QAT Qarabağ mitinqi üçün yenidən BŞİH-ə müraciət etdi

 

Qarabağ Azadlıq Təşkilatı İdarə Heyəti Qarabağ mitinqinin keçirilməsi ilə əlaqədar iyunun 21-də qərar qəbul edib.

QAT mətbuat xidmətindən "Yeni Müsavat”a verilən məlumata görə, Qarabağ mitinqinin 2018-ci il iyulun 21-də, saat 15.00-dan 17.00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində "Məhsul” stadionunda və ya təklif ediləcək digər yerdə keçirilməsinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlayıb.

Məktubda mitinqdə "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm! Başqa yol yox artıq!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarlarının səsləndiriləcəyi, eyni məzmunda plakatlar qaldırılacağı, çıxışlar ediləcəyi, qətnamə qəbul olunacağı bildirilir.

QAT-ın yaydığı rəsmi açıqlamada deyilir:"QAT hesab edir ki, torpaqlarımızın bu qədər uzun müddətə işğal altında qalmasına artıq dözmək olmaz. İşğalçı Ermənistan Qarabağımızda ağalıq edir, ərazilərimizin sərvətlərini amansızcasına talan edir, qanunsuz məskunlaşdırma həyata keçirir, erməniləri oraya köçürür, oranı Ermənistanın bir hissəsi kimi idarə edir, işğalçı ölkənin prezidenti, baş naziri və digər nümayəndələri istədikləri vaxt oraya səfərlər edirlər. Beynəlxalq təşkilatlar bu prosesləri kənardan müşahidə edir, heç bir təsirli addımlar atmaq istəmirlər. Bu rəzalətə birdəfəlik son qoyulmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Mitinqin məqsədi qarabağlıların, bütün qarabağsevərlərin, Azərbaycan cəmiyyətinin Qarabağla bağlı vahid iradəsinin nümayiş etdirilməsindən ibarətdir. Azərbaycan xalqının vahid iradəsinin nümayiş etdirilməsinə şərait yaradılmalı və xalqın iradəsinə arxalanaraq torpaqlarımızın azadlığı üçün dərhal ən radikal addımlara əl atılmalı, işğalçılara qarşı azadlıq müharibəsinə başlanmalıdır. Qarabağ mitinqi artıq cəmiyyətdən gələn sosial sifarişə çevrilmişdir, hər bir azərbaycanlının istək və tələblərinə cavab verir. Biz Azərbaycanda və ya kənarda yaşamasından, siyasi mənsubiyyətindən, iqtidarda və ya müxalifətdə olmasından, işindən, məşğuliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir azərbaycanlının mitinqə dəstək verəcəyinə, iştirak edəcəyinə əminik”.

Qeyd edək ki, bundan əvvəl mayın 12-də QAT eyni ünvanda Qarabağ mitinqi keçirmək üçün aprelin 4-də BŞİH-ə rəsmi müraciət etmişdi. Lakin müraciətə sonadək heç bir cavab verilməmişdi. Bu səbəbdən mitinq keçirilməmişdi.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300