Fərdin və toplumun sağlamlıq reseptorları

 

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə düşünmək, fikirləşmək, ibrət götürmək neməti əta edib. Yaşadığımız dünya, hər günümüz ibrətlərlə doludur. Düşünən insan bu ibrətləri görmək, təhlil etmək, öz həyat proqramı üçün tətbiq etmək qabiliyyətinə malik olmalıdır.

Fərd və toplum üçün sağlamlıq meyarı

Hər toplumun bəlli əxlaqi davranışları var. Həmin əxlaqi davranışlarla toplumun vəziyyətinin nə yerdə olmasını ölçmək olar. Misal üçün, bir fərdin vəziyyətinin nə yerdə olmasını ölçmək üçün buna uyğun meyarlar var. Birinci meyar - namazla bağlı vəziyyətinin necə olmasıdır. Bu, bir insan üçün həlledici meyardır. Allah etməsin, əgər namazı axır dəqiqələrə saxlayırıqsa, qəzaya veririksə, demək ki, vəziyyət heç də ürəkaçan deyil. Bu, bir gerçəklikdir ki, insan qidasını, yuxusunu, davranışlarını düzgün tənzimləməsə, proqramını düzgün qurmasa, tənbəllik etsə - sübh namazları vaxtında qılınmayacaqdır, qəzaya gedəcəkdir.

Alimlər tövsiyə edirlər ki, insan sübh namazı vaxtı və ya sübh namazından bir qədər qabaq yuxudan qalxıb, öz-özünə desə ki, "Mən kiməm?”, bu, nəticə etibarilə, onun qəflət yuxusundan oyanması demək olar. Belə ki, bunu dəfələrlə edən insan, bu dəfələrin birində bu sual haqqında gerçəkdən düşünər və onun qarşısında çox maraqlı bir mənzərə yaranmış olar.

Necə ki, fərdin fiziki baxımdan sağlam olub-olmamasını müəyyən meyarlar əsasında müəyyən etmək olar, eləcə də onun ruhi durumunu aydınlaşdırmaq üçün dəqiq parametrlər mövcuddur.

Həmin sxem toplum üçün də keçərlidir. Bu cür də toplumun, insanlararası münasibətlərin sağlamlığının ölçülməsinin bir neçə meyarı var. Bu meyarlar əsasında demək olar ki, həmin toplumda ruhi-mənəvi durum necədir, toplumun sağlamlığı nə yerdədir.

Bu meyarlardan biri - yaltaqlıdır. Əgər toplumun vəziyyətini analiz etmək istəyiriksə, gərək baxaq ki, toplumda yaltaqlığın vəziyyəti necədir. Əgər toplumda yaltaqlıq istisnavi bir haldırsa - deməli, burada vəziyyət yaxşıdır. Əgər toplumda yaltaqlıq ayaq açıb yeriyirsə, deməli, burada mənəvi aşınma labüddür.

İstehza edənləri gözləyən aqibət

Toplumun vəziyyətini ciddi şəkildə üzə çıxaran mövzulardan biri də - məsxərə, ələ salmaqdır. Bunu topluma zarafat adı ilə sırıyırlar. Dinimizin bu mövzuda buyuruşlarına diqqət edəndə, görürsən ki, bəlkə də bu mövzuda hər gün danışmağın yeri var. Çünki sözügedən xəstəlik toplumda çox geniş yayılıb. Həzrət Rəsulallah (s) buyurur: "İstehza edənlərin Qiyamət günündə əzabı bu şəkildədir: cənnət qapısı onlardan birinin üzünə açılar və həmən şəxsə deyilər, ”tələs!" O şəxs qəm və kədərlə tələsər qapıya tərəf. Elə ki, qapıya yaxınlaşdı, qapı bağlanar, ikinci qapı açılar. Yenə ona deyilər ki, "tələs!” O, yenə qəm və kədərlə tələsər, qapı yenə bağlanar. O qədər onunla bu cür edirlər ki, cənnətin qapısı açılar, ona deyərlər ki, "tələs!”, o, o qədər ümidsiz olar ki, getməz".

Üzərində nə qədər düşünməli hədisdir. Mahiyyətcə çox ağır bir mövzudur. Kimlər ki, başqalarına iztehza edir, başqaları ilə məzələnir, başqalarını ələ salır - vəziyyətləri bu şəkildə olacaq. Peyğəmbərimiz (s) dəhşətli bir mənzərəni təsvir edir. Bu, onun üçündür ki, insan bu acı perspektivdən ayılsın, həmin batil sifətdən imtina etsin. İnsanları incitməkdən, onlara əziyyət verməkdən çəkinsin.

İnsan nə üçün istehza edir?

Buna diqqət etməmiz yerinə düşər ki, istehza və məsxərə, görəsən, haradan qaynaqlanır? Bunun zahirən yaxın oxşarı - zarafatdır. Zarafatla məsxərənin əhəmiyyətli fərqləri var. Allahın bəyəndiyi, icazəli zarafat - pozitivdir, müsbət yükə malikdir. Zarafat öz ruhunda müsbət mahiyyət daşıyır. Amma ələ salmaq, istehza etmək - mənfi yüklüdür. Bunlar kökündən fərqlənirlər.

Psixoloji baxımından məsxərəni belə izah edirlər ki, insan daxildə bir diskomfort hiss edir. O diskomfort yaranan zaman insan bu vəziyyətini sözün vasitəsilə, söz qəlibində ötürür. Yəni biri digərini görəndə müəyyən diskomfortu yaranır və bu vəziyyətini söz vasitəsilə çatdırmağa çalışır.

Bir gün sinif auditoriyalarından birində idik. Sinifdə güclə dərs oxuyub çatdıran bir nəfər var idi. Onun elə dərsdə gəlib oturması böyük hadisəydi. Böyük bir intellekt sahibi deyildi, böyük elmi potensiala iddiası da yox idi, sadəcə, dərsdən bəhrələnmək üçün iştirak edirdi. Sinifdə o cür yüksək intellekt səviyyəsi olmayan bir nəfər də var idi. Hər dərsdə bu, o birincisini ələ salırdı, onu məsxərəyə qoyurdu. Başqası ilə işi yox idi, ancaq bunu dolayırdı.

Birincisi peşman idi ki, bir dəqiqə dərsə geciksin, bu birisi dərhal ona məsxərə edirdi. Belə başa düşülür ki, o, həmin kəsi görəndə onda müəyyən diskomfort yaranırdı və o, həmin hissini söz qəlibində həll edirdi. Deməli, bunu edirdi ki, rahatlansın, öz diskomfortunu aradan aparsın.

Əxlaqi nöqteyi-nəzərindən məsxərə və istehza - natamamlıq komplekslərinin məhsuludur. İnsan özünün aşağılanmış hissiyyatını qaldırmaq üçün digərinə məsxərə etməyə əl atır. Bununla həmin insan öz eybini ört-basdır etməyə can atır. Həmin insan elə hesab edir ki, əgər məclisdə sükut olsa, onun eybi görsənər. Buna görə də məsxərə edirlər, kimisə dolayırlar, kimisə ələ salırlar ki, diqqət yayınmış olsun.

İnsan istehza etməyi nə vaxtdan öyrənir?

Təəssüflər olsun, bu gün cəmiyyətimizdə bu xəstəlik çox geniş şəkildə yayılıb. Çox maraqlıdır ki, görəsən bu məsxərə nə vaxtdan başlayır? Görsənən budur ki, çox erkən yaşlarından başlayır. Misal üçün, münasibətlər yerində olmayan ailələrdə uşaq, ana və qayınana bir olan yerdə qayınana gedəndən sonra ana övladının yanında qayınananı, yəni uşağın nənəsini ələ salır. Uşaq görür ki, nənəsi məsxərə olunur və belə başa düşür ki, nənəni məsxərə etmək olar. Çox zaman nənəni, babanı ələ salmaq, məsxərə etmək məhz bu cür doğru tərbiyə olunmamaqdan qaynaqlanır.

Sonra uşaq məktəbə gedir, burada hər kəs adət üzrə öz aldığı tərbiyəni nümayiş etdirir və beləliklə, uşaqlıqdan insan məsxərəyə, istehzaya öyrənər.

Bu minvalla, bu hal bir həyat tərzinə çevrilər. Toplumda öyrəşilər ki, bir məclisə yığışılanda hazır fərdlər olar ki, onları hamı rahat məsxərəyə qoyar. Ola bilər ki, biri o birilərində qıcıq yaradır deyə, hamı ona məsxərə edər.

Dərs oxumayanların çevrəsində bir nəfər dərs oxuyanda digərlərində diskomfort yaranar və bunu söz qəlibində çatdırmaq üçün məsxərə edərlər.

Bunlar hamısı həm də onu göstərir ki, namaz qılmaq, mənəvi dəyərlər ardınca olmaq digər xəstəlikləri öz-özünə aradan aparmadığı kimi, məsxərəni də aradan aparmır. Savadlı olmaq da bu xəstəliyi həll etmir. Bir də görürsən savadlı bir adamdır, professordur, akademikdir, amma digərinin müəyyən xüsusiyyətini məsxərə edir, tələbənin ləhcəsini, regionunu məsxərəyə qoyur və s.

Məsxərə ilə zarafatın fərqi

Məsxərə münasibətlərə böyük zərbə vurur, insanlara qarşı, məsxərə edənə qarşı nifrət yaradır. Adətən toplumda insanların özünə yer tapa bilməmələrinin səbəblərindən biri də budur ki, bu şəxs insanları ələ salır, dolayır, insanlar onunla təmas saxlamaq istəmir.

Məsxərənin əksi - zarafatdır. Zarafat beyində müsbət emosiyanın təzahürüdür. Zarafatda sürprizal yük var. Zarafatın yorğunluq çıxartmaq potensialı var. Zarafat sevincə gətirir. Zarafat etmək və ümumiyyətlə, yumor hissi - ictimai məharətdir, özünüifadədir. Zarafat həm onu edənlərdə, həm də eşidənlərdə stressi aradan aparır. Amma məsxərə, əksinə, insanları stressə salır. Ola bilər ki, məsxərə edən bundan anormal zövq alsın, amma orada olanlar, xüsusən də istehza olunan şəxs stressə düşmüş olur.

Məsxərə insanın acizliyinə görədir. İnsanın özünün natamamlıq kompleksi olur və onu həll etmək üçün başqasına istehza edir.

Məsxərə nələrdən qaynaqlanır?

Məsxərə həm də toplumda dəyərlərin aşağı düşməsindən qaynaqlanır. Toplumda dəyərlər aşağı düşəndə məsxərə etmək, birini alçaltmaq ayıb sayılmayanda, insanlar məsxərəni rahat şəkildə edir. Toplumda müəyyən mənəvi xəstəliklərə qarşı mənəvi əyləclər olmalıdır. Bu olmayanda, təbii ki, onun edilməsi də adiləşəcək.

Məsxərə - insan şəxsiyyətinin cılızlaşmasından başlayır. Çünki öz şəxsiyyətinə dəyər verən insan heç bir zaman digərini aşağılamaz.

Məsxərənin geniş yayılmasında sosial şəbəkələrin rolu da danılmazdır. İnsan baxır ki, hamı sosial şəbəkələrdə istehza edir, məzələnir, o da həmin insanlardan geri qalmaq istəmir.

Məsxərənin bir səbəbi də zövqlərin ucuzlaşdırılmasıdır. Məsxərə etmək insana müəyyən mənada ləzzət edir. Adam var ləzzəti yardım etməkdən, xeyir əməldən, namaz qılmaqdan, Ərbəinə getməkdən, yetimin başına sığal çəkməkdən alır. Adam da var ləzzəti digərini aşağılamaqdan, ələ salmaqdan alır. Bunun zövqü bu dərəcədə aşağı səviyyədədir.

İnsanların zövqlərinin korlanmasına da öz növbəsində bir sıra amillər təsir edir və bunlardan biri də keyfiyyətsiz, şit mövzularda video-çarxların çoxalmasıdır. İndi görürük ki, nə qədər şit, mənasız, bayağı, bir-birini aşağılamağa, ələ salmağa yönəlik videolar artıb. Əslində həmin videolar gülməli deyil, amma insanların hisslərini bayağılaşdırırlar ki, burada gülmək lazımdır. Hətta əgər həmin videolarda gülmək səsi gəlməsə, camaat bilməz ki, hansı hissədə gülmək lazımdır.

Məsxərənin ən ciddi səbəblərindən biri də qəflətdir. İnsan bilir ki, məsxərə etmək pisdir, bilir haramdır, bilir yanlışdır - amma qəflət edir. Bütün günahların kökündə olduğu kimi, bu günahın, bu xəstəliyin də kökündə qəflət dayanır.

Dinimizin məsxərə barədə xəbərdarlığı

Mübarək dinimiz də insanları bu xəstəliyin böyük günah olması barədə xəbərdar edir. İmam Səccad (ə) buyurur: "O günahlar ki, əzabın nazil olmasına səbəb olar, ibarətdirlər: agahlıq üzündən zülm edən şəxs(in zülmü), insanların haqqına təcavüz etmək, insanları ələ salmaq və məsxərə etmək”.

Dinimiz insanı çox ehtiramlı bilir. Belə ki, İmam Sadiq (ə) buyurur: "Möminin ehtiram və şəxsiyyəti Kəbənin hörmətindən daha böyükdür”.

Qurani-Kərimin "Muminin” surəsinin 110-cu ayəsində məsxərə haqqında buyurulur: "Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz”.

Bu ayədə buyurulur ki, möminləri məsxərə etməyiniz, onların etiqad və rəftarlarını rişxənd etməyiniz sizə Allahı unutdurmuşdur. Hər kim Allahı unudar, Allah da onu unudar və əzaba düçar edər.

Qurani-Kərimdə "Hucurat” surəsinin 11-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər”.

Allah Təala bizləri xəbərdar edir ki, insanlar bəzən elə bir insanları lağa qoya bilər ki, həmin insanlar onlardan daha yaxşı olsun.

Allahım, bizləri məsxərə, istehza və Sənin bəyənmədiyin bütün mənfi rəzilətlərdən uzaq olanlardan qərar ver!

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, bizi özbaşına qoyma! Amin!

 

Hacı İlqar İbrahimoğlu

(musavat.com)

 

            

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300