"Gənclər Fondu vasitəsilə güzəştli kreditlərin şərtləri əlverişlidir”

Rəşad Həsənov: "Qaytarılma müddətinin daha uzun olması yaxşı olardı”

Azərbaycanda Gənclər Fondunun vəsaitindən veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb.

"Yeni Müsavat” xəbər verir ki, prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, fondun vəsaiti hesabına güzəştli kreditlər gənclərə müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək.

Müvəkkil kredit təşkilatının müsbət qiymətləndirdiyi layihələrə dair məlumatların və sənədlərin siyahısını Fond müəyyən edir.

Fondun vəsaitindən 1 000 manatdan 10 000 manatadək - kiçikhəcmli kreditlər, 10 001 manatdan 25 000 manatadək - ortahəcmli kreditlər, 25 001 manatdan 50 000 manatadək - böyükhəcmli kreditlər veriləcək.

Kiçikhəcmli kreditləri gənclər 1 ilədək, ortahəcmli kreditləri 3 ilədək, böyükhəcmli kreditləri isə 5 ilədək müddətdə qaytarmalıdılar.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.

Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

 

İqtisadçı-ekspert Rəşad Həsənov Gənclər Fondu vasitəsilə gənclərə kredit ayrılmasını müsbət addım hesab edir:"Son illərdə bank sektorunda müşahidə edilən böhran bütün istiqamətlərdə kreditləşmənin azalmasına və maliyyə azadlığının məhdudlaşmasına gətirib çıxarıb. Alternativ maliyyə bazarları demək olar ki, inkişaf etməyib. Bu isə biznesin, xüsusilə də gənclərin maliyyəyə çıxış imkanlarını məhdudlaşdırıb. Gənclərlə bağlı problem daha dərindir. Çünki faktiki olaraq aktivlərinin, girov təminatının olmaması üzündən gənclərin müraciətlərinə mənfi cavab verilir. Bu baxımdan, gənc təşəbbüskarlığı stimullaşdıran, gənclərin biznes ideyalarının reallaşması üçün alternativ maliyyə mənbəyi formalaşdıran bir addım kimi Gənclər Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başlanması müsbət addımdır. Ümid edək ki, növbəti illərdə bu istiqamətə ayrılan vəsaitlər artacaq. Eyni zamanda Gənclər Fondu prosesi şəffaf həyata keçirməklə özündən əvvəlki mənfi təcrübəni təkrarlamayacaq”.

R.Həsənov bildirir ki, Gənclər Fondunun güzəştli kreditləri faizlərinə görə əlverişli olacaq:"Azərbaycanda olan mövcud kredit faizlərinə baxsaq, Gənclər Fondunun faizlərinin əlverişli olduğunu görərik. Çünki ölkədə manatla kreditlərin faizləri 20-35 faiz arasında dəyişir. Bu baxımdan, Fondun kreditləri gənclər üçün əlverişli olacaq. Lakin burada kredit müddəti bir qədər sual doğurur. Məsələn, 10 min manatadək olan kreditlər üçün 1 il vaxt qoyulub. Bu müddətdə faizləri də nəzərə aldıqda, gənclərin 850-900 manat ödəniş etməsi lazım gələcək. Bu, öz ideyasını həyata keçirməyə sıfırdan başlayan gənclər üçün problemlər yaradacaq. Buna görə də düşünürəm ki, burada vəsaitlərin geri qayıtmasından daha çox gənclərin öz biznes ideyalarını həyata keçirmələrinə şərait yaradılması prinsipləri önə çəkilməlidir. Onlara daha uzun müddət və daha rahat şərtlər təmin olunmalıdır. Düşünürəm ki, kiçik kreditlər üçün geri qayıtma müddəti 3 il, orta kreditlər üçün 7 il, böyük kreditlər üçünsə 10 il nəzərdə tutulmalıdır”.

R.Həsənova görə, qaytarılma müddətinin azlığı Fondun vəsaitinin az olmasından qaynaqlana bilər:"Çünki təkliflərin kifayət qədər çox olması gözləniləndir. Buna görə də bu istiqamətə yönəldilən vəsaitlərin həcmi sürətlə artırılmalıdır. Dünya təcrübəsi də göstərir ki, start-up təşəbbüslərinin dəstəklənməsi kifayət qədər rentabelli və iqtisadi baxımdan əhəmiyyətli olur”.

Dünya SAKİT, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300