"Ölüm qrupu”ndan necə sağ çıxmalı...

 

Azərbaycan Millətlər Liqasında gözlədiyimiz nəticəni vermədi, Qurban Qurbanovun gəlişi ilə bu komandada dəyişən heç nə yoxsa...

Dekabrın 2-də Avro-2020-nin seçmə mərhələsinin püşkü atıldı. Püşkatmada UEFA-nın üzvü olan 55 ölkənin yığma komandası 10 qrupa bölünüb. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alıb. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

***

Püşk Azərbaycanı çətin rəqiblərlə bir qrupa saldı. Yığmamız Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda yer alıb. Mən buna "ölüm qrupu” deyirəm. "Niyə ölüm qrupumu” deyə sual edirsiz? Çünki bizim üçün indi hansı qrupa düşsək, "ölüm qrupu” kimidir, "sağ çıxmaq” çətin olacaq...

Bu qrupda Azərbaycanın şansı var deyənlər varsa, Allah onların da, milli komandanın da köməyi olsun. "Deməzdim ki, bu, ”ölüm qrupu"dur. Yaxşı nəticəyə ümid etmək olar. Ən əsası inanmaqdır. Hər kəsin öz fikri var. Kimsə fikirləşirsə ki, bizdə hər şey əla alınacaq, bu normaldır. Eyni zamanda əksini düşünənləri də anlayıram. Qrupda birinci, ikinci və üçüncü yerləri tuta bilərik. Hər şey mümkündür". Bunu milli komandamızın üzvü Ramil Şeydayev qol.az saytına açıqlamasında deyib.

Əgər Millətlər Liqasında Maltaya 4 xal verən millidən, Kosovoya 4:0 uduzan milli komandadan danışırıqsa, burada Qurban Qurbanovun köməyi az olar, gərək qurban olduğumun da hər oyunda bu rəqiblərin başına göydən daş yağdıra ki, bəlkə nəyəsə ümid edə bildik. Sərt və ironik mövqe kimi görünə bilər, amma bugünkü reallıq təəssüf ki, belədir. Yox, martadək millidə inqilabi dəyişikliklər olsa-hansı ki, bu devrim deyil ki, yıxıb yerinə yeni rejim qurasan-o zaman sözümü geri götürə, fikrimi dəyişə bilərəm.

Azərbaycan Millətlər Liqasında gözlədiyimiz nəticəni vermədi, Qurban Qurbanovun gəlişi ilə bu komandada dəyişən heç nə yox! Halbuki zaman-zaman ümidləndik də, "qaz” da verdik, motivasiya da. Nəticə isə yoxdur! Qurban Qurbanov nə edə bilərdi ki? Dəfələrlə milli haqda yazanda qeyd etmişik ki, "material” nədirsə, oyun da ondan artıq ola bilməz.

Bu qrupda nə edə bilərik? Hərə bir cür qiymətləndirib: məsələn, millinin baş məşqçisi deyib ki, maraqlı qrupa düşmüşük. Maraqlı? Hə, dünyanın adlı-sanlı klublarında oynayan xorvatlar, slovaklar, uelsliləri Bakıda yenidən görmək doğrudan maraqlı olacaq. Amma biz oyunuları maraqlı edə biləcəyikmi, bax bunun cavabı hələ ki yoxdur. "Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar.

Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq” deyən, baş məşqçimiz onu da əlavə edib ki, rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirmək lazımdır:"Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik”.

Əgər baş məşqçi Xorvatiya millisinin və ya Uelsin ulduz oyunçularının qocalmasına işarə edirsə, belə məsələlərə ümid edə bilmərik. Nəsil dəyişimi baş verir, doğru... Amma gedənlərin yerinə daha güclü və gənc nəsil gəlir. Şuker getdi, yeri boş qalmadı ki...Madjukiç gedəcək yerinə daha güclüsü gələcək. Çünki...futbolu bizim kimi oynamırlar, futbola bizim kimi üstdən aşağa deyil, aşağıdan(uşaq futbolundan) yuxarı baxırlar. Ölkədə idmana bu qədər pul ayrılır, dövlət babanın diqqətindən kənarda deyil, amma bizdən kasıb, bizdən az inkişaf edən, hətta federasiyası 3-4 ildir yaranan komandalar belə bizdən bir baş üstün oynayır. Almeydanı milliləşdirməklə biz uzağa-Avropa və ya dünya çempionatına gedə bilmərik, elə-buralarda qruplarda oynayıb sonra yenə əvvələ qayıdarıq. Gerçəklik nə yazıq ki, bu qədər acı...

***

Başqa məşqçilər də danışıb. Uels millisinin baş məşqçisi Rayan Qiqqz deyib ki, Xorvatiya qrupun əsas favoritidir. Azərbaycan millisi haqda da fikirlərini belə açıqlayıb: "Uzun yol bizi qorxutmur. Azərbaycanda gözəl şərait, yüksək səviyyəli hotellər, yaxşı meydançalar və yeni stadionlar var. Bir sözlə, orada hər şey yaxşıdır. Yəqin ki, Azərbaycana oyundan bir gün əvvəl gedəcəyik. Qalan hər şey gözlədiyimiz kimi oldu”. Zalım oğlu, ölkədən danışıb, komandamız haqda heç nə deməyib. Nə pis, nə yaxşı...

"Qrupun favoriti Xorvatiyadır. Onların xüsusi təqdimata ehtiyacı yoxdur. Dünya çempionatının gümüş medalçısı qrupdakı komandalardan tamamilə fərqli səviyyədədir. Digər yığmalara qarşı isə hər şey özümüzdən asılı olacaq”. Bu sözləri isə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi deyib. Baş məşqçi əlavə edib ki, qrupda rəqibləri xorvatlar və slovakiyalılar olacaq. «Amma Azərbaycanı da zəif rəqib hesab etməməliyik».

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal da Avro-2020-nin seçmə mərhələsində yığmamızın da yer aldığı E qrupunu dəyərləndirib. "Beş komandanın olduğu qrupa düşdük. Buna görə yoxlama matçı da keçirə bilərik. Püşkdən məmnun olmalıyıq. Balanslı qrupa düşmüşük. İspaniya və Almaniyanın yer aldığı qruplar çox güclüdür. Məndə pis hisslər yaranmışdı. Qorxurdum ki, Almaniya ilə eyni qrupa düşərik”-deyə, Pavel Hapal bildirib.

Gözləyək... Marta o qədər də çox zaman qalmayıb.

Nazim SABİROĞLU, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300