RÜFƏT MURADLI

Biz ölkəni necə bütövləşdirməliyik? - Etnik, milli düşüncədən Vahid dövlət fəlsəfəsinə

Nədir bütövləşmə?

Vahid Dövlət fəlsəfəsi anlayışı hansı şəkildə xarakterizə olunur?

Etnik, milli fərqliliklər Vahid Dövlət fəlsəfəsi baxımından necə dəyərləndirilməlidir?

Yəqin inkar etmərik ki, mövcud reallığımızda bu suallar əksəriyyətimiz üçün hələ də düşündürücü olaraq qalır. Ona görə bu mövzuya müraciət etməyi vacib bildik və yazıda da əsasən bu suallara cavab tapmağa çalışacağıq.

Gələn 2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiriləcək. Ən son siyahıyaalma isə 2009-cu ildə baş tutub. Həmin il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirilən siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini və ana dilini özü müəyyən edib. Uşaqların milliyyəti və ana dili valideynlərin dediklərinə əsasən yazılıb. Beləliklə, Azərbaycanda əhalinin milli tərkibi ilə bağlı ən son rəsmi məlumat belə olub:”Azərbaycanlılar ( bundan sonra Azərbaycan türkləri ya türklər kimi yazılacaq) - 8 milyon 172 min 800 nəfər ( 91%); ləzgilər - 180 min 300 nəfər (2%); ermənilər - 120 min 300 nəfər(1,3%); ruslar - 119 min 300 nəfər (1,3%); talışlar- 112 min nəfər (1,3%); avarlar - 49 min 800 nəfər(0,6%); türklər - 38 min nəfər( 0,4%); tatarlar- 25 min 900 nəfər (0,3%);tatlar- 25 min 200 nəfər( 0,3%); ukraynalılar - 21 min 500 nəfər(0,3%); saxurlar-12 min 300 nəfər(0,1%); gürcülər- 9 min 900 nəfər (0,1%);yəhudilər- 9 min 100 nəfər( 0,1%); kürdlər - 6 min 100 nəfər (0,1%); qrızlar - 4 min 400 nəfər( 0,04%); udinlər - 3 min 800 nəfər (0,04%); xınalıqlar - 2 min 200 nəfər(0,02%); digər millətlər - 9 min 500 nəfər(0,1%).
Ötən 9-10 il ərzində də demək olar ki, faiz nisbətində ciddi dəyişikliyin olacağı gözlənilmir. Sonuc olaraq deyə bilərik ki, ölkədə yaşayan etnik və milli azlıqlar (ermənilər istisna olmaqla) ölkəmizin milli palitrasına hər zaman xüsusi rəng qatmaqla yanaşı sayı ölkə əhalisinin 90 faizindən çox olan Azərbaycan türklərinin kənarında bu vətənin istər bayrağı, istər ərazi bütövlüyü, istərsə də digər maddi-mənəvi dəyərlərinin qorunmasında hər zaman öncül olmuşlar. Rəsmi qaynaqlara görə hazırda ölkədəki əksər azsaylı xalqların öz maddi mənəvi mədəniyyətini yaşatmaq və inkişaf etdirmək üçün müvafiq qurumları var. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyətini göstərmək olar. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir. Bir də bu müxtəlifliyin, fərqliliklərin təbii olaraq özünün mövcudluğu ölkəmiz, vətənimiz üçün başqa bir müsbət xüsusiyyət olmaqla tolerantlıq üçün də önəmli əsasdır. Fərqli millətlər bir birlərini öyrənməklə, öz dəyərlərini yaşatmaq və digərlərinin dəyərlərinə də sayğı göstərməklə Vətənimizin ( bu yazıda Azərbaycanın quzeyi nəzərdə tutulur) vahidliyini təmin edə bilərlər. Necə ki, Quranın Hucurat surasində də insanların müxtəlif qəbilələrdən yarandığı, lakin bunun heç bir üstünlük yaratmadığı qeyd edilir. Yəni bu fərqliliklər hətta tanrının müqəddəs kitabında belə öz əksini taparaq, müsbət baxışdan dəyərləndirilmişdir. Bizim ölkəmizdə də azsaylı xalqlarla bağlı heç zaman ayrıseçkilik müşahidə edilməmişdir. Belə ki, Əsas qanunumuzda bütün Azərbaycan vətəndaşları üçün nəzərdə tutular əsas hüquq və azadlıqlar Azərbaycan türkləri kimi bütün azsaylı xalqların nümayəndələrinə aid edilib. Qeyd edək ki, ölkəmizdəki etnik milli qrupların böyük bir qismi Azərbaycan türkləri ilə qaynayıb-qarışıb və artıq adət-ənənələr, məişət, yaşam tərzində elə bir ciddi fərq qalmayıb. Üstəlik din eyniliyi də bu millətləri bir-biriinə daha çox yaxınlaşdırıb.Son illərdə ölkəmizdə multikultural dəyərlərlə bağlı həyata keçirilən fəaliyyətlərə gəldikdə isə demək lazımdır ki, multikulturalizm bizim xalqımızın artıq genetik yaddaşında hakim olan dəyərdir. Əsrlər boyu istər Azərbaycanın quzeyində, istərsə də güneyində hakim zümrə türklər olsa da, heç bir azsaylı xalqa qarşı milli ayrıseçkilik müşahidə olunmayıb. Yəni bizim multikulturalizm düşüncəmizin köklərinin dərin tarixi vardır. Bunu da qeyd etməliyik ki, hətta Sovetlər dönəmində də ölkəmizdə milli dini ayrıseçkilik müşahidə olunmayıb. Ötən əsrin 80-ci ilərinin sonlarında isə mənzərə bir az dəyişdi. Həmin dönəmdə keçmiş SSRİ-də baş verən hadisələr fonunda bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları Azərbaycan ərazisində yaşayan milli-etnik qrupları separatçılığa cəlb etməklə ölkəmizdə etnik-milli qarşıdurma yaratmağa çalışıb. Bunun bariz nümunəsi kimi Dağlıq Qarabağda yaşayan erməniləri misal göstərmək olar. Lakin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hədəf alan yabançı qüvvələr 90-cı illərin əvvələrinə ölkəmizdə uzun illər Azərbaycan türklərilə yanaşı , heç bir ayrıseçkilik müşahidə etmədən yaşayan milli azlıqlara mənsub bir sıra qrupları təşkilatlandırmağa çalışdılar. Bu məsələ ötən zaman kəsiyində öz həllini tapsa da, təəsüflər olsun ki, bu günümüzdə də etnik milli zəmində, özündə separatçı mahiyyətli fikirlərin yer aldığı çağırışlara adda budda rast gəlirik. Unutmayaq ki, Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğu 90-cı illərin əvvəllərində, daha korrekt desək 1992-ci ildə qəbul edilən qanunlardan biri də məhz milli azlıqların hüquqlarının qorunması ilə bağlı olub. Təəsüf ki, sonrakı dönəmlərdə və bu günümüzdə də bu məsələ ilə bağlı fərqli fikirləri eşitdik və eşitməkdəyik. Elə isə mövcud durumda etnik milli fərqliliklər nöqteyi nəzərindən ölkəmizin bütövlüyününü necə təsəvvür edirik? Bununla bağlı konkrat olaraq dövlət siyasəti necə olmalıdır?

Yuxarıda Dövlət statistika Komitəsinin məlumatını qeyd edərkən azərbaycanlılar ifadəsinin bundan sonra Azərbaycan türkləri kimi yazılacağına işarə etdim. Əslində bu "işarə” elə vaxtilə ölkəmizdə etnik müstəvidə yaşanmış və hazırda da ara sıra eşidilməkdə olan bəzi anlaşılmazlıqların mənbəyinə işarə edir. Çünki, 1995-ci ildə ölkəmizin Əsas qanununda Azərbaycan Respublikasında əhalinin 90 faizdən artığını təşkil edən türkləri "azərbaycanlı” adlandırmaq kökündən yanlış addım oldu. Şübhə yoxdur ki, bu addımın arxasında müəyyən siyasi niyyət və hədəflərin olması istisna deyildi. Amma etiraf edək ki, həmin niyyət və hədəflər bu gün toplumda özünü nisbətən gizli biruzə verən milli sorunların dərinləşməsinə rəvac verdi. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi əksəriyyəti özündə ehtiva edən türklərin də öz adı ilə çağırılması onların təbii haqqı sayılmalıdır. Halbuki görünən real tabloya əsaslanıb deyə bilərik ki, bu ölkədə 1995-ci ildən üzü bəri ən çox milli haqqı tapdanan elə Azərbaycan türkləri olmuşdur. Öz adı ilə çağırılmamaq kimi bir faciəni yaşayaraq. Elə isə türklərin bu problemi yaşadıqları təqdirdə azsaylı xalqların bəzi nümayəndələrinin etnik milli ayrıseçkilik haqqında səsləndirdikləri bəyanatlar nə dərəcədə haqlı və adekvatdır?! Yəqin kimsə dana bilməz ki, Sovetlər dönəmində qabardılmayan azsaylı xalqlar problemi məhz SSRİ-nin çöküşü ilə aktiv fazaya keçdi. Ayrı ayrı postsovet respublikalarında separatçı hərəkatların baş qaldırması bilavasitə Sovet İttifaqının saxta beynəlmiləlçi ideyalarının puçluğunu ortaya qoymaqla yanaşı yenicə ayaq tutmağa çalışan dövlətlərin də birbaşa Kremldən asılılığını saxlamaqda mühüm amil oldu. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimlərin formalaşması prosesi bu iddianı təsdiq edir. Şübhəsiz öncədən həmin rejimlərin əhalisində də müstəqil dövlət yaratma meylləri cücərdilmişdi. Amma etnik milli separatçılıq gerçəkdən müstəqil dövlət yaratmağa nə dərəcədə kömək edə bilər? Dünya təcrübəsi, özəlliklə biz də daxil olmaqla çağdaş dönəmdə məntəqəmizdə baş verənlər etnik milli düşüncə ilə hər hansı müstəqil dövlətin formalaşması iddiasını təkzib edir. Elə isə bugünkü Dağlıq Qarabağa, Abxaziyaya müstəqil dövlət deyə bilərikmi? O rejimlərin dövlət olaraq rəsmən tanınması mümkündürmü? Sivil dünyanın öz sərhədlərini açmağa, genişləndirməyə doğru getdiyi bir dönəmdə yenidən dünya xəritəsində cırtdan dövlətlərin yaranması məqbul sayıla bilərmi?! Yəqin opponentlər haqlı olaraq ötən onilliklərdə Balkanlarda baş verənləri xatırlatmaqla bu fikirlə razılaşmaya bilərlər. Düşünürəm ki, Balkanlardakı qanlı olayların üstündə iki onillik keçəndən sonra bu gün çağdaş dünya düzəni İspaniyada katalonlara, Böyük Britaniyada şotlandlara yeni dövlət qurumu yaratmaq üçün yaşıl işıq göstərmirsə, demək,bizim coğrafiyada da analoji halların baş verməsində maraqlı deyil. Orta Şərqdəki proseslər isə fərqli kontekstdən dəyərləndirilə bilər. Nə qədər səmimi ya qeyri səmimi səslənsə də sivil dünya üçün demokratikləşmə əsas prioritetlərdən biri kimi göstərilir. Düşünürəm ki, burada demokratikləşmə baxışı ilə də milli məsələyə nəzər salmaq maraqlı olar. Çünki bizim ölkəmizdə də milli azlıqlara mənsub olan, bəlkə də olmayan bəzi ünsürlər məhz insan haqlarının tapdanması bəhanəsilə separatçı düşüncələri yaymağa çalışıblar. Bu tendensiya bu gün də istisna deyil. Vaxtilə beynəlxalq təşkilatlar belə milli-etnik qrupların hüquqlarının pozulması haqqında bəyanat səsləndiriblər. Amma ortada inkarolunmaz bir fakt var – ölkəmizdə milli zəmində münaqişə ocağının yaranması üçün ciddi narahatlıq doğuran səbəblər yoxdur. Amma bu da faktdır ki, Azərbaycanda milli-etnik zəmində problemlər yaratmağa cəhd edən agentura şəbəkəsi və qonşu dövlətlərin xüsusi xidmət orqanları var. Bunu nə qədər gizlətmək istəsək də, həqiqəti dana bilmərik. Ancaq kimsəyə sirr deyil ki, Azərbaycanda milliyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, ayrı-ayrı vətəndaşların haqları məmurlar tərəfindən tapdanır, lakin bu hüquq pozmaları heç bir halda hər hansı bir milli mənsubyyətə dörə deyil, idarəetmənin mahiyyətindən irəli gəlir.

Azərbaycan vətəndaşı olaraq, Tovuzda və Lerikdə yaşayan bütün əhalinin problemləri eynidir. Bu problemlərin həll olunmaması bu ərazidə türklərin, digərində isə talışların ya ləzgilərin yaşaması ilə bağlı deyil.

Bəs dövlət bu yöndəki problemləri aradan qaldırmaq üçün nə etməlidir?

Yuxarıda da qeyd etdik ki, Azərbaycanın mövcud Konstitusiyası hər kəsə öz milliyətini ifadə etmək hüququ verir. Çox təəssüf ki, yalnız Azərbaycan türklərinin hüquqları Anayasada tətbiq edilməyib. Azərbaycan türklərinin "azərbaycanlı” adlandırılması bu yöndə bir sıra problemlər yaradır. Sovet dönəmində talış, ləzgi, türk, avar, bir sözlə hamı azərbaycanlı kimi göstərilirdi. Bu gün separatçılar və bəzi milli-etnik qrupların nümayəndələri iddia edirlər ki, müxtəlif bölgələrdə yaşayan azsaylılar sənədlərdə "azərbaycanlı” kimi göstərilib. Guya bu gün də bu proses davam edir.

Bu faktla da onlar öz sayları barədə şişirdilmiş rəqəmlər təqdim edirlər. Bunun qarşısını almaq və həqiqəti üzə çıxarmaq üçün hər bir millətə adını sərbəst göstərməyə şərait yaradılmalıdır. O cümlədən, Azərbaycanın mövcud Konstitusiyasına dəyişiklik edilərək, dövlət dili Azərbaycan dili yox, "Azərbaycan-Türk dili”, millətin adı isə "Azərbaycan türkü (və ya türk)” kimi göstərilməlidir. Əhali siyahiya alınarkən hər kəsin milli mənsubiyyəti haqqında ictimaiyyət dəqiq məlumatlandırılmalıdır. O zaman heç kəs iddia edə bilməyəcək ki, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər əhalisinin əksəriyyətini kürdlər, Quba, Şabran, Xaçmaz, Qusar rayonlarının əhalisinin böyük çoxluğunu ləzgilər, qrızlar, tatlar, Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Yardımlının isə əksəriyyətini talışlar təşkil edir. Yalnız bundan sonra Azərbaycanın əhalisinin milli tərkibi barədə obyektiv informasiya əldə etmək olar.

ÜMİD Partiyası olaraq həm də düşünürük ki, Azərbaycanda yaşayan bütün azsaylı xalqların nümayəndələri üçün orta məktəblərdə 6-cı sinifə qədər öz ana dillərində təhsil alma imkanları yaradılmalıdır. Bununla bağlı ölkənin Təhsil Nəzirliyi müvafiq dərslikləri hazırlayb azsaylı xalqların kompakt yaşadığı bölgələri təmin etməlidir.

Azərbaycanda ədalətli məhkəmə, demokratik sistem mövcud deyil. Ona görə də kimin haqlı, kimin haqsız olduğu bilinmir.

Azərbaycanda ədalətli məhkəmə sistemi fəaliyyət göstərsə, siyasi məhbus məsələsi həll olunsa, insanlar baxışlarına görə deyil, cinayətlərinə görə ittiham olunsa, bu kimi probelemlər dərhal aradan qalxar. Məhkəmə sistemi o qədər sifarişlə qərarlar qəbul edir ki, hətta onun haqlı hökmü də şübhə doğurur. Ona görə də cəmiyyət demokratikləşməli, hakimiyyət bölgüsü dəqiq həyata keçirilməli, azad cəmiyyət qurulmalıdır. Məhkəmənin azad olduğu və qərəzsiz hökm çıxardığı ölkədə kimsə separatçılığı dəstəkləməz. Dövlət Milli Təhlükəsizlik Doktrinası qəbul etməli, bu sənəddə dövlətin müdafiəsi üçün bütün incəliklər nəzərə alınmalıdır. Bu gün Azərbaycanda milli etnik münaqişələr yoxdur, lakin cəmiyyətin qeyri-demokratikliyi, azad, demokratik seçkilərin keçirilməməsi, insan haqlarının pozulması, sosial ədalət prinsipinin gözlənilməməsi, yeni milli-etnik münaqişələrə rəvac vermək istəyənlərə, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının əlinə münbit imkanlar vermiş olur. Bir daha təkrarlayırıq ki, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları bu məsələdə çox maraqlıdır. Bütün bunları nəzərə alaraq, demokratik cəmiyyət quruculuğunda köklü və əsaslı addımlar atılmalı – dilindən, dinindən, irqindən asılı olmayaraq, vətənə sədaqət kimi Konstitusiya maddəsinə əməl etməyi hamıdan tələb etməliyik. Qeyri-demokratik, ədalət prinsipinin olmadığı cəmiyyətdə cinayətkar belə haqlı görünür. Bütün bunlara hamının haqqını tanımaqla və hamıdan Azərbaycan dövlətinin vahidlik prinsipinə əməl etməyi tələb etməklə son qoymaq olar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300