Toplumun inkişafının yolu fərdlərin mövqeyindən keçir

 

Bismilləhir-Rahmənir-Rahim

Gündəlik həyatımız insanların öz İlahi təkliflərini layiqincə yerinə yetirməsinin gözəl nümunələri ilə doludur. Buna hər gün dünyanın hər bir yerində rast gəlinir. Və imam əhlinin gözəl əxlaqla, nəcib hisslərlə yoğrulmuş rəftarları - əslində mübarək dinimizin ən böyük təbliğatıdır.

Uca Allahdan cəmi iman əhlinə öz əqidələrində sabitqədəm olmağı diləyirik.

Seçim - fərdin özündədir

Həyatın bir çox məqamlarında məsələni kəmiyyət deyil, keyfiyyət həll edir. İnsanın imanla, əqidə ilə yüklənməsi həll edir. Görürsən ki, toplumun çox bir hissəsi "Palaza bürün, el ilə sürün" kimi dünyagörüşünü həyati işlərdə özünə rəhbər tutub, hüquqlarının müdafiəsinə çox süst yanaşır. Toplumun bəlkə də mütləq əksəriyyəti gözləmə mövqeyində durub, düşünür ki, kimsə gəlib onun yerinə hüquqlarını bərpa edəcək. Guya hansısa "xeyirxah dayı" işini-gücünü buraxıb, özgə məmləkətin problemlərinə öz həyat amalı kimi yanaşacaq. Belə olmayıb və heç zaman da olmayacaqdır. İnsanların, konkret fərdlərin durumundan, problemi həll etmək əzmindən asılıdır toplumun seçimi, camiənin müqəddəratı. Əgər fərdlər öz hüquqlarını tanımasalar və müdafiə etməsələr, qanun-qaydaların işləməsini təmin etməsələr - bunlar öz-özünə düzələn, işə düşən deyil.

Hansı hüquq olursa-olsun - təfavütü yoxdur, fərdlərin bunları təmin etmək, qorumaq əzmindən və bu əzmi sistemli surətdə həyata keçirmək durumundan asıldır o camiənin bütövlükdə müqəddəratı, inkişaf perspektivləri.

Yaradan tərəfindən insana verilmiş hüquqlar o zaman cəmiyyətdə bərqərar olar ki, cəmiyyətin üzvləri daima bunları müdafiə etsin, yaşadılmasına çalışsın.

Onlar təvəkkül əhlidir

Allah Təala Qurani-Kərimin "Ənfal” surəsinin 2-ci və 3-cü ayəsində buyurur: "lMöminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər".

Mübarək ayələrdə möminin sifətləri göstərilir. Əlamətdar odur ki, möminlik bir tamlıq, kamal sifətlərin təcəssümü kimi təqdim edilir. İlk olaraq, Allah zikrini eşidərkən, insanın qəlbi dəyişikliklərinə məruz qalmasına işarə edilir. Yəni yanında Allah xatırlananda, insanın qəlbində bir dəyişiklik olmalıdır. "Allah Təalanın xatırlanması" məfhumu isə çox genişdir. Mömin o kəsdir ki, onun Allahı ilə, dini-imanı ilə, inancı ilə bağlı, varlığı ilə, Allaha doğru, kamilliyə doğru aparan yolla bağlı hər nə varsa, bu insanın qəlbində özünəməxsus yerə malik olsun. Bunlar zikr olunduqda, möminin durumu dəyişər, qəlbi həssaslanar, riqqətə gələr.

Bu kateqoriyalar mömin üçün çox mühüm, çox əhəmiyyətli, çox həlledicidir. Hər nə insan üçün müqqədəsdir - bunların yada salınması onun qəlbində müsbət emosiyalar yaradır və bunlara təcavüz isə təbii ki, onun tərəfindən narazılıq və narahatlıqlara səbəb olur.

İmanın artması

Mömin üçün Allah ayələri oxunduqda, imanı artar. Adam var ayələri eşitcək, narahat ola bilir, narazılıq təzahür edir. Nə səbəbdən? Çünki Rəbbinin onun üçün müəyyən etdiyi vəzifələr, o cümlədən yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə ona ağır gəlir. İstəmir özünü bir qədər çətinliyə versin. Ədalətsizliyə, haqlarının basılmasına süst reaksiya verməyə üstünlük verir. Odur ki, ayə eşitdikdə, İlahi vəzifə barədə eşitdikdə narahat olur. Amma iman gətirənlər üçün elədir ki, Allah ayələrini eşitmək - əksinə, imanlarının güclənməsinə səbəb olar, mənəvi yüksəlişinə gətirib çıxarar.

Üçüncü xüsusiyyət kimi çox mühüm olan kateqoriya - təvəkkül göstərilmişdir. Amma burada bir haşiyə çıxmaq gərəkdir: təvəkkül o deyil ki, evdə oturub, "Allah Kərimdir" deyərək, vəzifəni bitmiş hesab edəsən. Təvəkkül odur ki, insan "Allah Kərimdir" deyərək, hədəfə doğru - istər maddi olsun, ruzi ilə bağlı olsun, istərsə də mənəvi hədəf olsun - getmək üçün ondan nə asılıdırsa, etsin. Sonrasını da Allahın təqdiratına təvəkkül etsin.

Sonrakı sifətlər kimi, insanın ibadi məsələlərə məsuliyyətlə yanaşması, ruzi infaq etməsi göstərilir. İbadətə məsuliyyətlə yanaşmada tək gündəlik namazları qılmaq, ildə bir dəfə orucu tutmaq əhatə edilmir. O cümlədən həyatın istənilən mərhələsində halal-haramlara, vacibatlara, təklifinə riayət etmək burada ehtiva olunur.

Ruzinin infaqı da çox mühüm mövzudur. Bu ruzi istər maddi, istərsə də mənəvi cəhətdən olur. İnsan Allah Təalanın ona verdiyi ruzidən - istər sağlamlığından olsun - məsələn, digərlərinə kömək, yardım əlini uzatmaq baxımından, istər elmindən olsun - digər insanları maarifləndirmək baxımından, istər də maddi olsun - toplumda sosial layihələri yaşatmaq baxımından - əgər o, cəmiyyətin digər üzvlərinə məsrəf edirsə, bu qabiliyyətinin mövcudluğu onun möminliyinə dəlalət edir.

Mömin mülayim kəsdir

Əhli-Beytdən (ə) nəql edilən hədislərdə möminin sifətlərinin necəliyi məsələsinə böyük aydınlıq gətirilir. Peyğəmbərimizdən (s) nəql edilir: "Mömin o qədər mülayim və yumşaqdır ki, sən onu ağılsız sanarsan "kimsə onu ağılsız sana bilər".

Günümüz üçün çox aktualdır - cəngəllik qanunları ilə yaşamaq indi çox dəbdədir. Mülayimlik, yumşaqlıq mühüt üçün çox qeyri-adi görünə bilən xüsusiyyətlərdir. İnsan mülayim olduqda, bu, bir çoxlarında sadəlövhlük təəssüratı bağışlayır. Deyirlər ki, o, "praktik adam deyil, bu dünyanın adamı deyil". İş o yerə çatır ki, qəddar, rəhmsiz adamı lfilankəs zəmanə adamıdır» deyə dəyərləndirirlər. Belə məntiqin ardınca getsən, nəticədə hitlerə, stalinə və digər vücudi uğursuzlara bəraət qazandırarsan ki, bəs filankəs yaman sərt idi.

Amma Rəbbimizin adamdan istədiyi başqadır - insan olmaq, mülayim və yumşaq qəlbli olmaq. Və çoxları o sadə həqiqəti anlamırlar ki, həqiqi praqmatiklik elə budur - həyatın bütün keşməkeşlərinə baxmayaraq, həqiqi İNSAN qalmaq, rəftarında Allaha xoş gələn üsluba önəm vermək, nəinki cəncəllik qanularının diktə etdiyi bir tərzdə yaşamaq. Vəhşi ünsiyyətə öyrəşmiş fərd üçün möminin yumşaqlığı ən yüngül desək, sadəlövhlük kimi gəlir. Başa düşmürlər ki, mömin şüurlu, iradəvi olaraq bu yolu seçir - sadəcə, bu yolun kamala aparması səbəbindən. Nə üçün də sadə insanlara qarşı sərt olmalıdır ki? Mömin sərtliyini, qəzəbini saxlayır Allah düşmənləri üçün. Mülayimlik lazım olan zaman - mülayim, sərtlik tələb olunan yerdə sərtdir mömin.

Mömin əmin olar

Möminə xas digər sifət kimi - əminlik göstərilir. Allahın Rəsulundan (s) nəql edirlər: "Mömin - camaatın ona öz mal və canını etimad etdiyi kəsdir".

Möminin etimadlığı - onun inancının zati xüsusiyyətidir. Möminin etimadlılığının kökündə onun Allaha olan imanı durur. Və insanların ona etimadı, bu şəxsin təzahür etdiyi keyfiyyətlərin məhsuludur.

Digər hədisdə Peyğəmbərimizdən (s) buyurulur: "lMömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda".

İman əhli - öz hisslərini idarə edən, primitiv hisslərini ram edə bilən bir insandır. İnsanlar isə onunla ünsiyyətdən narahatlıq duymazlar.

Başqa bir hədisdə Peyğəmbərimiz (s) buyurur: "Mömin salamı əvvəl verər, münafiq isə lgərək mənə salam versinlər» - deyər".

Əslində öncə salam vermək - tərəf müqabilinə ehtiram nümayiş etdirməklə yanaşı, insanın ümumi əxlaqi xüsusiyyətlərini təkmilləşdirən, o cümlədən, onu təkəbbürdən uzaqlaşdıran bir amildir.

İslam dini insanların qarşılıqlı ünsiyyətini bəyənir və buna təkan verir. İnsanların tərki-dünyalığını, özünə qapanmasını bəyənmir. Peyğəmbərimizdən (s) nəql edirlər: "Mömin ünsiyyət qurur və onunla ünsiyyət qurulur. Ünsiyyət qurmayan və ünsiyyət qurulmayan şəxsdə xeyir-bərəkət yoxdur".

Stereotipləri dağıdan, qəlp dəyərləri aşıran mövzulardandır

Digər hədisdə bu mövzu daha da dərinləşdirilir, insanın ictimanın üzvü olaraq məsuliyyəti vurğulanır: "İnsanların ən yaxşısı - camaat üçün daha xeyirli olan kəsdir".

Həzrət Əlidən (ə) nəql edirlər: "Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir. Sükutu çoxdur və vaxtı boş keçirməz".

Mömin topluma mənfi emosiyalar, mənfi impulslar ötürməz. Əksinə, insanlarda xoş əhval-ruhiyyə yaratmağa çalışar. Və mütləq qəlbigenişliyini qoruyar, umu-küsünü qəlbində bütləşdirməz, kini yaşatmaz. Boş yerə danışmaz mömin. Vaxtını hədər keçirməz, zamanı qiymətləndirər.

Mömin öz dünyası ilə dinini təmizləyər

Dinimiz möminin qəlbi həssaslığına və təmizliyinə böyük önəm verir və buna nail olmaq üçün dəqiq vasitələr təqdim edir. Həzrət Əlidən (ə) nəql edilən hədisdə deyilir: "Mömin - öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir".

Mömin olan şəxs qəlbini bütün çatışmazlıqlardan, mənfiliklərdən təmizləməlidir. Hər növ rəzilliyin qəlbinə yol tapmasından pəhriz etməlidir.

Əmirəlmömindən (ə) nəql edilən digər hədisdə buyurulur: "Mömin öz dinini, dünyası ilə təmizləyən kəsdir. Günahkar o kəsdir ki, dünyasını dini ilə qoruyar".

Yəni mömin dünyasında elə işlər görməlidir ki, onunla imanı kamilləşsin. Dindən dünyəvi məqamları qorumaq üçün sui-istifadə edilməsi isə, böyük günah olmaqla yanaşı, insanları dindən qaçıran amildir. Bu, bizim toplum üçün xüsusilə aktual bir mövzudur.

İmam Cəfər Sadiq (ə) buyurur: "Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır".

Mömin rasional və işini düzgün qurmaqla yanaşı, etdiyi səhvləri təhlil edir və gələcəkdə təkrarlamamağa çalışır.

İmam Rzadan (ə) nəql edilən hədisdən bildirilir: "Mömində 3 xasiyyət olmayınca, o, mömin deyil. Bir xüsusiyyət - Allahından, bir xüsusiyyət - Peyğəmbərindən, bir xüsusiyyət isə Allahın vəlisindəndir (İmamdan). Rəbbinin xüsusiyyəti - sirri örtülü saxlamaqdır. Peyğəmbərinin xüsusiyyəti - xalqla mülayimlikdir. Allahın vəlisinin xüsusiyyəti - çətinlik və sıxıntılarda səbirli olmaqdır".

Əlbəttə, burada işarə edilən səbir - yersiz sükut və biganəlik deyil. Səbir - çətinliklər qarşısında özündən asılı nə varsa, hamısını edib, olacağa qarşı dəyanətli olmaqdır.

Allah Təala bizləri də, cəmi iman əhlini də sadalanan mübarək keyfiyyətlərə malik olanlardan qərar versin, inşəallah!

Allahım! Bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə birgə qərar ver!

Allahım! İnanclı insanların İslama xas yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olmasını, haqq və ədaləti dəstəkləməsini, həqiqi intizarı yaşatmasını, işğal olan torpaqların azad olunmasını, Vətənin və ümmətin qarşısında duran problemlərin çözülməsini, 12-ci İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini Özün nəsib et! Amin!

 

 
Hacı İlqar İBRAHİMOĞLU
musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300