəniyyətimizlə bağlıdır. Restoran və şadlıq evlərində süfrəyə onlarla növ yeməyin və salatın düzülməsi, evlərdə bayram süfrələrində 4-5 cür yemək qoyulması və qarışıq qidalanma, qış aylarında gündəlik olaraq yüksək duzlu şorabaların yeyilməsi, tam taxıllı çörəklərdən istifadə edilməməsi tez yaşlanmanın, ölüm və xəstəliklərin cavanlaşmasının əsas səbəbidir.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300