Ermənistan 261 min hektar meşəmizi məhv edib- XİN

2001-ci ildən etibarən BMT Baş Assambleyası 6 noyabr tarixini Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü elan edib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb.

Bu fikirlər Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 şərq çinarı məhv edilib. Eyni zamanda, bu ərazilərdə "Azərbaycanın Qırmızı Kitabı”na daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib:

"İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən geniş miqyaslı çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb. Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su atında qalması, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır. Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edib.

Azərbaycanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir. İşğal edilmiş ərazilərin təbii sərvətləri istismarı edilən zaman ətraf mühit standartlarına riayət olunmur və nəticədə ətraf mühitə də ciddi zərər vurulur”.

XİN-in açıqlamasında bildirilir ki, beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətlərii istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir:

"Beynəlxalq ictimaiyyət, xüsusilə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə və təbii ehtiyatların, ətraf mühitin istismarına bu və ya digər şəkildə, fiziki və hüquqi şəsxlərinin iştirakı ilə, cəlb olunan ölkələr beynəlxalq hüququn ciddi pozulması halının davam etdirilməsinə hər hansı şəkildə yardım etməkdən çəkinməlidirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300