Qabil Hüseynli: "İranda İraq və Suriyadakı hadisələrin təkrarlanacağını düşünmürəm, amma...”

 

Politoloq: "Cənub qonşumuzda rejim dəyişikliyinə qədər gedə biləcək hadisələr baş verə bilər”

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən başladı. Ekspertlər bildirirlər ki, bu sanksiyalar İran üçün ağır nəticələrə səbəb olacaq. Çünki sanksiyalar əsasən İranın neft, maliyyə və gəmiçilik sektoruna aid ediləcək.

ABŞ-ın hazırladığı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil edilib.

Sanksiyalar İranın neft sektorunu əhatə etməsinə baxmayaraq, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft alışını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib.

Məlumat üçün onu da qeyd edək ki, Tehran öz ixracatının 1,4 milyon barelini Çin və Hindistana tədarük edir. Ümumilikdə İran neft ixracatının 60%-ni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya həyata keçirir. Yerdə qalan neft isə Avropa Birliyi, Türkiyə və BƏƏ-yə ixrac edilir.

Noyabrın 4-də isə minlərlə iranlı "Amerikaya ölüm!” şüarı altında nümayiş keçirib. İran prezidenti Hasan Ruhani nefti satmağa və sanksiyaları pozmağa söz verib. Nümayişlər ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 39-cu ildönümü münasibətilə həmin ərazidə keçirilib.

Bütün bu hadisələrin fonunda rəsmi Vaşinqton bəyan edib ki, ABŞ Tehranın kiber hücumlar, ballistik raketlərin sınağı, Yaxın Şərqdə radikal qruplara verdiyi dəstək də daxil, "düşməncəsinə” fəaliyyətinə son versin.

İranla nüvə sazişinə sadiq qalan beş ölkədən Böyük Britaniya, Almaniya və Fransa sanksiyalara etiraz edib. ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News” telekanalına bildirib:

"ABŞ əmindir ki, İran noyabrın 5-də ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, öz nüvə proqramını yeniləməyəcək”.

Hazırkı məqamda yuxarıda da qeyd etdiyimiz kimi, bir neçə ölkə İrana qarşı sanksiyalardan kənara qalıb. Lakin ekspertlər bildirirlər ki, onların kənarda qalması belə, İran iqtisadiyyatını ABŞ sanksiyalarından sığortalamır.

"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli söyləyib ki, Amerika çox riskli oyun oynayır:

"Təəssüf edirəm ki, Amerikanın bu oyunu oynamasına müəyyən qədər də İranın siyasi rəhbərliyi şərait yaradır. Məsələn, Ruhani elə tonda danışır ki, sanki zəfər çalmış bir ölkənin prezidentidir. Xamneyi də 40 ildir ki, Amerikanın onlarla mübarizə apardığını və nəticədə İranın qalib çıxdığını bildirir. Siyasət və diplomatiya kompromislər sənətidir. Bu sənətdə də mütləq ölkənin, millətin taleyini düşünərək çalışmaq lazımdır ki, fəlakətin qarşısını alasan. Lakin biz görürük ki, tərəflərin heç biri geri addım atmır. Xüsusilə də İranın geri addım atmaması xeyli təəccüblüdür. Çünki bu məsələdə kompromisə meylli ölkə kimi İran çıxış etməlidir. Bir sıra dünya dövlətləri İranın kompromisə meylli olduğunu görən kimi dərhal bu ölkəni müdafiə etməyə başlayacaqlar. Xüsusilə də Avropa ölkələri bu cür addım ata bilərlər. Lakin İranın ritorikası vəziyyəti daha da gərginləşdirir. Bu baxımdan Amerikanın geriyə çəkiləcəyi gözlənilmir. O cümlədən də İranla bağlı da bu, belədir. Ancaq sanksiyalar başlayan təqdirdə İranı çox ağır günlər gözləyir. 80 milyondan çox əhalisi olan bir ölkəni yedirib-içirmək, onların maddi rifahını təmin etmək bu cür sanksiyalar şəraitində çox çətin olacaq. Əhali də uzun müddətdir ki, mövcud rejimdən narazıdır və Ruhaninin hökumətinin fəaliyyətindən də razı deyil. Üstəlik də ölkədə milli, dini ayrılığı körükləyən müəyyən hadisələr baş verir. Bu zəmində də əhalinin etirazları alovlana bilər”.

Politoloq söyləyib ki, Amerika halından məmnundur və onun Avropanı da fikrindən döndərmək şansları yaranıb:"Bəllidir ki, Avropa bir zamanlar bu sanksiyalara qarşı etiraz edirdi. Xüsusilə də Almaniya və Fransa bu məsələlərdən narazı idi. Artıq onlar da Amerikanın dediklərinə əməl etməyə başlayıb, öz şirkətlərini İranın ərazisindən çıxarırlar. Belə bir şəraitdə İranda hər şey ola bilər. Əvvəla, İranda sosial etirazların baş qaldıracağını təxmin edirəm. Xüsusən də bu etirazların rejimin çökməsinə gətirib çıxaracağı qənaətindəyəm. Bundan sonra əlbəttə ki, İranda hakimiyyət mövqelərini təhvil verə, ölkə tamamilə yeni bir rejimə keçə bilər. Əgər bu hadisələr ağrısız ötüşə bilsə, İraqdakı, Suriyadakı hadisələr təkrarlanmasa, o zaman fərqli yanaşmaq olar. Doğrusu, İranda, İraq və Suriyadakı hadisələrin təkrarlanacağını düşünmürəm. Çünki İran əhalisinin mədəni, intellektual səviyyəsi o xalqların səviyyəsindən xeyli yüksəkdir. Eləcə də İranın dövlətçilik tarixi də çox qədimdir. Bu baxımdan güman edirəm ki, İranda ən çoxu rejim dəyişikliyinə qədər gedə biləcək hadisələr baş verə bilər. Bundan sonra İran-Amerika münasibətlərinin normal zəminə oturması mümkündür”.

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300