Azərbaycanda ayaqqabı biznesi - araşdırma

 

Yerli istehsalı tənəzzüldən çıxarmaq zamanı

Azərbaycanda yüngül sənaye, onun əsas sahələrindən biri olan ayaqqabı istehsalı üzləşdiyi kəskin tənəzzüldən hələ də çıxa bilməyib. Ölkənin ayaqqabı bazarı, demək olar ki, bütünlüklə xarici idxaldan asılıdır. Daxili tələbatın çox cüzi bir hissəsi yerli istehsal hesabına təmin olunur. Bu istehsalın böyük payı aşağı keyfiyyətli və aşağı qiymətli məhsullardan ibarətdir. Düzdür, fərdi emalatxanalarda yüksək keyfiyyətli məhsul istehsal edən fiziki şəxslər var, lakin bu, dəryada bir damlaya bərabərdir.

23 milyardlıq ayaqqabı aləmi

Qeyd edək ki, dünya üzrə ayaqqabı istehsalı ildə 22-23 milyard cüt təşkil edir. Demək olar ki, bütün aparıcı ayaqqabı istehsalçıları Asiya ölkələrində yerləşir, dünyanın tekstil məmulatları və ayaqqabı ixracatçı-lideri isə artıq uzun illərdir Çindir. Dünyada hər iki cüt ayaqqabının bir cütü Çində istehsal olunur. Avropada təxminən 1,2 milyard cüt ayaqqabı istehsal olunur. Orta və yüksək keyfiyyətli ayaqqabı istehsalında isə dünya lideri İtaliya hesab edilir.

Ötən əsrin 60-70-ci illərinədək ayaqqabı istehsalı Mərkəzi Avropa olub. Həmin dövrdən etibarən isə Yaponiya, Şimali Koreya, Tayvan, Honqkonq ustalarının sayəsində mərkəz rolu Asiyaya keçib. Çin ustaları bu prosesə 80-ci illərdə qoşulsalar da, artıq 10 ildən sonra əsas ayaqqabı istehsalçısı adını ala biliblər. Elə o vaxtdan da Çin bu sahədə liderliyini qoruyub saxlayır. Son 20 ildə Meksika və Braziliya da ayaqqabı istehsalı sahəsində böyük irəliləyişlər əldə edə biliblər. Hazırda Cənub-Şərqi Asiya və Cənubi Amerikada dünya üzrə ayaqqabı istehsalının 85 faizi cəmləşib. Proqnozlara görə, 2020-ci ilədək dünya ayaqqabı bazarının dəyəri 372 milyard dollara çatacaq.

Ayaqqabı istehlakına görə dünya liderliyi ABŞ-dadır - ildə adambaşına 7 cüt ayaqqabı. Ardınca isə adambaşına 5 cütlə Almaniya, Yaponiya və Böyük Britaniya gəlir.

Ä°lgili resim

 

İlk ayaqqabı fabrikindən indiyə

Azərbaycanda sovet dövrünədək ayaqqabı fərdi emalatxanalarda istehsal olunub. O zamanlar illik istehsal 200 min cütə qədər olub. Qalan ayaqqabılar Rusiyadan gətirilib. 1925-1926-cı illərdə emalatxanalar ləğv edilərək ilk ayaqqabı fabriki yaradılır. 1943-cü ildə Rostov ayaqqabı fabriki Bakıya köçürülərək, 2 saylı ayaqqabı fabriki kimi fəaliyyətə başlayır. 1980-ci ildə yeni fabrik istifadəyə verilir və 2 saylı fabrik bağlanır. 1953-cü ildə Bakıda 3 saylı modalı ayaqqabı fabriki açılır. 1961-ci ildə isə yüngül idman və ev ayaqqabılarını istehsal edən 4 saylı fabrik işə başlayır. Sovet dövründə hazırlanan plana əsasən, Azərbaycanda ayaqqabı istehsalını 1990-cı ildə 25 milyona, 2000-ci ildə isə 29 milyon cütə çatdırılması nəzərdə tutulurdu.

Azərbaycan müstəqillik əldə edəndən az sonra demək olar ki, bütün ayaqqabı fabrikləri özəlləşdirilib, daha sonra isə fəaliyyətini dayandırıb. Hazırda yerli istehsalı kiçik müəssisələr, emalatxanalar davam etdirir. Dövlət Statistika Komitəsindən sorğumuza verilən cavaba görə, ölkədə 15 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ötən il onların istehsalı cəmi 185,6 min cüt ayaqqabı təşkil edib. Fərdi emalatxanalarla birlikdə istehsal 202,1 min cüt olub. Bu ilin altı ayında isə müəssisələr tərəfindən 67,1 min cüt, fərdi emalatxanalar tərəfindən isə 6,2 min cüt ayaqqabı istehsal edilib. Lakin apardığımız araşdırmalar göstərir ki, bu rəqəmlər real istehsalı tam əhatə etmir. Belə ki, fərdi şəkildə ayaqqabı tikən fiziki şəxslərin istehsalının böyük əksəriyyəti qeydiyyatdan yayındırılır. Eyni zamanda, kölgə iqtisadiyyatının payının yüksək olduğu bir şəraitdə yarımgizli sexlərin, hətta leqal müəssisələrin də istehsal həcminin tam uçota alınmadığı qarşılaşdığımız mənzərədir.

Azərbaycanda ayaqqabı istehsalı ile ilgili görsel sonucu

 

Əhalinin ayaqqabıya olan tələbatının tam və dolğun ödənilməsi üçün elmi cəhətdən əsaslandırılmış normalar işlənib. Səmərəli istehlak normaları istehlakçıların cins-yaş tərkibi üçün müəyyən edilib: bu, kişilər üçün 7 cüt, qadınlar üçün isə 10 cüt təşkil edir. Uşaqlar, məktəblilər, yeniyetmə qız və oğlanlar üçün səmərəli dəst 6 cüt olmalıdır. Azərbaycanda istehsal bu normanın heç 1 faizini belə təmin etmək imkanında deyil.

Yerli istehsalı qurmaq üçün...

Hökumət yalnız ayaqqabı istehsalının deyil, bütövlükdə yüngül sənayenin inkişafına nail olmaq üçün bir sıra addımlar atır. Bunlardan biri də Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları istehsalı müəssisələrinin yaradılmasıdır. Burada həm də illik istehsal gücü 1,5 milyon cüt dəri ayaqqabı olan müəssisənin yaradılması nəzərdə tutulur. Bu müəssisənin yerli xammal əsasında işləyəcəyi gözlənilir. Hələlik müəssisə yaradılmasa da, hökumət ayaqqabı istehsalında mühüm yer tutan gön-dəri xammalının ixracını məhdudlaşdıran addımlar atmağa başlayıb. Belə ki, 2016-cı ildə Nazirlər Kabineti "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə yeni mal mövqeyi əlavə edib. İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikiləməmiş halda Azərbaycandan ixrac edilən zaman hər 1000 kq dəri üçün 500 dollar ixrac gömrük rüsumu müəyyən olunub.

Azərbaycanda ayaqqabı istehsalı ile ilgili görsel sonucu

 

Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yunörtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış, o cümlədən nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla) Azərbaycandan ixrac edilən zaman isə hər 1000 kq dəri üçün 150 dollar ixrac gömrük rüsumu alınacaq. Qərar 5 il müddətində qüvvədə olacaq.

Bundan əlavə, ixracı stimullaşdırmaq üçün 2016-cı il tarixli prezident fərmanı ilə üstü təbii dəridən olan ayaqqabılar, təbii dəridən geyim əşyaları və digər məmulatların ixracı zamanı gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 6 faizi məbləğində ixrac təşviqi ödənilir.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

 

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanda dəri məmulatlarının növləri arasında əsasən ayaqqabı istehsalı geniş yayılıb: "Azərbaycan əhalinin bir nəfərinə düşən ayaqqabı cütünün istehsal həcminə görə MDB ölkələri arasında sonuncu yerləri tutur. MDB ölkələri arasında ilk yerləri bölüşən Belarus və Qırğızıstanda ayaqqabı istehsalının həcmi adambaşına 1 cüt olduğu halda Azərbaycanda əhalinin hər 100 nəfərinə 1 cüt ayaqqabı istehsal olunur".

Aparılmış müsahibələr və müşahidələr göstərir ki, məhdud həcmdə dəri məmulatlarının istehsalında idxal olunan dəri xammalından istifadə olunur:"Bunun əsas səbəbi yerli xammalın keyfiyyətinin lazımi səviyyədə olmamasıdır. Ölkəyə idxal olunan dəri məmulatlarının, o cümlədən ayaqqabıların, dəri geyimlərinin isə keyfiyyəti yoxlanılmır. Bu isə ucuz və keyfiyyətsiz malların ölkəyə yol tapmasına, yerli istehsalı sıxışdırıb bazardan çıxartmasına gətirib çıxarır".

Ayaqqabıların natura ifadəsində istehsalının həcmi ilə bağlı statistik məlumat yerli ayaqqabı istehsalının kəskin azaldığını əks etdirir. 2009-cu ildə 857,8 min cüt ayaqqabı istehsal olunduğu halda 2017-ci ildə 202,1 min cütə qədər azalıb. MDB ölkələri arasında ayaqqabı istehsalının həcminə görə Azərbaycan sonuncu yerləri tutur. Qonşu ölkələr arasında ən çox ayaqqabı Rusiyada istehsal olunur. Bu ölkədə 2015-ci ildə 90,3 milyon cüt ayaqqabı istehsalı olunub. Bundan başqa, Ukraynada 22,3 milyon cüt, Belarusda 9,9 milyon cüt, Qırğızıstanda isə 6,1 milyon cüt ayaqqabı istehsal olunub.

Ekspert bildirir ki, ölkəyə idxal olunan dəri məmulatlarının, o cümlədən ayaqqabıların keyfiyyəti yoxlanılmır:"Sahibkarlar malın qiymətinin ucuz olması üçün xaricdən yüksək keyfiyyəti olmayan mallar gətirirlər. Həmin mallar qiymət baxımından yerli istehsalı sıxışdırıb çıxarır. Ancaq həmin məmulatların keyfiyyətinin aşağı olması sonra istehlakçılarda müxtəlif xəstəliklər yaradır. Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi qərarı ilə dəri məmulatlarına daxil olan ayaqqabılar sanitar nəzarətinə aid malların siyahısına daxil edilsə də, reallıqda ayaqqabılar nəzarətdən kənarda qalıb".

Daxili istehsalın idxal xammalından asılı olmasına rəğmən, yerli xammal ixrac olunur. Rəsmi məlumatlara görə, ötən il Azərbaycandan xaricə 14 milyon 979.06 min dollarlıq emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri ixrac olunub. Bu məhsulların idxalı isə 499 min dollar təşkil edib. Bu ilin yanvar-iyununda isə ixrac 6 milyon 957.68 min dollar, idxal isə 496.58 min dollar təşkil edib. İxracın böyük hissəsi İtaliyayadır.

Azərbaycan ayaqqabını ən çox Çindən idxal edir. Ayaqqabı məmulatlarının 35,4 faizi bu ölkədən gətirilir. İkinci yerdə Türkiyə, üçüncü yerdə İtaliya gəlir. Ötən il Azərbaycana 67 milyon 11.62 min dollarlıq ayaqqabılar, getrlər və analoji məmulatlar, onların hissələri idxal olunub. Bu məhsulların ixracı isə cəmi 331.37 min dollar təşkil edib. Cari ilin birinci yarısında analoji məhsulların idxalı 35 milyon 524.3 min dollar, ixracı isə 84.94 min dollar olub. Maraqlıdır ki, Azərbaycandan ayaqqabıların demək olar ki, hamısı Türkmənistana ixrac olunur.

S.Əliyev qeyd edir ki, ölkədə ayaqqabı istehsalını stimullaşdıran dövlət tədbirləri davam etdirilməlidir:"Bu baxımdan, yüngül sənaye sektorunun, o cümlədən dəri məmulatları sənayesinin inkişafına fokuslaşmış dövlət proqramının qəbul edilməsi vacibdir. Bundan əlavə, idxal olunan dəri məmulatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi və müvafiq milli keyfiyyət standartlarının qəbulu, dəri xammalının ixracını məhdudlaşdıran fiskal tədbirlərin davam etdirilməsi zəruridir. Milli brendlərin yaradılması, tanıdılması və onlara inamın artırılması üçün infrastrukturun, stimullaşdırma və keyfiyyətə nəzarət mexanizmlərinin yaradılması, dəri məmulatlarının rəqabət qabiliyyətini artıran, yüksək enerji, əmək və materialtutumlu istehsalı aradan qaldırmağa imkan verən müasir texniki və texnoloji yeniliklərin ölkəyə gətirilməsinin dövlət tərəfindən stimullaşdırılması da vacib tədbirlərdəndir".

Dünya SAKİT, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300