Bizim ruscamız, onların azərbaycancası

 

Uşağını "ruskiy sektor”da oxutmaq istəyənlər də daxil, çoxu şirə-pələngə dönüb son günlərdə. Nəymiş? Xarici işlər naziri Azərbaycan dilində bərbad danışırmış, cümlələri baş-ayaqmış, fikirləri anlaşılmırmış. Guya yenilikdi. İllərdir bunu bilir, eşidir və yazırdıq. Ümidlərimizi də çoxdan itirmişdik. Nazirin doğma dilimizdə qüsursuz, səlis danışa biləcəyi ehtimalını artıq sıfırlamışdıq. Şair demiş, o halda, bu nə hirs, nə cəlal?

Hər yeni dərs ilinin əvvəlində aləm dəyir bir-birinə. Uşağını rus bölməsində oxutmaq istəyən valideynlər direktor kabinetinin qabağında az qala bir-birinin başını yarır, qanını tökürlər. Siniflərdə uşaq sayı 30-u keçir, amma valideynlər durub dincəlmirlər. "Təki Nadejda İvanovnanın sinfində oxusun...” hesabı israr ərşə çıxır. Baxmayaraq ki, indi rus bölmələrində dərs deyənlər Sovet dövrü məktəblərindəki kimi xalis ruslar, yəhudilər deyil. İndikilər də aydan-aya direktorun haqqını ödəyir, sinif otağını kirayəyə götürür, uşaqlardan pul yığır. Amma tək fərqlə: rus dilində... İndi bu valideynlər tipindəki, beynindəki vətəndaşlar nazirin danışığını hoydu-hoyduya götürür. Nə haqla? Sizin də uşaqlarınız böyüyüb-böyüyüb Elmar Məmmədyarov kimi danışmayacaq? Cümlələri rusca düşünüb, sinxron şəkildə Azərbaycan dilində deməyəcək? Axı siz onda fəxr edəcəksiz. Uşaq "ruskoyazıçnıdı” deyib qabaracaqsız. Yəni, vəzifənin nə önəmi var? Bank işçisi də doğma dildə danışmağı bacarmalıdır, ayaqqabı ustası da, məmur da. Qovğamız ana dilimizə olan sayğı deyilmi?

Özüm dəfələrlə bunun şahidi olmuşam. Ağbəniz, azacıq da sarışın oldunmu, dükanda, kafe-restoranda birbaşa rus dilində müraciət edirlər. Sən ağzını açmamış özü də... Qayıdıb Azərbaycan dilində cavab verirsən, reaksiya dəyişmir. İsrarla rus dilində cavab gəlir. Sanki demək istəyirlər ki, sən bilmirsən e hansı dildə danışmalısan, biz özümüz qərar verərik. Şəhərin mərkəzi kafelərindən birində bir dəfə məhz bu söhbətə görə davaya çıxmışdım. Ofisiant xanım "iki pizza, iki sok” sifarişimi israrla rus dilində deməyimi tələb edirdi. Arqumenti də bu idi ki, başa düşmür. Administratoru da işə qatandan sonra xanıma anlatdım ki, pizza və sok sözlərini anlamaq üçün Azərbaycan dilini mükəmməl bilməyə ehtiyac yoxdu. "İki” sözünün nə anlama gəldiyini isə bir zəhmət öyrən. Problem həll olundu olunmasına, amma yemək onu yemədən öncə zəhərə döndü sayələrində.

İndi baxıram, nazirin atasından bu məsələyə münasibət öyrəniblər. Jurnalistikanin gözəl nümunəsidir, alqışlayıram. Amma adamı gerçəkdən heyrət götürür. Yaşı hardasa 60-a dirənən adamın atasından "oğlunuz niyə Azərbaycan dilində yaxşı danışa bilmir” deyə soruşurlar. O da izahat verir: filan vaxt ingilis dilində təhsilini mükəmməlləşdirdi və sair və ilaxır. Halbuki o, artıq onun oğlu deyil, bir ölkənin naziridir, onun ailəsini yox, bütün bir ölkəni təmsil edir. 80 yaşlı atanın valideyn iclasına gəlmiş kimi izahatı nə dərəcədə bizi, sizi maraqlandırmalıdır? Lənət şeytana, bu ölkənin xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, kitabları satış rekorduna çatan Çingiz Abdullayev danışanda hamımızın tərcüməçiyə, izahatçıya ehtiyacımız olmurmu? Əcəba nə demək istədi? Rusca düşünüb, Azərbaycan dilində danışanların əksəriyyətində bu hal özünü göstərir: baş-ayaq cümlələr və mənsub olduğu bölgənin ləhcəsi. Universitetdə dilçilik üzrə bizə dərs deyən bir müəllimimiz deyirdi ki, bütün rusdillilər Azərbaycan dilində danışanda hansı bölgədəndilərsə, ata-anaları hansı ləhcədə danışırsa, o ləhcədə də danışırlar. Çingiz müəllim Bakı ləhcəsində danışır, Elmar Məmmədyarov da həmçinin.

Bu günlərdə bir videorolik yayıldı. Bəzi nazirlərin ingilis və rus dilində rəsmi tədbirlərdə necə danışdıqları parodiya olunurdu. Keçmiş nazir Polad Bülbüloğlu, eks Bakı meri Hacıbala Abutaıbov ingilis dilində məzəli danışırdılar, bəzi məmurlar rus dilində... Biz də baxıb-baxıb gülürdük. Halbuki Hacıbala müəllimin Azərbaycan dilində danışdıqları da gülməlidir. "İçinizdəki şeytanı qovun” deyir onu hər tənqid edən jurnalistə. Xalis Azərbaycan dilində. Yanına gələn şikayətçilərə bir telefon nömrəsi verir, "bu, mənim şəxsi nömrəmdir, istədiyiniz vaxt zəng edin” deyir, sonra da məlum olur ki, bu nömrə ümumiyyətlə, işləmir. Bunu da doğma dilimizdə deyir. Polad müəllim həmçinin. Zamanında müavini ilə yola getmirdi deyə bir çox sahələr baxımsız qalmışdı, Azərbaycan dilində mədəniyyət ocaqlarının anasını ağlatmışdı... Amma rusca "Dolalay” oxuyurdu. Demək ki, nəymiş? Dilimiz gözəlmiş, özəlmiş, amma onda doğruları danışanda, həqiqətləri səsləndirəndə. Dilimiz qorunmalıymış. Amma təkcə nazir yox, uşağını rus bölümünə soxuşdurmaq istəyən valideyn səviyyəsində. Yəni, birinci daşı günahı olmayan atsın, sonra danışarıq...

 

Sevinc TELMANQIZI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300