sitename

              Rusiya Belarusu itirə bilər

 

Lukaşenko Kremlə xəbərdarlıq edib

"Rusiya və Belarus neft sahəsində vergi manevrləri ilə bağlı təzminatlar barədə razılıq əldə edə bilməsə, Moskva Minskin simasında qərb istiqamətində yeganə müttəfiqini itirə bilər”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında deyib. A.Lukaşenko bildirib ki, Rusiya ilə razılaşmanın olmaması Belarus üçün faciəyə çevrilməyəcək: "Əgər Rusiya rəhbərliyi qərb istiqamətində yeganə müttəfiqini itirmək yolunu seçəcəksə, bu, onların seçimidir. Biz onları nəyəsə məcbur edə bilmərik”.

A.Lukaşenko ölkə hökumətini Rusiyanın vergi manevrləri ilə bağlı Belarusun itkilərini kompensasiya etmək üçün etibarlı mənbələr axtarmağa çağırıb. O, əlavə edib ki, əlavə 400 milyon dollar qazanmaq Belarus üçün problem olmayacaq.

Bu, Rusiyanın Belarusa satdığı neftin ixrac vergisini artırmasına görə ödənilməli olan əlavə vəsaitdir və tərəflər neçə vaxtdır həmin məsələ ilə bağlı gərgin danışıqlar aparır.

Lukaşenko ötən ilin dekabrında demişdi ki, Rusiyanın neft sahəsində vergi manevrləri üzündən Belarus yaxın illərdə 10.5 milyard dollar itirə bilər. O, gileylənib ki, Moskva Minskə kompensasiya ödəmək istəmir

Lukaşenkonun bu bəyanatı Kremlə xəbərdarlıq kimi şərh edilir. Eyni zamanda Rusiya ilə Belarus arasında son zamanlar problemlərin yaşanmağa başlamasının əlaməti sayılır.

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

 

Bu barədə danışan politoloq Nəzakət Məmmədova "Yeni Müsavat”a bildirdi ki, son dövrlər Rusiya və Belarus arasında bir qədər qəribə, həm inteqrasiya, həm də dezinteqrasiya prosesləri intensivləşib. Hazırda yaranmış gərginlik daha çox iki avtokratın-Putin və Lukaşenkonun xarakteri ilə bağlı problem kimi nəzərdən keçirilir:"Hesab etmək olar ki, Rusiya öz geosiyasi maraqlarını təmin etmək, Ukrayna ilə bağlı yaranmış problemlərdən sonra slavyan dünyasının daha da parçalanmasının qarşısını almaq üçün Belarusa güzəştə gedir, hətta Putin Lukaşenkonun ictimai şəkildə onunla mübahisə etməsinə belə dözmək məcburiyyətində qalır. Bu da qeyd etdiyimiz kimi, səbəbsiz deyil. Artıq onilliklərdir ki, NATO üzvü Polşa ilə Moskva arasında ”sanitar kordon", forpost rolunu məhz Belarus öz üzərinə götürüb.

Belarusda Rusiyanın iki hərbi bazası var ki, onları başqa bir yerə dislokasiya etmək Moskvaya milyonlarla vəsait hesabına başa gələr.

Putin artıq rus dünyasının genişlənməsi kimi imperiya planının həyata keçirilməsi planının təkcə ideya, həm də sivilizasiya və ərazi ekspansiyası cəhətdən icrasına başlayıb.

Artıq getdikcə Lukaşenkodan ya daha çox güzəştə getmək, ya da Rusiyaya tabe olmaq tələb olunur. Lakin Lukaşenkonun bunu edəcəyi inandırıcı deyil. Lukaşenko 1994-95-ci illərdə yaşlanmış Yeltsinin Kremldəki yerini tutmaq istəyirdi. Lakin bu plan baş tutmadı və bu, Lukaşenkonu Moskvadan uzaqlaşdırdı. Putin kimi güclü varisin meydana çıxması Lukaşenkonun Rusiya ilə Belarusu birləşdirib vahid dövlətin rəhbəri olmaq planına mane oldu".

Politoloq qeyd etdi ki, neft məsələsi, oradan əldə edilən və ya itirilən milyonlarla dollar vəsait Lukaşenko üçün çox vacibdir. Çünki sirr deyil ki, Belarus hər il milyardlarla dollar kredit alır və bu ölkələrdən biri də Azərbaycandır:"Belarus prezidenti bunu dəfələrlə minnətdarlıq hissi ilə xatırladıb. Lakin ölkə kredit borclarını qaytarmağa çətinlik çəkir. Rusiya isə bu fürsətdən istifadə edib Belarus iqtisadiyyatının zəif tərəflərindən öz xeyrinə yararlanmaq istəyir. Ən həssas təzyiq vasitəsi isə neft və maliyyədir. Rusiya Belarusun qaz və neftayırma sahələrini ələ keçirir. Belə ki, 2012-ci ildən Belarusun qaz nəqli sahəsi tamamilə ”Qazprom" şirkətinin nəzarətinə keçib. Hazırda isə Novopolotskdakı neftayırma zavodunu Rusiya 10 milyarda almağı planlaşdırır.

Belarusun gəlirlərinin 20 faizi neftdən gəlir və bu mühüm sahənin özəlləşdirilmə yolu ilə Rusiyanın nəzarətinə keçməsi Lukaşenkonun siyasi mövqelərini də xeyli zəiflədə bilər. Hətta bir zamanlar Lukaşenkonu Avropanın son diktatoru hesab edən, Belarusu Avropa Şurasına qəbul etməyən Qərb dairələri hazırda hesab edir ki, o, Belarusun suverenliyinin qarantıdır. Bu isə Lukaşenkoda bir arxayınlıq yaradır".

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300