"700 bal toplayanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” –Etibar Əliyev

 

"Ali təhsilin ödənişli olması qaçılmazdır, lakin bir şərtləki...”

"700 bal toplayan abituriyentlərin sayının artması yaxşı haldır. Bunu təhsilin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirənlər var. Məktəb direktorları da bu uşaqlarla öyünürlər. Kurslar 600-dən yuxarı bal toplayan uşaqları reklam kimi təşviq edirlər. Ancaq hətta onların sayı iki dəfə artsa belə, bunu təhsilin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirmək doğru deyil”.

Bu sözləri musavat.com-a tanınmış təhsil eksperti, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev abituriyentlərin ali məktəblərə qəbul imtahanlarının nəticələrini şərh edərkən deyib.

E.Əliyev bildirib ki, təhsilin keyfiyyətinin yüksəlməsi 500-700 arası bal toplayan abituriyentlərin sayının kəskin artması və 0-200 bal toplayan abituriyentlərin sayının kəskin azalması ilə xarakterizə olunmalıdır: "Birinci faktor gələcəkdə insan kapitalının inkişafına təsir edəcəksə, ikincisi funksional savadsızlığın aradan qaldırılmasına yardımçı olacaq. Məsələn, Şəmkir rayonunda Düyərli kənd orta məktəbinin məzunu Təranə Alıyevanın 592 bal toplayıb, riyaziyyat müəllimli peşəsini seçməsi yenilikdir. Dünyada istedadlı uşaqlar daha çox xalis elmləri seçirlər. Ona görə də həmin ölkələrin elmi potensialı yüksək olur. Bu problemin həllində mövcud Olimpiada Mərkəzlərini inkişaf etdirmək lazımdır. Ən yüksək nəticə göstərən abituriyentlər əlavə hazırlığa getmələrini danmırlar. Bunun özü də onu göstərir ki, məktəb təhsilinin keyfiyyəti hələ yetərli deyil”.

Təhsil eksperti hesab edir ki, Dövlət İmtahan Mərkəzi bu il də qəbul imtahanlarını yüksək peşəkarlıqla keçirə bildi:"Qəbulun nəticələri yenə də hansı ixtisaslara marağın güclü olmasını ortaya qoydu. Abituriyentlərin ixtisas seçimində ali məktəblərdəki dəyişikliklərin danılmaz təsiri vardır.



Valideynlər və orta məktəb məzunlarının böyük kəsimi demək olar, bunu izləyir. Əgər biliyin qiymətləndirilməsi düzgün həyata keçirilirsə, deməli, qəbulun nəticələri birmənalı şəkildə qənaətbəxş hesab olunmalıdr. Orta məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının qəbul prosesinə birbaşa müsbət təsiri vardır. DİM-nin keçirdiyi buraxılış və qəbul imtahanlarının məktəb təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına təsiri danılmazdır. Bu, yaxın gələcəkdə özünü daha aydın göstərəcək. İmtahan Mərkəzinin hər il keçirdiyi qəbulun nəticələrinin təhlili təhsillə məşğul olan şəxslərin stolüstü kitabına çevrilib.

Təhsil eksperti DİM-nin ildə iki dəfə qəbul imtahanlarının keçirməsini müsbət qiymətləndirir:"Birincisi, bu, uşaqların stress keçirməsinin qarşısını müəyyən qədər alır. İkincisi, uşaqlar sualların asan və çətinlik dərəcəsini anlayırlar. İmtahanlar arasındakı müddətdə isə öz zəif yerlərini təhlil etmək imkanı qazanırlar. Dövlət İmtahan Mərkəzi işinin rahatlığı üçün bir dəfə də imtahan keçirə bilərdi. Ancaq bu qurum iki imtahanın nəticəsinin abituriyentlər üçün əhəmiyyətli olmasını nəzərə alıb, bu addımı atıb. Qısa zaman kəsiyi göstərdi ki, imtahanların iki dəfə keçirilməsi həm də sosial sifarişdir”.

"Azərbaycanda ali məktəblər əsasən təhsil haqlarının hesabına "yaşa”dıqlarını deyən E.Əliyev buna görə də ali təhsilin pullu olmasının qaçılmazlığını düşünür:"Lakin bununla yanaşı təhsil haqlarını müəyyənləşdirəndə mövcud reallıq da nəzərə alınmalıdır. Məsələn, tibb ixtisaslarının bir, ya iki ali məktəbdə olması təhsil haqlarının fantastik artımına şərait yaratmamalıdır. Digər ali məktəblərdən fərqli olaraq, nəzərə almaq lazımdır ki, Azərbaycan Tibb Universitetinin gəlir gətirən klinikaları da var. Ödənişli təhsilin tətbiqi nəticəsində bir ixtisasın pullusu ilə pulsuzu arasında kəskin bal fərqləri yaranır. Lakin həmin tələbələr eyni qruplarda təhsil alırlar. Ölkədə pullu təhsilin gözdən düşməsinin əsas səbəblərindən biri tələbələrə dəstək verən xeyriyyə fondları və bankların olmamasıdır. Təhsilin pullu olması son vaxtlar belə bir deyimi çox aktuallaşdırıb: Pul - təhsildir. Lakin biliyə görə maddi güzəştlər barədə düşünülməlidir. Bu gün müəllimlər, ekspertlər, təhsili bilən adamlar hansı ixtisasların gələcəkdə daha lazımlı olmasını uşaqlara izah etməlidir”.



"Rus bölmələrinin şagirdləri repetitor xidmətindən çox istifadə edirlər, yoxsa Azərbaycan sektorunun şagirdləri?” sualına ekspert belə cavablayır:"Məncə, Azərbaycan məktəblərinin. Rus bölmələrinin müəllimlərinin alternativ dərsliklərdən istifadə etmək imkanları çoxdur. Bizim müəllimlərin isə belə imkanları demək olar ki, yoxdur. Proqramın mənimsədilməsinin müxtəlif üsulları, yolları var. Bunun biri də alternativ dərsliklərdəki metodikalardır. Rus məktəblərində təhsilin keyfiyyətindəki dəyişiklik müəllimlərin öz üzərində daha çox çalışmaları ilə bağlıdır. Burada şagird-müəllim münasibətləri də mühüm əhəmiyyət kəsb edir”.

"Ali təhsil müəssisələrinə boş qalan yerlərin elanı göstərdi ki, orta bal tələb edən ixtisasların demək olar, plan yerləri doldu. Elə ali məktəblər var ki, ilbəil nəticələrini daha da yaxşılaşdırır. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universitetini misal çəkmək olar. Yüksək ballıların oxuduğu ali məktəbdə təhsil mühiti də fərqli olur. Bu ali məktəblərin bir qrup ixtisasları yüksək rəqabət yaradır. Nəticədə 700 ballıların da sayı artır. Aşağı bal toplayan abituriyentlər isə aşağı təhsil haqqı olan ixtisaslar axtarır, irrasional ixtisas seçimi enməyə məcbur olurlar”, -deyə E.Əliyev fikrini tamamlayır.

Ləman Mustafaqızı, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300