Jurnalistlər onları imtahan etmək istəyənlərə cavab verdilər

 

Dilçilik İnstitutunun təklifi media cameəsində birmənalı qarşılanmadı

"Əgər təklifimiz qəbul olunsa, Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistlərin, xüsusən teleaparıcıların, internet saytlarında çalışan jurnalistlərin bilik səviyyəsini yoxlaya, məsələn, inşa yazdıra bilər”. Bunu BakuPost-a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"nı hazırlamaq üçün yaradılan İşçi Qrupunun sədri Möhsün Nağısoylu bildirib.

Qeyd edək ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən İşçi Qrupu "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər planında "Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyaların keçirilməsi” barədə bənd də yer alıb.

İşçi Qrupunun sədri onu da deyib ki, daha çox tənqidlərlə üzləşən teleaparıcıların attestasiyadan keçirilməsinə ehtiyac var. Attestasiyadan keçə bilməyən jurnalistlərin taleyinə gəlincə, M. Nağısoylu qeyd edib ki, bu, artıq həmin teleaparıcıların, jurnalistlərin çalışdıqdarı KİV-lərin problemidir.

Media eksperti, tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli bildirdi ki, dilin saflığının qorunması ilə bağlı çox ciddi, fundamental təkliflər olmalıdır. Amma müsahibimiz hesab edir ki, bu, Dilçilik İnstitutunun işi deyil. Q.Məhərrəmlinin fikrincə, attestasiya olsa, öncə Dilçilik İnstitutundan başlanmalıdır: "Hesab edirəm ki, bu istiqamətdəki təkliflər içərisində ən mənasız təklifdir. Bu attestasiyanı keçirən şəxslər dili yaxşı bilməlidir. Məsələn, necə düşünürsüz, sizin ”Yeni Müsavat"da jurnalistləri kim, hansı kriteriya ilə, necə yoxlayacaq? O boyda dövlət qurumunu məzhəkə obyektinə çevirmək olmaz. Ciddi təkliflər olmalıdır".

 

Müsahibimiz xatırlatdı ki, bundan öncə dilin inkişafı ilə bağlı televiziyalarda dil şuralarının yaradılması ilə bağlı təkliflər səsləndi. "Hanı dil şuraları? Vardırsa, nə iş görür” deyə sual edən müsahibimizə görə, bu cür təkliflər diqqəti əsas problemlərdən yayındırmaq cəhdidir və bunu miqyaslı şəkildə düşünmək lazımdır:"Xarici ölkələrin təcrübəsindən istifadə etmək olar. Yoxsa bu cür düşünülməmiş təkliflər irəli sürmək və ilk növbədə jurnalistlərdən başlamaq doğru deyil. Bu, nəyi ifadə edəcək? Hər şey tədrisdən, seçimdən, konseptual məsələlərdən başlanmalıdır. Tamı qoyub, detallarla məşğul oluruq. Bu, metodiki tərəfdən yanlışdır. Saytın, televiziyanın əməkdaşlarını başqa bir qurum işdən kənarlaşdıracaqsa, o zaman onların çalışdığı media qurumları rəhbərlərinin bu işi bilmədikləri ilə bağlı rəy yaranacaq. Ya onlar bu işi bilmirlər, ya da layiq olmayanları efirə buraxırlar. Düşünülmüş, fundamental, bu məsələlərə təkan verən təkliflər olmalıdır. Bu cür cazibədar detallar verib, mahiyyəti ört-basdır etmək olmaz”.

Q.Məhərrəmliyə görə, jurnalist dil qaydalarını, orfoqrafiyanı, orfoepiyanı bilməli və bundan əlavə, içində dil sevgisi olmalıdır. Müsahibimiz bildirdi ki, televiziyalarda yalançı dil şuraları yaradılsa da, televiziyaların dili bərbad səviyyədədir:"Televiziyaların başında dayananlar dili gözəl bilməlidir. Peşəkar olmalıdır ki, efirə çıxan, danışan adamlar da məsuliyyət hiss etsinlər”.

Vüsal Məmmədov ile ilgili görsel sonucu

 

Aznews.az saytının redaktoru Vüsal Məmmədov isə hesab edir ki, bu, hüquqi cəhətdən nonsensdir. Onun fikrincə, Dövlət İmtahan Mərkəzi özəl biznesin işinə qarışa bilməz:"Bunu diplom verməzdən əvvəl eləmək lazımdır. Amma hansısa formada mümkün olsaydı, istərdim ki, əvvəlcə baş redaktorlardan başlasınlar”.

Aparıcı Rövşanə Ağasəfqızı isə bu təklifi yüksək qiymətləndirdi. Dedi ki, müəllimlərin, həkimlərin imtahanla bilik səviyyələri yoxlanırsa, bu, jurnalistlərdən də yan keçməməlidir.

Aparıcı Elçin Əlibəyli ile ilgili görsel sonucu

Aparıcı Elçin Əlibəyli də dedi ki, bu, onun ürəyincə olardı. Müsahibimiz jurnalistlərin inşa yazmasını, şifahi nitqdən imtahan verməsini arzu etdiyini dedi:"Amma mən bu mexanizmi real görmürəm. Mənimçün də maraqlı olar ki, bunlar, ümumiyyətlə, yaza, üzündən oxuya bilirlərmi? Çox yaxşı təklifdir. Hesab edirəm ki, bu gerçəkləşsə, efirin təmizlənməsində yaxşı olar. Düşünürəm ki, burada əvvəldən başlamaq lazım idi. Əvvəlcə attestasiya edib, sonra işə götürmək lazım idi. Necə ki, bu, başqa ölkələrdə baş verir. Amma baş tutsa, əlbəttə, alqışlanası bir hadisədir. Mexanizmin necə olacağını isə təsəvvür eləmirəm”.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300