Nə edək ki, iş və çalışmalarımız ibadət olsun?

 

Bismilləhir-Rahmənir-Rahim!

Dinimizin fərdi, ictimai, siyasi, iqtisadi münasibətlərə, ailə həyatına dair tövsiyələrini bilmək – yaşadığımız müasir gerçəklikdə insanın həyatda düzgün seçim etməsi üçün güclü yardımçı olardı. İnsan bir məsələ üzrə mövqeyini müəyyənləşdirərkən İlahi göstərişi rəhbər tutarsa, yolundan sapmaz. Amma əgər, insanlar öz fərdi düşüncələrini rəhbər tutarlarsa, onda çətin durum yaranar. Məsələn, biri deyir ki, insan gərək bütün ömrünü dünyaya sərf etsin, varlansın, dövlətlənsin. Digəri isə insanın gerçək, real yaşamdan uzaq olmasının düzgünlüyünü aşılayır. Beləsinin fikrincə, tərki-dünyalıq etmək, toplumdan ayrılaraq, bütün diqqətini fərdi ibadətlərə yönəltmək gərəkdir.

İslam isə hər iki yolu yanlış bilir. Gündəlik qayğıların burulğanına qərq olaraq, vücudi suallara etinasızlıq etməyi də, toplumdan ayrılaraq, özünə qapanmağı da. Gözəllik ondadır ki, dinimiz dünyanı axirətdən ayırmır, burada bir kompleks yanaşma mövcuddur. Əhli-Beytdən (ə) nəql edirlər ki, «Dünya – axirətin tarlasıdır». İslamın göstərişi budur ki, istər iqtisadi, istər siyasi, istər fərdi müstəvidə – təfavütü yoxdur, hər bir halda ən kamil durumda olmalı, ən optimal yolla getməlidir insan.

Bazar, ruzi süfrəsi olanda

Bugünkü mövzunu ən əhəmiyyətli sahələrdən olan halal qazanc əldə etmək mövzusuna həsr etmək istərdik. İnsan necə işləməli, ruzini necə qazanmalı və s. kimi mövzulara. Bu məsələlərin cavabını həqiqi İslami mənbələrdən əldə etmək – ən düzgün seçim olardı. Bir sıra insanlar üçün gözlənilməz olsa da, ticarətə İslamın baxışı tam fərqlidir. Dinimiz nəinki buna normal yanaşır, hətta halallığa riayət edildiyi halda, ticarətlə məşğul olmağı təqdir edir və ibadətə qədər yüksəlməsi üçün bir vücudi üfüq açır. Bu mövzuda Həzrət Rəsulullahdan (s) hədis nəql edilir: «Bazarlar – Allahın ruzi süfrələrindəndir. Oraya daxil olanlar İlahi nemətlərdən bəhrələnərlər».

Fikir verək, burada deyilmir ki, «bazar pis yer deyil». Birbaşa «ruzi süfrəsi», «İlahi nemət mənbəyi» kimi göstərilib. İndi praktikada niyə bunun ziddinə rast gəlirik, niyə tətbiq edilmir – bu, başqa bir mövzudur. Söhbət modelin necə olmasından gedir. Nəyə can atmalı, nəyi qurmalı – söhbət bundan gedir. Sözsüz ki, əgər iş adamı «Allahın süfrəsindən faydalanıram» prinsipini rəhbər tutarsa, işinə ruzi süfrəsi kimi baxsa, insanlara xidmət etməyi özünə şərəf bilsə – işə münasibəti tam fərqli olar. Bu halda məsuliyyəti də çox hiss edər, işinin bərəkəti də müvafiq olar.

Tacirlər nə vaxt şəhidlərə yaxın olur?

Halal ticarət, düzgün iş – cəmiyyətin aparıcı sütunları olduğundan, dinimiz daima bunun əhəmiyyətini vurğulamışdır.

Həzrət Rəsulullahdan (s) nəql edilən digər bir hədisdə bildirilir: «Daima halallıqla ticarət edən tacirlər, Qiyamət günü məhşərə əməlisaleh şəxslər və şəhidlərlə daxil olarlar».

Hədisdən görünür ki, iş adamları üçün axirətdə gözəl durum, halal fəaliyyətlə şərtləndirilir. Eyni zamanda, diqqət yetirək ki, nə dərəcədə böyük məqam müəyyən edilir halal tacirlərə – bunlar əməlisaleh insanlara və hətta şəhidlərə bərabər tutulur. Məsələnin fəlsəfəsinə nəzər salsaq, bir çox müstəvilər meydana çıxar. Ən əsası – burada İlahi əhkamı yaşatmaq amili var. Necə ki, şəhid İlahi əhkamı yaşatmaq üçün döyüşə gedib canını fəda edirsə, tacir də qəlbində tuğyan edə biləcək nəfsi ilə böyük cihada çıxır, haramdan qaçır və bununla da toplumda İlahi harmoniyanın bərqərar olunmasına öz töfhəsini verir.

Amma nəzərə almaq gərəkdir ki, halallıq ümumi və mücərrəd kateqoriyalara aid olan bir mövzu deyil, abstrakt anlayışlara dirənmir. Əksinə, «qızıl orta hədd» prinsipini təqdim edən dinimizin konkret göstərişlərinə söykənir. Məsələn, dinimiz spirtli içkiləri, qumarı mənfəət mənbəyi etməyi necə pisləyirsə, qəsbi malın, oğurluq malın alış-verişini də eləcə haram bilir. Bundan əlavə, İslam dini sələmçiliyi, alverdə aldatmağı qadağan edir.

Eyni zamanda, bir çox şeylər var ki, mübarək dinimiz tərəfindən ticarət mövzusunda bəyənilir: satıcı malın qiymətində sərt olmasın, güzəştə getsin, alıcı malı qaytarmaq istəsə, geri qəbul etsin. Öz növbəsində, alver işində and içmək dinimiz tərəfindən ümumiyyətlə bəyənilmir, yalandan and içmək isə haram bilinir. Mübarək dinimiz ticarətə aid bir çox digər göstərişlər də təqdim etmişdir ki, nəticə etibarilə məqsəd – cəmiyyət üçün iqtisadiyyatın mənəvi dayaqlarının əhəmiyyətini vurğulamaqdır.

İşləmək nə vaxt ibadət olur?

Əlbəttə, halallıq mövzusu təkcə iş adamlarına aid deyil. Mübarək dinimiz istər fiziki, istərsə də əqli zəhmət olsun – hər peşə sahibi üçün halallıq amilini vacib sayır.

Həmin məsələyə digər prizmadan baxmaq da məqsədəuyğun olar. Həzrət Rəsulullahdan (s) nəql edilən hədisdə bildirilir: «Başqalarına möhtac olmamaq, dilənməmək üçün halal ruzi qazanaraq ailəsinin maddi ehtiyaclarını ödəyən, qonşularına yaxşılıq edən şəxslər Qiyamət günü Allah Təalanın görüşünə (dərgahına) 14 gecəlik Ay kimi gələrlər».

Hədisdən bir daha bəlli olur ki, möhtac olmaq, dilənçilik etmək – dinimiz tərəfindən pislənir. Eyni zamanda, ailənin maddi ehtiyaclarını ödəmək təqdir olunur. Qonşulara diqqət barədə isə mübarək dinimiz hər zaman xüsusi təkidlə vurğulamışdır. Beləliklə məlum olur ki, bu şərtlərə cavab verən insan, Allah dərgahına, sorğu-suala üzü parlaq şəkildə gələr. Demək, sadalananlar – insanın Allah dərgahında sorğusunun asanlaşmasına səbəb olan amillərdəndir.

Bu mövzunu açıqlayan digər bir hədisə diqqət edək. Nəql edirlər ki, günlərin bir günü Allahın Rəsulu (s) öz səhabələri ilə birlikdə şəhərin kənarında oturub söhbət edirmiş. Bu zaman görürlər ki, cavan bir oğlan qızmar günəşin altında qan-tər içində işləyir. Səhabələrdən biri onun belə əziyyətini görüb deyir: «Heyif (bu əziyyətdən)! Kaş öz qüdrətini Allah yolunda sərf edəydi!». Rəsul (s) buyurur: «Onun haqqında belə danışmayın. Əgər o başqalarına möhtac olub, yolçuluq etmək əvəzinə zəhmətə qatlaşırsa, onda bu kəs Allah yolundadır, Allah yolunda çalışmış olur. Əgər ata-anasının və övladının məişətini təmin etmək üçün zəhmətə qatlaşırsa, yenə də Allah yolundadır. Yox, əgər var-dövlət əldə edib qürur və təkəbbürlük etmək məqsədilə zəhmətə qatlaşırsa – onda lənətlik şeytanın yolunda çalışmış olur».

Mübarək hədisdə dəqiq bir təsnifat sezilir – burada niyyətlə bir bağlılıq var. Çalışmaqda hansı məqsədi güdmək – əsas şərtlərdəndir. Əlbəttə ki, söhbət tək əkinçidən, fəhlədən getmir. Hər bir peşə sahibi, hər bir kateqoriyaya aid insan bu məna ilə əhatə olunur.

Həzrət Rəsulullahdan (s) nəql edilən digər bir hədisdə isə zəhmətin insan ruhunun müalicəsinə təsir edən bir amil olaraq rolu vurğulanmışdır: «Günahlar arasında elə bir günah da vardır ki, ruzi əldə etmək üçün zəhmətə qatlaşmaqdan savayı, onun qoyduğu təsiri heç bir şey aradan aparmır».

Məlum olur ki, əziyyət çəkmək, tər tökmək nəticəsində bəzi günahlardan əsər-əlamət qalmır. Bir tərəfdən zəhmət çəkmək müqabilində maddi problemlər həll olunursa, eyni zamanda, mənəvi fəsadlar da aradan gedir. Göründüyü kimi, halal zəhmətin insanın ruhunda buraxdığı güclü müsbət təsirləri vardır. Müəyyən mənada halal ruzi qazanmağın müalicəvi əhəmiyyəti bəlli olur.

İslam dini müftəxorluğa pis baxır

İmam Cəfər Sadiqdən (ə) mövzu ilə bağlı belə bir hədis nəql edilir: «Yoxsul olduğu halda, haram qazancdan uzaq olub, özünün və ailə üzvlərinin ehtiyaclarını təmin edən şəxslər – sanki Allah yolunda cihad etmiş şəxslərə bənzərlər».

Mövzu – bizim mühit üçün xüsusilə aktualdır. Belə ki, yoxsulluğun baş alıb getdiyi bir şəraitdə, insanı yoldan azdıran kifayət qədər çoxlu amillər mövcuddur. Bunların da arasında haram qazanc xüsusilə vurğulanır. Və bu şəraitdə yoxsul insanın mücadilə etmək əzmi çox bəyənilir. Yəni, insanı sövq edirlər günah etsin, ehtiyacı da var – amma Allaha görə çəkinir. Buna deyirlər ki, rəzillik et, mükafatlanacaqsan. Amma o, müqavimət göstərir, vicdanını satmır. Bəlkə də heç kəs onun vicdanı ilə kompromisə getməyini, ayağının büdrədiyini bilməyəcəkdi. Lakin o, yalnızca Mütəal Allahı razı salmaq üçün bu hərəkəti etməyə çalışır – harama getmir.

İmam Cəfər Sadiqdən (ə), İslamın müftəxorluğa qarşı mənfi münasibətini təzahür edən belə bir hədis nəql edirlər: «Lənətlənmişdir o kəs ki, özünün xərc və təminatını başqalarının üzərinə qoymuş olsun».

Müftəxorluğu insanın həm ozünə, həm də cəmiyyətə ciddi ziyan vuran bir faktor kimi pisləyən İslam dini, eyni zamanda, cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yaşadılmasını çox bəyənir. Burada məsələnin mahiyyəti sosial proqramların balanslaşdırılmasına dirənir. Ünvanlı sosial yardımlar daha önəmli rol oynayardı. O insanların digərlərinin hesabına təminata ixtiyarları var ki, özünü təmin etmək imkanı məhduddur. Belələri barədə qayğı göstərmək, o cümlədən, yetimlərə, şikəstlərə, qocalara əl tutmaq – cəmiyyətin bilavasitə vəzifəsidir. Fəaliyyət qabiliyyətli insanların isə işləməməsi, müavinətlər hesabına dolanması pislənmişdir. Çünki, nəticə etibarilə fərdin deqradasiyasına gətirir və cəmiyyətin boynunda ağır yük olur.

Səfər ayının tarixləri

Üzümüzə gələn səfər ayı ilə əlaqədar tarixə bir qədər ekskurs edək. Hicrətin 37-ci ilində səfər ayında İslamın ən kədərli səhifələrindən biri açılıb. Həzrət Əlinin (ə) haqq-ədalət prinsiplərinə, İlahi qayda-qanuna söykənən rəhbərliyini qəbul etməyən və rüşvətə aludə olan bir ovuc şəxs, Müaviyənin (lən) ətrafında birləşərək, pul gücünə adam toplamış və Həzrət Əliyə (ə) qarşı yürüş etmişdir. Tarixdə bu döyüş «Siffeyn» adı almışdır. Onlar gözlədikləri nəticəyə çatmasalar da, İslam dövlətinin qəlbinə çətin sağalan yaralar vurmağa müvəffəq olmuşlar. Həzrət Rəsulullahın (s) ən görkəmli səhabələrindən biri – Əmmar Yasir, yaşının çoxluğuna baxmayaraq, Həzrət Əlinin (ə) ordusuna qoşulmuş və səfər ayının 9-da həmin döyüşdə şəhid olmuşdur.

Hicri 61-ci il səfər ayının 1-i Kərbəla əsirlərinin – lənətlik Yezid ordusu tərəfindən əsir götürülmüş (!) Peyğəmbər (s) ailəsinin nümayəndələrinin Dəməşqə daxil olması günüdür. Burada lənətlik Yezid, Allah Peyğəmbərinin (s) gətirdiyi din üzərində öz zəfərini (!) təntənə ilə qeyd etmək istəyirdi, amma nəticədə Həzrət Əlinin (ə) əsir götürülmüş qızı Xanım Zeynəb (s.ə) öz ifşaedici nitqləri ilə onun məclisinə vəlvələ salmış, hakimiyyətini sarsıtmışdır.

Səfər ayının 3-də 5-ci imam – İmam Mühəmməd Baqirin (ə) mübarək mövludu günüdür. Təbərrük üçün İmamdan (ə) bir hədis nəql edək: «Yaxşı əməl və gizli sədəqə vermək – fəqirliyi, kasıblığı aradan aparar, ömrü uzadar və 70 növ pis və xoşagəlməz ölümü dəf edər».

Səfər ayının 7-də 7-ci imam – İmam Museyi-Kazımın (ə) mübarək mövlud günüdür. Təbərrük üçün İmamdan (ə) bir mübarək hədis nəql edək: «Xoş olsun o tərəfdarlarımızın halına ki, Qaimimizin (12-ci İmamın (ə.f.)) qeybi dövründə yaşaya, ipimizdən yapışa və vilayətimizdə möhkəm ola. Onlar bizdəndir, biz də onlardan».

Bu hədisdə çox mühüm məqamlara işarə edilir. Burada 12-ci İmam Həzrət Məhdi Sahib-əz-Zamanın (ə.f.) qeybi dövründə yaşayan insanların, bütün çətinliklərə baxmayaraq, Əhli-Beytin (ə) xəttindən sapmamasının həm ağır və məsuliyyətli, həm də çox şərəfli bir vəzifə olduğu vurğulanmışdır.

Allahım, bizləri dünya və axirətdə Əhli-Beytlə (ə) məhşur et!

Allahım, gündəlik fəaliyyətlərimizi Sənin bəyəndiyin tərzdə aparmağı, ehtiyaclıların problemlərinin həllini, çətinlikdə olanlara Sənin lütfünün əta olunmasını, xəstələrin şəfa tapmasını nəsib et!

Allahım, işğal altında olan torpaqların azad olmasını, 12-ci İmamın (ə.f) tezliklə zühur etməsinı nəsib et!

 

 
Hacı İlqar İbrahimoğlu
(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300