Sizdə hər şey əsəbdəndir... Ərə get düzələcək... Havadandır.. 


Çox vaxt pasiyentlər öz ağrılarından, problemlərindən şikayətlənəndə "Məndə hər şey əsəbdəndir”, "Qocalıram ona görə ağrıyıram” kimi təskinlik verici fikirlər işlədir. Azərbaycanda ən çox yayılmış el arası diaqnoz isə " Subaysan, evlən, ərə get düzələcək” misalıdır.

 

Maraqlısı budur ki, bəzən həkimlər də bu sözləri işlədir. Elə ki, pasiyent buket dolu simptomlarla qəbula gəlir, bir-iki analizdən sonra bir şey tapmayan həkim "Yaşla, əsəblə bağlıdır”, ya da "Cinsi həyat normal deyil" kimi səbəblər səsləndirir. Azərbaycanda demək olar ki, çox ixtisas həkimləri xəstəyə baxan kimi nevroz, VSD-vegetativ distoniya – dünya səhiyyəsində belə diaqnoz və təbii ki, müalicəsi yoxdur - diaqnozu qoyub, hər bir şeyi buna bağlayırlar.

 

Qolun ağrıyır - əsəbdəndir, yata bilmirsən - əsəbdəndir, mədən sancır - əsəbdəndir, gözlərin bulanır - əsəbdəndir... Beləcə sanki pasiyenti də arxayın edib, bir iki dərman yazmaqla yola salırlar.

 

Medicina.az diaqnozu tapa bilməyən, bu səbəbdən xəstəni başından etmək istəyən həkimləri elə işlətdiyi cümlələrdən tanımağın yollarını təqdim edir. Tibbdə qəbul olunmayan bu ümumi sözləri, diaqnozları səsləndirən həkimlərdən uzaq durun. Aşağıdakı sözləri işlədən həkimdən çıxıb, başqa peşəkar həkim tapıb bir daha yoxlanın:

 

1.Bu hal sizdə havadandır

 

Bu "diaqnoz"u fəsil fərqi qoymadan qışda da, yayda da qoyurlar. Deyirlər ki, yayda istidən, qışda da soyuqdan insan halsız, xəstə düşür. Bu, absurd fikirdir. Ola bilər, isti insana pis təsir etsin. Amma konkret nəyə və niyə təsir edir, bunu tapmaq lazımdır. İndi hətta təzyiq problemini də havaya bağlayanlar var.

 

Hava – insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "Havadandır, bu istidə kim dözər” deyən həkim göz görə-görə sizi aldadır.

 

Ciddi baş ağrıları, təzyiq, halsızlıq – bunları yaradan səbəbləri araşdırmalı, müayinələr təyin olunmalı, yalnız ondan sonra təzyiq dərmanları yazılmalıdır. Xəstə özü istidir, soyuqdur deyə aptekdən istənilən baş ağrı, təzyiq dərmanını içməklə düzəlməyəcək. Xüsusən yuxarı və aşağı təzyiqi olan xəstəni həkim diqqətlə müayinə etməli, müşahidədə saxlamalıdır.

 

 

 

2.Hər şey əsəbdəndir, nevroz, vegetativ distoniya

 

Az qala, hər 10 xəstədən 5-ə bu cümlə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevt, psixoloqa yönəltmək lazımdır. Amma çox zaman iltihab, mikrob, infeksiya, hormonal problemlər də xəstəni əsəbi edə bilər. Hətta ciddi psixi problemləri olanlar belə bəzən fiziki olaraq sağlam və güclü görünürlər, heç yerləri də ağrımır. Bəs necə olur ki, sadəcə əsəbizəifolan adamın ürəyi, mədəsi, başı ağrıyır? Ola bilər ki, bu insanda qalxanabənzər vəzinin fəaliyyəti, qan dövranı pozulub, ola bilər ki, hansısa mineral, vitamin əksikliyi var. Axı bu çatışmazlıqlar da daş kimi lal adamı özündən çıxara bilir.

 

Hər şey əsəbdəndir deyib, əlavə müayinə və müalicəyə gərək görməyən həkimdən də qaçın.

 

3.Axı bura ağrımamalıdır, niyə ağrısın?

 

Çox axmaq sualdır, deyilmi? Ağrı olan nahiyəni yoxlayır, sadəcə USM-də baxır, heç nə görmür və xəstənin ağrı siqnalını önəmsəmir. Halbuki istənilən nahiyədə, nöqtədə ağrı orqanizmin siqnalıdır. Əgər insanda ağrı hissiyatı olmasaydı, özünü oda atar, yandırar, əl-ayağını sındırardı.

 

Orqanizmdə olan iltihabi prosesi tapmaq lazımdır. Əgər ürəyin arxası ağrıyırsa, ürək isə müayinədə normal çıxıbsa, deməli mədəni, ağciyəri, əzələ və sinirləri yoxlamaq lazımdır. Çox vaxt mədə ağrısı ilə infarktı səhv salıb xəstəyə yanlış iynə vuran təcili yardım briqadaları bu səhv metodla onlarla insanın ölümünə səbəb olublar. Hər şeyin kökündə isə 5-10 dəqiqə əlavə vaxt ayırıb xəstəni kardioqramma etməmək dayanır.

 

4.Cinsi həyatın normal deyil, ona görə ağrıyırsan

 

İntim əlaqənin sağlamlığa faydaları çoxdur, amma bu o demək deyil ki, insan orqanizmi seksdən bu qədər asılıdır. Hormonal fon cinsi həyatın az və ya çoxluğuna görə dəyişir, amma seksin olmaması insanın xəstə olması anlamına gəlmir. Kişidə uroloji, qadınlarda ginekoloji xəstəliklərin kökündə seks yox, daha çox infeksiyalar, mikroblar, artıq çəki, yanlış gigiyena, genetik amillər dayanır. Bütün günü intim əlaqədə olub, hamilə qalmamaq üçün qoruyucu tabletlerdən istifadə edənlərə bu dərmanlar daha mənfi təsir edir, nəinki az intim əlaqədə olmaq. Ona görə bu sözləri deyən həkimdən də qaçsanız yaxşıdır.

 

 

 

5.Qocalıqdandır, yaşla əlaqədardır

 

35 yaşında gələn xəstəyə də bu sözü deyə bilərlər, 55 yaşında gələn xəstəyə də. Sanki 20-25 yaşında insanın heç yeri ağrımır deyə qanun var. Qarşısında oturan xəstənin yaşına görə diaqnoz qoyan, yaşlı adamın xəstəlik səbəbini, kökünü tapmağa meyilli olmayan həkimdən uzaq olmaq lazımdır.

 

Bir çox hallarda ayağı ağrıyan, yatanda ayaqları sancan xəstəyə "yaşla əlaqədardır” deyib yola salırlar. Amma xəstədə ateroskleroz olub. Halbuki angioplastika və qan dövranı tənzimləyici dərmanlarla onun vəziyyətini yaxşılaşdırmaq olardı. Qocalmaq xəstə olmaq demək deyil. Qocalığın əlamətləri diş, ağaran saçlar, zəifləyən gözlər ola bilər. Amma bütün günü ağrılarla yaşamaq olmaz. Çixış yolu yaşından asılı olmayaraq, xəstəsinə komponent yanaşan peşəkar həkim tapmaqdır.

 

Aygün MUSAYEVA, medicina.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300