vp qazet

"Müsavat Partiyası seçkini pozmaqda ittiham olunub"

Parlament seçkilərinə bir gün qalmış beynəlxalq medianın diqqəti Azərbaycandakı seçkiqabağı vəziyyətə yönəlib. Ölkəmizdə parlament seçkilərinin insan haqlarının pozulduğu, həbsxanalarda onlarla siyasi məhbusun olduğu bir vaxtda keçirilməsindən bəhs edən məqalələr ABŞ mediasında da yayımlayıb. "Associated Press”in hazırladığı və "The Washington Post”a "Azərbaycan Qərbin tənqidləri fonunda parlament seçkiləri keçirir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

Xəzərin sahilində yerləşən, neftlə zəngin Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq-müdafiə təşkilatlarının kəskin tənqidləri fonunda keçirilir. Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini ölkədə söz azadlığını məhdudlaşdırmaqda ittiham edir.

Azərbaycan hökuməti ATƏT-dən seçkiyə göndərdiyi müşahidəçilərin sayını azaltmağı tələb etdiyindən, təşkilat ümumiyyətlə, bu seçkini izləməkdən imtina edib.

ATƏT bəyan edib ki, müşahidəçilərin sayının məhdudlaşdırılması səsvermənin effektiv müşahidəsini və prosesə nəzarəti mümkünsüz edir. Sovet İttifaqının dağılması ilə 1991-ci ildə müstəqillik qazanandan sonra Azərbaycanda ilk dəfədir ki, ATƏT bu ölkədə seçkinin müşahidəsini həyata keçirməyəcək.

İlham Əliyev hökuməti ölkədə fərqli fikrə dözümlü yanaşmadığına, demokratik standartlara cavab verən seçkilər keçirmədiyinə görə uzun müddətdir ki, Qərbin tənqid hədəfi olur.

Parlament seçkisində 767 namizəd 125 deputat yeri uğrunda mübarizə aparır.

Bəzi aparıcı müxalifət qrupları seçkini boykot edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli rəhbərlik etdiyi təşkilatın seçkidə iştirakdan imtinasının səbəbini əsaslandırarkən bildirib ki, ölkədə demokratik seçki keçirilməsi üçün əlverişli siyasi mühit və hüquqi baza yoxdur.

Aparıcı müxalifət partiyası Müsavat bu həftənin çərşənbə günü seçkidən çəkildiyini bəyan edib. "Biz tələb edirdik ki, hakimiyyət demokratik şərtlər və bütün siyasi qüvvələr üçün bərabər imkanlar yaratsın. Seçki təxirə salınmalıdır”, – deyə Müsavatın lideri Arif Hacılı bildirib.

Hacılı qeyd edib ki, Müsavatın 73 deputatlığa namizədindən yalnız 24-ü qeydə alınıb.

Amma Mərkəzi Seçki Komissiyası Müsavatın seçkidə iştirakdan imtinasını qəbul etməyib. Bildirilib ki, belə qərar vermək üçün çox gecdir. Partiya seçkini pozmaqda ittiham olunub. Bununla belə, Müsavatın bir neçə namizədi bildirib ki, partiya rəhbərliyinin qərarına baxmayaraq, onlar seçkidə iştirak edəcəklər.

"Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda parlament seçkisi öncəsi hakimiyyəti davamlı olaraq, ölkədə ifadə azadlığını boğmaqda ittiham edir. Bu təşkilatın iki əməkdaşı Azərbaycana gəlmək istəyərkən hava limanında saxlanılıb və bu ölkədən deportasiya olunub.

"Amnesty İnternational”ın məlumatına görə, Azərbaycan həbsxanalarında ən azı, 20 nəfər vicdan məhbusu var. Onlar dələduzluqdan tutmuş, vətənə xəyanətə qədər müxtəlif saxta ittihamlarla məhkum olunub.

"Azərbaycan hökuməti insan haqlarının müdafiəsilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməli, bütün vicdan məhbuslarını dərhal azadlığa buraxmalıdır. Eyni zamanda, vətəndaş cəmiyyəti fəallarına, o cümlədən hüquq müdafiəçilərinə qarşı təqib və təzyiqlərə son qoymalıdır”, – deyə "Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya bürosunun direktor müavini Denis Krivoşeyev bildirib.

"Amnesty İnternational” onu da qeyd edir ki, Azərbaycandakı müstəqil hüquq-müdafiə təşkilatlarının böyük əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Həmin təşkilatlarının rəhbərləri olan tanınmış hüquq müdafiəçiləri ya həbs olunub, ya da ölkəni tərk etməyə məcbur olub. Bu repressiyaların nəticəsi olaraq, fəallar ölkədə insan haqlarının pozulması faktlarından danışmağa ehtiyat edir. Azərbaycanda demək olar ki, müstəqil media yoxdur. Dövlətin nəzarətində olan media orqanları isə hökuməti tənqid edənləri qaralamaqla məşğuldur.

Azərbaycan hökuməti bu cür məsələlərlə əlaqədar ünvanına səslənən tənqidləri əsassız hesab edir. Prezident Əliyevin köməkçisi Əli Həsənov bildirib ki, səsvermə demokratik və şəffaf keçiriləcək.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300