sitename

                    "Suriyada hakimiyyət dəyişikliyi qaçılmazdır” -Müsahibə

Milli Elmlər Akademiyasının (AMEA) Şərqünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, politoloq Fərda Əsədovla müsahibəni təqdim edirik.

- Fərda müəllim, ABŞ-ın hərbi baxımdan Suriyanı qəfil tərk etməsini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu addımın bir neçə müsbət tərəfləri ola bilər. ABŞ hərbçiləri Suriyanı tərk etdikdən sonra orada amerikalı hərbçilərin iştirakı ilə böyük hərbi gərginliyin yaranması ehtimalı azalır. Digər tərəfdən, Tramp və ABŞ hakimiyyəti daha çox səy göstərəcək ki, Suriya problemi sülh və kompromislər yolu ilə həll olsun. Üçüncü müsbət tərəf odur ki, ABŞ öz maraqlarına yaxın ölkələrə dəstəyini artıracaq. Bu ölkələrin arasında ilk növbədə Türkiyə göz önünə gəlir. Son zamanlar Trampın bəyanatı göstərir ki, Türkiyənin mövqeyini və Yaxın Şərq siyasətini azı sözdə müdafiə edir, bunu müsbət sayır və alqışlayır.

- ABŞ-ın Suriyanı tərk etməsinin mənfi tərəfləri nədən ibarətdir?
- ABŞ-ın oradan çəkilməsi ona qarşı Suriyada siyasət aparan qüvvələri gücləndirə bilər. Bu qüvvələr Suriyada qətiyyətli, müəyyən qədər gərginlik yarada bilən addımlarını artıra bilər. Yəni bu qüvvələr gərgin addımlar atmağa sövq oluna bilər. Ancaq ABŞ sülhsevər təşəbbüslərin arxasında durmağı mümkün hesab edəcəksə, bu zaman sülh atmosferinin yaranması ehtimalı daha çox olacaq.

Hesab edirəm ki, ABŞ ordusunun Suriyadan çıxmasının müsbət tərəfləri mənfi tərəflərindən daha çoxdur. Lakin sual yaradan odur ki, ABŞ Müdafiə Nazirliyi Trampın qərarına başqa cür mövqe nümayiş etdirirdi. Pentaqon Suriyada qalıb hansı məsələləri həll etməyi düşünürdü sualı açıqdır. Bəlkə Müdafiə Nazirliyində olan qruplaşmanın fikri belə idi ki, Suriyada gərginlik olduqca Rusiya ilə üz-üzə qalmaq Pentaqonun mövqeyini gücləndirə, nüfuzunu artıra bilərdi. Ola bilsin ki, ABŞ siyasətində daxili çəkişmə var və bu addımlarla Tramp nəinki xarici siyasət, ola bilsin ki, ABŞ daxilində ona qarşı duran siyasi istablişmentin nüfuzunu azaldır.

- Pentaqon-Tramp qarşıdurması ABŞ hökumətinin Suriya ilə bağlı vahid siyasətinin olmadığını ortaya qoymurmu?
- Bəli, elə söhbət də bundan gedir. Şübhə qalmır ki, ABŞ-da olan siyasi istablişment Trampın siyasəti ilə ayaqlaşmağı mümkün görmürlər, öz tərəflərindən prezidentə müxtəlif yollarla təzyiq göstərir ki, ənənəvi güc qruplarının siyasəti ilə ayaqlaşsın. Bu baş tutmadığı halda siyasətdə Trampla qarşıdurma yoluna keçirlər. Və beləcə dialoq, yaxınlaşma baş vermir.

- ABŞ müdafiə naziri və Trampın Suriya üzrə xüsusi nümayəndəsi istefa verdi. Bu Trampı nə dərəcədə zəiflədə bilər?
- Tramp hakimiyyətə gələndə seçici dəstəyinə arxalanırdı, nəinki siyasi istablişmentin güc mərkəzlərinə. Onun siyasətə gəlməsi siyasi istablişment üçün arzuedilməz nəticə idi. Bəli, biz görürük ki, Tramp özünün siyasəti və strategiyasını davam etdirir. Və yenidən ona əvvəl dəstək verən seçiciyə arxalanmağı üstün tutur.

- Rusiya Suriyada qalmaqda davam edir. ABŞ-ın son qərarı Rusiyanı bölgədə gerçək söz sahibinə çevirəcəyi mesajı deyilmi?
- Zahirən elə görünə bilər ki, Rusiya Suriyada daha da güclənəcək, əsas söz sahibinə çevriləcək. Əslində isə, güman etmirəm ki, ABŞ-ın son qərarı Rusiyanın daha geniş hərbi əməliyyatlar aparmaq arzusu üçün şərait yaradacaq. Əksinə, ABŞ-ın son addımının arxasında daha çox sülh və kompromislərlə Suriya problemini həll etmək istəyi olacaqsa, bu zaman danışıqlar sürətlənə bilər. İndi biz daha çox gərginlik görürük. Bu sonda ya arzuedilməz qarşıdurmaya gətirməlidir, hansıki mən güman etmirəm ki, tərəflərdən biri buna üstünlük versin, ya da daha məsuliyyətli danışıqlar aparmaq imkanı yaradacaq.

- Rusiya, İran Bəşər Əsədin hakimiyyətdə qalmasını, ABŞ və Türkiyə isə getməsini istəyir. Yeni yaranan situasiyada Əsədin taleyi necə olacaq?
- Bəşər Əsədin taleyi müəmmalı qalır. Düşünürəm ki, əvvəl-axır Suriyada hakimiyyət dəyişikliyi və ya siyasi sistemin yenidən qurulması qaçılmazdır. Bəşər Əsədin orada qalması, indiki vəziyyətdə mövqeyinin möhkəmlənməsi, hadisələrin Əsədin arxasında duran qüvvələrin qələbəsi kimi yozulması ABŞ siyasəti üçün qəbulolunmazdır. Hesab edirəm ki, bu məsələ qarşıda gözlənilən danışıqlarda mühüm yer tutacaq. Bu məsələnin həlli Suriya hakimiyyətinin yenidən qurulması ola bilər. Güman etmirəm ki, Əsəd öz rejiminin möhkəmlənməsi və yenidən qurulması üçün şərait əldə etsin.

- Sanki ABŞ Suriyada boşaltdığı mövqelərin Türkiyə tərəfindən tutulmasını istəyir görüntüsü var. Türkiyə də öz növbəsində Fəratın qərb sahillərində əməliyyat keçirməyə hazırlaşır. Bu prosesin nəticəsi necə yekunlaşa bilər?
- Fikrimcə, indiyə qədər də Türkiyənin Suriyada keçirdi hərbi əməliyyatlar kifayət qədər ehtiyatlı, məqsədyönlü və bir sıra problemlərin həlli olmasa da, düzənlənməsi ilə nəticələnirdi. Biz gördük ki, Türkiyə əlavə gərginlik yaratmaqdansa, hansısa şərait yaradırdı ki, onun üzərindən hərəkət etsin. Lakin ABŞ birmənalı olaraq Türkiyəni özünə vahid və yeganə müttəfiq kimi seçməyəcək. ABŞ-ın bu regionda maraqlarının ifadəçisi olan Səudiyyə Ərəbistanı da var.

Siz də gördünüz ki, Tramp administrasiyası həm daxili siyasətdə, həm də xarici siyasətdə Riyadla münasibətlərdə çox dözümlülük göstərir. Xüsusilə, son hadisələr-Qaşıqçı cinayəti məsələsində tənqidlərə baxmayaraq, Ağ Ev Riyadla kifayət qədər yaxşı davrandı. ABŞ-ın düşünülmüş siyasətinin nəticəsidir ki, Yaxın Şərqdə onun iki ən yaxın müttəfiqi olan Türkiyə və Səudiyyə arasında gərginlik yaşanır. Qaşıqçı hadisəsindən sonra yaranan durum buna bir misaldır. Bu, Səudiyyə Ərəbistanına mesajdır ki, sən öz maraqlarını diktə edən oyunçu kimi səhnədə qalmayacaqsan.

- Suriyada 40 minlik YPG/PYD silahlı dəstələri var. Onların taleyi, gələcəyi necə ola bilər?
- Əslində nəzərdə tutduğunuz qüvvələrin iddiaları gerçəkliklə ayaqlaşmırdı. ABŞ-ın oradan çəkilməsi bu qüvvələrin iddialarının sıradan çıxması ilə nəticələnə bilər. Lakin bu o demək deyil ki, onlar məğlub olmuş qüvvə olacaq. Bu güc mərkəzinin iddiaları azalsa da, qalmaqda davam edir. Əslində bu oyunu bir qədər də mürəkkəbləşdirir. Suriya danışıqlar prosesinin əhatəli olması üçün bu da bir element olacaq. Bu qüvvələrə dəstəyin tamamilə kəsilməsi ehtimalı azdır. Onlar səhnədə qalmaq üçün müvafiq qaynaqlardan dəstək alacaq.

- Əslində Türkiyə YPG/PYD-yə qarşı əməliyyat keçirməyi planlayır. İndiki yeni siyasi vəziyyətdə Türkiyənin bu qüvvələrlə üz-üzə gəlməsi, böyük müharibə aparması mümkündürmü?
- Düşünmürəm ki, böyük müharibə başlansın. Əgər bu cür siyasi dəyişikliklər nəticəsində Türkiyənin siyasi nüfuzunun artması imkanları genişlənirsə, bu, Türkiyə üçün qazanc, siyasi maraqların daha əsaslı formada təmin olunması deməkdir. Əvəzində isə kompromis belə ola bilər ki, Ankara bu qüvvələrin iddialarının qarşısı alınmış olsa da, onların tamamilə səhnədən silinməsi haqqında düşünməsin, bir qədər dözümlü yanaşsın. Bu ABŞ, Türkiyə və başqa ölkələr arasında kompromis danışıqlar ola bilər.

- Belə iddialar var ki, ABŞ Suriyadan çıxır və əslində bir xarabalığı Rusiyanın öhdəsinə buraxır. Rusiyanın Suriyanı yenidən qurmaq işində böyük pullar xərcləyə bilərmi?
- Biznes düşüncəsi ilə məsələlərə yanaşan prezident ABŞ-a liderlik edirsə, bu kimi fikir və istəklərin ortaya çıxması normalıdır. Tramp hər zaman elan edir ki, ilk növbədə vətəndaşlarımızı, dövlətimizin maraqlarını düşünməliyik. Ancaq bu, o demək deyil ki, ABŞ öz təhlükəsizliyini və nüfuzunun azalmasını nəzərə almamalıdır.

Tramp biznes düşüncəli insan kimi öz əllərini və siyasətini sərbəst saxlamaq, seçim etmək üçün hər zaman geniş imkanları vacib sayır. Ola bilməz ki, ABŞ Suriya probleminin tənzimlənməsindən tam kənarda qalsın. Lakin burada ABŞ məsuliyyəti tam üzərinə götürməkdən qaçacaq, üstəlik sərbəst seçimə üstünlük verəcək. ABŞ sərbəst siyasət aparmağın tərəfdarı kimi çıxış edir.

- Rusların Suriyanın yenidən qurulması, bərpası üçün milyardlarla pul xərcləmək imkanı varmı?
- Hazırda Suriyanın hansı model üzərində bərpasının mümkün olacağını biz bilmirik. Çox güman ki, Suriyanın bərpası prosesində çoxlu dövlətlər, Avropa Birliyinin, beynəlxalq maliyyə strukturları iştirak edə bilər. Burada biznesyönlü layihələr də ola bilər.

Rusiyanın da bu prosesdə iştirakı istisna olunmur. Ancaq sərmayə, yardımlar etməyə Rusiyanın imkanları çatmayacaq. Onlar bərpa prosesində müəyyən qədər iştirak edəcəklər. Yəni ruslar Suriya səhnəsini tərk etməyəcək. Bərpa prosesində müəyyən qədər iştirak edəcək və bu da onun siyasətdə qalmağına əsas verəcək.//teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300