sitename

              Həkim yediyimiz qidaların dəhşətli fəsadlarını sayır -Müsahibə

 

Xalq təbabəti üzrə mütəxəssis, fitoterapevt, "Herba Flora” şirkətinin təsisçisi Fizuli Hüseynovla müsahibəni təqdim edirik.

 

- Fizuli müəllim, öncə xalq təbabəti anlayışı haqda məlumat verməyinizi istərdik.

- Xalq təbabətinin kökləri lap qədimlərə gedib çıxır. İnsan yaranandan, ətraf mühitlə, təbiətlə təmasda olandan bəri bir problemlə üzləşibsə, ona çarəni də ətrafda, təbiətdə axtarıb tapıb. Bu proses günümüzə qədər davam edir və ya davam etməlidir. Hər bir adam xəstələnəndə, yaxud sağlam vaxtı xəstəlikdən qorunmaq istədikdə özünə əlac qılır. Xalq təbabətinin əsası bu ehtiyacdan qoyulub.

Amma xalq təbabətini bu gün bir əsr əvvəllə müqayisə edəndə bəziləri düşünə bilər ki, bu üsullar geriləyib, keçmişdə qalıb. Mən elə düşünmürəm, çünki müasir akademik tibb də xalq təbabətinin üstündə qurulub. Mən özüm Tibb Universitetini bitirmişəm, həkiməm.

Hər bir dərmanın hazırlanmasına, kökünə baxanda görürük ki, bunlar bitki tərkibli maddələrlə müqayisə olunub, sonradan bunların bəzilərinin sintetik variantları alınıb və istifadə olunub.

Amma sintetik preparatlarla təbii preparatların arasında fərqlər çoxdur. Mən Avropada tibbin fəaliyyətini, dərman bitkilərinə yeni münasibəti diqqətlə izləyirəm. Bir də görürsən, Avropada hansısa bir preparat uzun müddət istifadə olunduqdan sonra onun fəsadları ortaya çıxır. Hətta bunun üstündə məhkəmələrə də müraciət edilir.

Avropada hamiləlikdə istifadə olunan preparatların təsirindən doğulan şikəst uşaqların birlikləri də var. Həmin birliklər belə preparatları istehsal edən müəssisələrə qarşı iddialar qaldırıblar. Ancaq indiyə qədər təbii preparatlara qarşı belə iddialara rast gəlinməyib.

Sintetik preparatlardan ona görə problemlər çıxır ki, onlar bizim bədənimizdə müəyyən müddətə sorulur. Dərman formalarının belə bir xüsusiyyəti, kumulyasiyası, yəni sorulmadan çökməsi qaydası var ki, bu da qaraciyərdə, böyrəkdə, dalaqda, dəri altında, beynimizdə bir hissələrə topalanır. Bundan sonra çökmüş maddələr bizdə problem əmələ gətirməyə başlayır.

Misal üçün, uzun müddət kimyəvi preparatdan istifadə edən insanlarda qaraciyər çatışmazlığı, qaraciyər toksiti, hepatit, böyrək çatışmazlığı, böyrəklərin sıradan çıxması, qan dövranının pozulması, beyində qidalanma pozğunluqları, skleroz, yaddaşsızlıq, infarktın əlamətləri yaranır. Bunlar özünü tədricən, zaman-zaman göstərir.

Düşünürəm ki, hər bir insan xəstələnəndə çalışmalıdır özünü dərman bitkilərindən də qabaq yediyi yeməklərlə müalicə eləsin. Yəni mən hansı yeməyi yeyə bilərəm, hansını yeyə bilmərəm və ya hansı içəcəyi içə bilərəm, hansını yox, bunu hər insan bilməlidir.

Bundan sonra nəticəsi olmursa, dərman yox, dərman bitkilərindən istifadə edilməlidir. Çünki bizim bədənimiz dərman bitkilərini özünə doğma bilir. Yəni həmin bitkilər orqanizmdə sıfıra qədər, tam parçalanır, bədənimizə enerji verir. Həm bağırsaqlar, həm tər, həm böyrək vasitəsilə bədəndən xaric olub çıxır. Bunun da köməyi olmasa, həkimə müraciət edib, sintetik preparatlardan az miqdarda istifadə etmək olar.

Tutalım, təzyiqi olan xəstəyə həkim dərman yazır, o da ömrünün axırına qədər bu dərmanları içir. Halbuki o, həyatının axırına qədər heç bir ziyanı olmayan yemişan içə bilər. Yemişan həm təzyiqi salır, həm qanı durulaşdırır, həm ürəyin oksigenə olan tələbatını azaldır, həm onun zərbə qüvvəsini artırır, həm mikroserkulyasiyasını yaxşılaşdırır, həm də qan dövranını yaxşılaşdırır.

Təzyiq normallaşdısa, yemişan qəbulunu saxlaya bilər. Dediyim əlamətlər varsa, yemişanı dəmləyib balla şirinləşdirərək içmək olar. Belə xəstəliklər yüzlərlədir.

Mən dərman bitkilərinin maarifləndirmə üsullarından danışanda həmişə təkcə vətəndaşlara yox, həkim dostlarıma da deyirəm ki özünüzü kimyəvi dərmanlara alışdırmayın. Dərmanın bir faydası varsa, bir neçə də əks-göstərişi var. Bitkilərin isə çox az bir hissəsinin müəyyən əks-göstərişləri olur.


- Adətən, xalq təbabətini, türkəçarəni rəsmi təbabətə köməkçi hesab edirlər. Siz bu fikirlə razısınızmı? Yəni xalq təbabətiylə əsas xəstəlikləri müalicə etmək mümkündürmü, yoxsa o, həmişə köməkçi funksiyasındadır?

- Əslində xalq təbabətinin üsulları ilə çox xəstəlikləri müalicə etmək olur. O xəstəlikləri müalicə etmək olmur ki, onları heç sintetik preparatlarla da sağaltmaq mümkün deyil. Xalq təbabəti ilə məşğul olanlara baxsaq görərik ki, çox az elmli insan, həkim ona baş qoşur, həmişə alternativ təbabəti xalq bilicilərinin, yaşlı nənə-babalarımızın ixtiyarına buraxıblar. Xalq təbabətinə maraq bir klinika, bir elmi araşdırma səviyyəsində olmayıb.

Mən 20 ildir dərman istehsalının içindəyəm. Herba-Flora firması 20 ildir istehsalla məşğuldur. Hər bir bitkini biz elmi cəhətdən araşdırırıq, böyük bir laboratoriyamız var. Azərbaycan Tibb Universiteti, BDU ilə, AMEA ilə əməkdaşlıq edirik.

Məsələnin axırına gedib çıxır, bitkilərin tərkibini tam araşdırırıq. İndiyə qədər bu formada yanaşma olmayıb. Hətta Azərbaycanın bölgələrindən, xaricdən bitki alanda belə biz onun tam tərkibini araşdırır və tam rəy veririk.

- Bitkilərdən özbaşına istifadə edənlər də çoxdur. Şəfalı bitkilərdən reseptsiz istifadə etmək olarmı?

- Belədə bəzən təhlükəli məqamlar da ortaya çıxır. Misal üçün, 15-20 bitkini qarışdırırlar, özlərinə bir qarışıq hazırlayıb istifadə edirlər ki, bunun fəsadlarını çox görmüşəm. Çünki bitkilərin bir-birinə uyğunsuzu da var. Onları bilən adam qarışdırmalıdır, bilməyəndə ən azı iki bitkini qarışdırmaq olar. Ondan çoxunu qarışdıranda problem olar.

- Məsələn, indi bizi qonaq etdiyiniz çayın 7 bitkidən hazırlandığını dediniz.

- Bəli. Biz onların tərkibini bilirik. Tərkibində alkaloid olan bitkilərin 3-nü bir-birinə qatışdırsanız zəhərlənmə verər. Üzərlik toxumu, dəmrovotu bitkisi, dəlibəng toxumu, xoruzgülü, batabat toxumu – bunlardan tibdə ayrı-ayrılıqda istifadə olunur, bir yerdə isə professional tərəfindən istifadə olunmalıdır. Ümumiyyətlə alkaloidlər insanı ağıldan çıxaran bitkilərdir. Bilmədən kimsə deyər get dəmlə iç, tərkibində güclü alkaloid olar, adamı ya öldürər, ya da güclü dozada zəhərləyər. Bunlara diqqət olunsa problem yoxdur. Alkaloidi çox olan bəzi bitkilərdən az-az istifadə etmək lazımdır ki, bədən ona tədricən alışsın.

Naxçıvanda yeradamı bitkisi var. Bu bitki elmi təbabətdə yalnız xaricə istifadə olunur. Təpitmə formasında bel, ayaq ağrılarına, artrozlarda, artritlərdə dizə, oynaqlara qoyulur və ağrını götürür.

Amma xalq təbabətində bu bitki daxilə də qəbul olunur. Bu bitki yığılır, qurudulur, 200 qram toz formasına salınır, bu toz 1 kilo balla qarışdırılır. Təxminən yarım saat qarışdırılandan sonra bal ağ smetan şəklinə düşür. Bunu insan bir dəfəyə götürüb gündə 3 dəfə bir dolu çay qaşığı yesə zəhərlənər. Amma biz bunu ilk 10 gün gündə bir çay qaşığı təyin edirik, sonrakı 10 gündə iki çay qaşığı, daha sonrakı 10 gündə isə 3 çay qaşığı istifadə etmək lazımdır.

Bu orqanizmi olduqca gücləndirir, impotensiyanı götürür, prostatın müalicəsində çox gözəl effekt verir. Ümumiyyətlə, bədəndə olan ağrılar, halsızlıq üçün yaxşıdır. Belə bitkilər olduqca çoxdur.

Misal üçün, maklura, buna adəm alması da deyilir, böyük şəkildə portağala oxşayır, yaşıl, üstü qıvırcıq olan bu bitkinin spirtlə dəmləməsi şiş ağrılarında istifadə olunur. Bir də güclü ağrıkəsici xüsusiyyəti var. Ondan da çox istifadə etmək olmaz, bir damcıdan başlayaraq, hər gün bir damcı artırılır, 20 damcı olandan sonra azaldılır və sonra hər gün bir damcı azalda-azalda dayandırırıq.

- Qış fəsli olduğu üçün qrip, soyuqdəymə halları artıb, immuniteti gücləndirmək və soyuqdəymənin qarşısını almaq üçün hansı bitkilərdən istifadəni məsləhət görürsünüz?

- Qripdən, soyuqdəymədən qorunmaq, orqanizmdə zəiflik, halsızlıq varsa, bunların hamısının müalicəsi bitkilərlə aparılmalıdır. İnsan bitki ilə qidalanaraq, özünü müalicə edərək qışa hazırlaşmalıdır. Bu məsələdə heç bir dərman zəncəfil qədər effektli ola bilməz.

- Zəncəfilin ziyanı yoxdur ki? Dozası necədir?

- Heç bir ziyanı yoxdur. Sadəcə insanın bağırsağında, mədəsində yara, qastrit varsa, zəncəfil onu aşındıra bilər. Bu tip insanlar istifadə eləmir və ya az dozada istifadə edir. Qalan bütün insanlar ondan rahat şəkildə istifadə edə bilər.

Zəncəfil bədəndə soyuqluğu götürür, qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsiri var, qanı durulaşdırır, qan axınını yaxşılaşdırır, immuniteti gücləndirir, ağciyər xəstəliklərində, öskürəkdə, vərəmdə, bronxitlərin hamısında, hepatitlərdə çox gözəl faydası var.

Hepatitə ona görə yaxşı təsir edir ki, qan dövranını, axınını rahatlaşdırır, qaraciyərin filtr qabiliyyətini təmizləyir.

Zaman keçdikcə qaraciyərin istehsal etdiyi hormonların, fermentlərin miqdarı bədəndə çoxalır. Qaraciyər fermentləri, xolesterin və onun sələfləri hamısı yüksəlir, nəticədə qaraciyər qanımızı yaxşı təmizləyə bilmir.

Qaraciyərin qanı təmizləməsi üçün qanı durulaşdıran, mikroserkulyasiyanı yaxşılaşdıran bitkilərdən istifadə etmək lazımdır. Zəncəfil, andız, alaqanqal, solmaz çiçəyi, ənginar, şaxdərə, dəmir otundan müntəzəm istifadə edəndə yavaş-yavaş qaraciyərin yüksəlmiş fermentləri normallaşır və insan da əvvəlki halına dönür.

- Dərman bitkilərindən mütəmadi istifadə olarmı?

- Bu, xəstəliklərə görə fərqlənir. Hepatitlərdə müalicə 6 aya qədər davam edə bilir. Hepatit B və hepatit C-ni dərmanla müalicə eləyən həkimin məqsədi o olur ki, müəyyən bir antitellər əmələ gətirsin, əgər insan bədənində antitellər əmələ gəldisə, həkim rahatlanır. Bilir ki antitellər həmin virusları öldürəcək. Bitki müalicəsində də həmin sistem, həmin məqsəddir.

Balın tərkibinə bir neçə bitki qatılaraq hazırlanıb istifadə olunur və bədənin immuniteti güclənir.

1 kilo bala 100 qram ud hindi, 100 qram qarazirə, 50 qram da güləm (arı süfrəsinin birinci yeməyidir, onun tərkibində həm çiçək tozu, həm də arı südü var) qarışdırılaraq hepatiti olan xəstəyə verilir. Bir ay bu qarışımı qəbul edir və ikinci ayında analizlərinə baxılır, əgər qan təzyiqi, hemoqlobini aşağıdırsa, bu zaman yenə balın tərkibinə başqa bitkilər əlavə olunaraq istifadə olunur.

1 kilo balın içinə 100 qram sarıkök köklərinin üyüdülmüşü, 100 qram alaqanqal, təxminən də 50 qram zəncəfil qarışdırılıb verilir. Əgər bu xəstədə qan azlığı yoxdursa, yaxud hemoqlobin normaldırsa, qan təzyiqi yoxdursa, onda bala ehtiyac yoxdur. Həmin bitkilər toz halına salınır, bir-birinə qarışdırılır, gündə 3 dəfə bir çay qaşığı qəbul edərək üstündən 1 stəkan su içilir.

Bunlar həkimin nəzarətində aparılır. Çünki istər xalq təbabəti, istərsə də akademik təbabətlə məşğul olan həkim analizlərdə qanın tərkibinə baxmalıdır. Müalicəyə başlayıbsa, hər aydan bir xəstənin yüksəlmiş olan fermentlərini izləməlidir. Müalicə müddətində onu aşağı sala bilirsə, müalicə davam etməlidir, əgər sala bilmirsə, demək, bu müalicə onluq deyil, xəstə başqa mütəxəssis tapsın.

- Son vaxtlar ürək xəstəlikləri, infarkt artıb, səbəb nədir? Onu bitkilərlə necə müalicə etmək olar?

- Ürək xəstəlikləri, infarktlar ona görə çoxalıb ki, bizim menyumuza yeni transyağlar, yaxud marqarinlər daxil olub. Bizim marketlərdə satılan şirniyyatın bəlkə 90 faizi marqarindən hazırlanır. İnsanlar bilərək-bilməyərək qiyməti ucuzdur deyə alır. Marqarinin, transyağların bədəndə rolu nədir? Marketlərdən sənaye üsulu ilə hazırlanmış elə qida məhsulları alırıq ki, saxlama müddəti iki-üç il olur, normalda belə bir şey mümkün deyil. Onların tərkibinə stabilizatorlar vururlar ki, bu da onunun saxlama müddətini uzadır. Onların hər birinin bədənə ziyanı var.

Marqarin təzə ixtira olunanda bütün dünya bayram elədi ki, xolesterinə son qoyulur, insanlar tamamilə sağlam olacaq. Bir müddət sonra gördülər ki, əksinə, xolesterin qalxdı.

Marqarin neftdən alınır və bu yağ orqanizmdə sona qədər parçalanmır. Bir müddətdən sonra bir-birinə yapışmış formalarda gəlib arterial damarların haçalandığı hissəni tutur.

Biz daimi şəkildə marqarinlə qidalandıqda yağ hissəcikləri yığılaraq ora yapışır, axırda damar tutulmasına gətirir. Bu ya skleroza səbəb olur, ya beynimizə insult verir, ya da hansısa toxumanın qidalanmasını vurub sıradan çıxarır, infarkt edir.

Marqarin və transyağlarla qidalanan insanlarda bunlar mütləq baş verəcək. Çünki bu yağlar sona qədər parçalanmır, damarı tutur.

Əvvəllər kolbasa bir həftə, 10 gün saxlanılırdı, indi iki-üç il qalır. İçəcəkləri alıb tərkibinə baxırsan ki, iki-üç il saxlamaq olar. Çünki tərkibində saxlama müddətini uzadan stabilizatorlar var. Onlar qoymur çürümə getsin.

Qatığı mağazadan alıb soyuducuya qoyuruq, 15-20 gün saxlayıb yeyirik. Evdə hazırlanan qatıq isə 2-3 gün sonra turşuyur.

Mağazadan alınan stabilizator vurulmuş məhsulu yeyiriksə, bağırsağımızda çürümə reaksiyası getməlidir ki, həzm olunsun, amma stabilizator buna imkan vermir. Qida çürümür, üstəlik, həmin stabilizatorlar da bizim qanımızı sorulur və bədənimizdə müəyyən hissələrdə depolanır.

Alimlər araşdırıblar ki, əvvəllər insan öləndən 40-50 gün sonra çürüyürdüsə, indi meyitlər illərlə çürüməmiş qalır.


- Stabilizator nədir?

- Hər bir məhsulun özünə uyğun stabilizatoru var. Bağırsaq normal işləməyəndə mikroflorası pozulur. Bədənimizdəki vitaminlərin hamısını xaricdən almırıq ki... Vitaminlərin çox hissəsi bizim bağırsağımızda əmələ gəlir.

Bağırsağın özünün bir mikroflorası, öz dünyası var. Bağırsağın mikroflorasında vitaminlər, insanın yaşlanma prosesinə nəzarət edən fermentlər hazırlanır. Bağırsaqda pozuntu baş verəndə sistem xəstəliklərindən biri əmələ gəlir.

- Belə bir söz var ki, orqanizmin taleyi bağırsaqlarda həll olunur...

- Bağırsaq bizim immunitetimizin əsasını qoyan orqandır. Bağırsağı normal işləməyən adam heç vaxt sağlam ola bilməz. O adam tez qocalacaq, daim xəstə yaşayacaq. Ona görə də sənayeləşmiş qidalardan nə qədər uzaq olsaq, bir o qədər də sağlam yaşayacayıq.

- Ürəyimizi qorumaq üçün nələrdən istifadə edə bilərik, müalicə üsulları nələrdir?

- Marqarin, transyağlar və mikroserkulyasiyanı pozan qidalarla qidalanırıqsa, kapillyarlarımız yavaş-yavaş tutulur. Bu kapillyarlar o qədər incədir ki, onları bir-birinin ucuna calasaq yer kürəsini 3 dəfə fırlanmaq olar. Əlimizə iynə batırsa, dərhal qan çıxır, yəni kapillyar o qədər incədir ki, iynə onu deşir. Bu kapillyarlarda qan dövranı yavaş-yavaş pozulur.

Bizim xalq təbabət üsullarında həcəmət, yəni banka ilə qan almaq var. Bəzi adamlar onu eşidəndə gülür. Amma mən deyərdim, bu gün Azərbaycanda həcəmət son 100 ildə bugünkü qədər istifadə olunmayıb. Çox insan bundan istifadə edir və effektini görür. Kapillyar dövranı təmizləməyin ən yaxşı üsullarından biri həcəmətdir.

Həcəmət edəndə birinci banka qoyulur, 3-4 dəqiqədən sonra çərtilir, bir də banka qoyulur. Sonra ordan qan alınır, həmin stəkanın altı qədər yox, nəlbəkinin miqdarı qədər hissəni təmizləyir. Bundan sonra həmin adam durub deyir ki, quş kimi oldum, başından qan alanda deyir ki, gözlərim işıqlandı, elə bil başımın işində heç nə qalmayıb.

Zəli müalicəsi də var, qan göstəricilərinə baxılaraq təyin olunur. Zəlinin ağzındakı hirudin maddəsi qanı durulaşdıran, qan axınını yaxşılaşdıran, trombları əridən xüsusiyyətə malikdir. Zəlinin ağzında 104 aktiv birləşmə tapılıb ki, bunların hamısı normal qan dövranın yaxşılaşmasına kömək edir.

Qan durulaşdırıcı və qan təmizləyici çoxlu bitkilər var. Misal üçün, limondan mütəmadi istifadə edə bilərsiniz. 3 kilo limon, 1 kilo zəncəfil, 1 kilo sarımsağın hamısı ət maşınından keçirilir, bir-birinə yaxşı qarışdırılır, bir-iki həftə soyuducuda saxlanılır, sonra suyu çıxardılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Mükəmməl şəkildə bütün ürək xəstəliklərində göstərişdir.

- Deyirlər, insan öz regionun meyvəsi ilə qidalanmalıdır. Bu, daha faydalıdır. Bəs xəstələnmiş adam necə, yalnız yerli qida və bitkilərləmi müalicə olunmalıdır?

- Düzgün fikirdir, hər bir insan öz regionunda bitən meyvə-tərəvəzlə qidalanmalıdır. Həmin regionda ona lazım olan meyvə, tərəvəz, dərman bitkisi yoxdursa, başqa bölgədən alıb istifadə edə bilər. Misal üçün, bir adamda qan azlığı var, yorğunluq var, bu insana biz jenşen yazmalıyıq, jenşen isə Azərbaycanda bitmir.

İnsanın bədənində hansı mineral, vitamin əskikliyi varsa, tutaq ki, Naxçıvanda yaşayırsa, burda bitən meyvə-tərəvəzdən istifadə etməlidir. Bədəndə çatışmayan vitamin və minerallar sanki kodlaşmış şəkildə yerli meyvə-tərəvəzdə daha çox olur.

Naxçıvan kimi quru kontinental iqlimdə bitən meyvələrin dadı yaxşı olur, ona görə ki, günəş meyvələri o qədər güclü vurur ki, tərkibindəki suyu buraxmamaq üçün meyvə özündə şirinliyi, vitamini çoxaldır.

Harda yaşayırsansa öz torpağının heyvanının ətindən yeməlisən, torpaqda olan bitkilərlə qidalanmalısan. Bizim manqo, avokado dalınca qaçmağımız o qədər də düzgün deyil. Arada dad xətrinə yemək olar, amma müntəzəm olaraq onlarla qidalanmağımız düzgün deyil.

- Ucqarlarda, xüsusən dağ rayonlarımızda uzun ömürlü insanlar çoxdur. Bunu, adətən, sağlam qidalanmaqla əlaqələndirirlər. Uzunömürlüyə təsir edən amillər hansılardır?

- Sağlam yaşamaq üçün birinci növbədə insan öz əsəblərini qorumalıdır. Əgər o insan əsəblərini qorumursa, istəyir nə yeyir-yesin onda problem yaranacaq. İkincisi, sağlam yaşamaq üçün təzə yeməklər yeyilməlidir. Üçüncüsü, insan probiotiklərin bol olduğu qidalardan, yəni meyvələrdən, tərəvəzlərdən, qatıqdan, süd məhsullarından çox istifadə etməlidir. Probiotiklər bağırsaq mikroflorasının əsasını qoyur. Bunlardan uzun müddət istifadə yenə bağırsağa gəlib çıxır. Əgər bağırsaq düzgün işləyirsə, insan onu antibiotiklərlə, vərəm əleyhinə preparatlarla, ağrıkəsicilərlə məhv eləmirsə, həmin insan sağlam yaşayacaq.

Şərt deyil ki, insan uzun ömürlü olsun, şərt odur ki, verilən ömrü sağlam yaşayasan.

- Həkim, son vaxtlar arıqlama çaylarından istifadə edənlərin sayı artıb. Onlardan necə istifadə etməyi məsləhət görürsünüz, ümumiyyətlə, çaylarla arıqlamaq mümkündürmü?

- Arıqlamaq üçün müxtəlif vasitələr var, söhbət təkcə çayla arıqlamaqdan getmir. Arıqlamaya gətirib çıxaran çaylar da var, dərmanlar da. Bunlar niyə istifadə olunduğunu deyim.

Adamı arıqladan çaylar var ki, onlar daim ishal əmələ gətirir, insanın yediyi tam bədənə sorulmur, ishal formasından bədəndən xaric olunur. İkinci qrup çaylar var ki, güclü sidikqovucudur, bədəndən suyu çıxararaq insanı arıqladır. Üçüncü arıqlama çayları isə maddələr mübadiləsini sürətləndirir. Yəni oksidləşmə, reduksiya prosesini artırır və insanı arıqladır.

İnsan arıqlamaq üçün bunların hansından istifadə etməlidir? Dəbdə olanı odur ki, hansı çay ishal əmələ gətirirsə, insanlar ondan istifadə edirlər. Ümumiyyətlə, ishal törədən çayları insan həftədə iki-üç dəfə içməlidir. Ondan artıq içəndə bağırsaq tənbəlləşir, bir müddət sonra insan o çaydan asılı qalır. İstifadə etməsə onun bağırsağında qəbizlik əmələ gəlir.

İkincisi, sidikqovucu bitkilərdir ki, bunların hamısından mütəmadi olaraq dəyişə-dəyişə istifadə etmək olar. Oksidləşmə-reduksiya prosesini artıran bitkiləri isə hər zaman içilə bilər. Onlarda problem yoxdur, bədəndə piylərin əridilməsi üçün istifadə olunur.

Amma Azərbaycanda insanlar onlardan istifadə eləmir. Belə düşünürlər ki, bunlar adamı çox gec arıqladır. Əslinə qalanda ayda 3-4 kiloqramdan artıq, sürətlə arıqlamaq düzgün deyil. İnsan ayda 10 kilo arıqlayırsa, onda mütləq xəstəlik əmələ gələcək. Sağlam və qalıcı arıqlamaq istəyirsənsə, ayda 4 kiloqramdan artıq arıqlama niyyətində olmamalısan.

Elə dərmanlar da var ki, iştahanı zəiflədir. İnsan az yeyir və arıqlayır. Mən deyərdim, bu, həddindən artıq təhlükəli üsuldur, ondan istifadə ümumiyyətlə düzgün deyil. Avropa ölkələri bu üsuldan imtina ediblər.

- Arıqladan bitkilər hansılardır?

- Misal üçün, ishal yaradan bitkilər səna bitkisi, kövrək mundarçanın qabığı, mundarçanın toxumlarıdır. İshal törədir bitkilər bədəndən mineralları, şlakları təmizləyir. Amma onları hansısa bitkilərlə qarışdırıb içmək lazımdır. Oksidləşmə-reduksiya prosesini artıran bitkilərlə də istifadə yaxşı olur. Tutalım, zəncəfil maddələr mübadiləsini artırır, zəncəfil içəndə insanın bədəni qızışır.

Bir hissə zəncəfil, səna, çobanyastığı, məkkəgülü götürüb 3 stəkan suda dəmləyib səhər, günorta, axşam yeməkdən əvvəl bir stəkan içmək olar. Bu, sağlam şəkildə, yavaş-yavaş adamı arıqlada bilər. 15-20 gün istifadə edəndən sonra 10 gün saxlamaq, sonra yenidən başlamaq lazımdır. İçərisinə sidikqovucu əlavə edəndə, daha yaxşı olur.

- Beynimizi, yaddaşımızı qorumaq üçün nə etməliyik?

- İndi adamlar var, 50-60 yaşdan sonra yavaş-yavaş unutqanlıq əmələ gəlir. Bir adamı çağırmaq üçün 15 ad çəkir, adi telefon nömrəsini yadda saxlaya bilmir. Yaddaşsızlığı əmələ gətirən ən böyük problemlərdən biri yenə də düzgün qidalanmamaqdır.

Çoxlu ət yeyən insanın bədəni turş mühitə dəyişir. Turş mühitdə isə toxumaların qidalanması pozulur, damar darlığı yaranır, xolesterin yüksəlir, bu insan özünü skleroza daşıyır, altsheymer yaranır, yəni beyin yavaş-yavaş büzüşür.

Bunun qarşısını almaq üçün ən gözəl üsul zəncəfil, sarıkök, ud hindi kimi beyin-qan dövranını yaxşılaşdıran bitkilərdən istifadə etməkdir. Ara-sıra kəklikotu çayı içmək lazımdır.

Misal üçün, 50 qram zəncəfil, 100 qram sarıkökü toz formasına salıb bunlar bitənə qədər, gündə 3 dəfə, bir çay qaşığı bir stəkan su ilə içmək lazımdır. 100 qram ud hindi və 100 qram qarazirə bitkisini yenə də toz halına salıb içmək olar.

Sonra yapon saforası, qinko biloba, öküz otundan hərəsindən 100 qram götürüb qarışdırılır, qarışığın 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir. Bunu sonrakı aylarda istifadə etmək olar. Başdan qan aldırmaq, başa, boyuna zəli qoymaq yaxşıdır.

Boyun osteoxondrozu olan insanlarda belə xəstəliklər daha tez başlayır, çünki osteoxondroz olan hissədə toxumalar bərkiyir, beynin qidalanmasını yavaş-yavaş pozur ki, bu insanda qarşısı alınmaz təzyiq əmələ gətirir. Beynin bir hissəsində qidalanma pozulduğu üçün ürəyə əmr edir ki, qanı zərblə vur, qidalana bilmirəm, ürək də zərbələyir. Bu tip təzyiqləri aşağı salmaq da çətin olur. Hamı düşür ürəyin üstünə, amma burda problem başda olur.

- Özünüz haqqında məlumat verərdiniz, harda doğulmusunuz, necə oldu bu sahəyə sizdə maraq yarandı?

-1973-cü ildə Naxçıvanın Kəngərli rayonun Qabıllı kəndində doğulmuşam, Azərbaycan Tibb Universitetini bitirmişəm, universiteti bitirən kimi Herba-Flora firmasını təsis eləmişəm.

20 ildir həmin firmanın iki rəhbərində biri, həm də aparıcı mütəxəssisiyəm.

Firmamızda 300-ə qədər preparat istehsal olunur. Məhsullarımızın hamısı sertifikatlaşdırılıb, Səhiyyə Nazirliyi tərəfindən tanınır, Respublika Gigiyena və Epidemiologiya Mərkəzdən sertifikat alınıb, AQTA ilə əməkdaşlıq edirik. Azərbaycanı xaricdə təmsil edən, İqtisadi İnkişaf Nazirliyinin "Made in Azərbaycan” brendi altında xaricdə fəaliyyət göstərən firmalardan biri bizik və brend altında xarici ölkələrə də Azərbaycan bitkilərini, məhsullarını idxal edirik.

Hələ institutda oxuyanda dostlarımın apteklərinə gedib baxırdım, görürdüm, xaricdən gətirilmiş gözəl görkəmli, səliqəli qablaşdırılmış çaylar, siroplar var. Azərbaycan olan bitkiləri isə kağız sarafanın içinə doldurulub təqdim olunur. Müştəri də istər-istəməz xaricdən gələni alırdı.

Həmişə aptekçilərə deyirdim ki, yığışıb bir iş görmək lazımdır. Axı, bizim bitkilərimizin müalicə xüsusiyyəti dünyanın çox yerində yoxdur. Tutalım, Azərbaycanın kəklikotusu ilə Ukraynanda bitən kəklikotu eyni deyil. Ukraynadan şirkətimizə məktub gəlmişdi ki, bizə kəklikotu satın, mən satmaq istəmədim, dedim, bizim yığdığımız ancaq özümüzə çatır. Dedilər, onda biz sizə 2 ton kəklikotu göndərək, siz bizə bir ton. Bizlərdə bahalı çaylar var, istəyirik içinə sizin kəklikotundan vuraq, çünki onun efirli birləşmələri çoxdur.

Yəni Azərbaycan bitkisi ilə Avropa bitkisi bir deyil, sadəcə, Azərbaycan bitkilərinin emalını elə etmək lazımdır ki, diqqətə çıxa bilsin. Qablaşması gözəl olsun, emalı yaxşı olsun, birdəfəlik filtr formasında olsun, biz hamısını elədik, ortaya çıxardıq.

Bizim işimiz budur. Yəni göz qabağındayıq...

(teleqraf.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300