Bakıda məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub - Fotolar

 

Bakıda məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)musavat.com-a verilən məlumata görə, oktyabrın 22-si saat 12:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 oktyabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, 21 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 16 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, orta məktəbin zirzəmisinə, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 5,237 ədəd partlamamış hərbi sursat, 1 ədəd silah, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 386,343 kv.m ərazi yoxlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300