Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlaya bilər » Ulu Yol Xəbər portalı

                  Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlaya bilər

 

Ekspertlərin fikrincə, indi heç zaman olmadığı qədər əlverişli şərait yetişib

 

Azərbaycanın Ermənistanla sərhəd bölgələrində antiterror əməliyyatlarına başlayacağı barədə iddialar meydana çıxıb. Xüsusilə də ötən həftə Azərbaycan ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam ələ alması və bir sıra yüksəklikləri azad etməsi, sərhəd rayonları olan Ağdam, Gədəbəy və Tovuzun icra başçılarının çıxarılması, son olaraq, prezident İlham Əliyevin Belarusdan alınan "Polonez” və İsraildən alınan LORA raketlərinə baxış keçirməsi ehtimalları artırıb.

Son iki ayda Ermənistan daxilində baş verən hadisələrin Azərbaycanın əlinə fürsət verdiyi və rəsmi Bakının bu fürsəti əldən qaçırmamasının vacibliyi qeyd olunur. Ermənilərin əlinə belə bir imkan düşərdisə, bundan artıqlaması ilə istifadə edib ölkəmizə qarşı təxribatlara əl atardılar. Bu baxımdan Azərbaycan tərəfin mövcud vəziyyətdən istifadə edib hərəkətə keçmək üçün hazırlıqlar gördüyü barədə iddialar səslənməkdədir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətinə görə, təcavüzkar ölkədəki yeni nəsil Qarabağ müharibəsinə hazır deyil:"Mən hələ iki il əvvəl aprel savaşı ilə bağlı kitabımda yazmışdım ki, düyməyə basılıb, Azərbaycan üçün geriyə yol yoxdur, ordumuzun torpaqlarımızı işğaldan azad etməkdən başqa alternativ qalmayıb. Danışıqlar nəticə verməyib və verməyəcək də. Ermənistanda torpaqlarımızın azad edilməsi zərurətini anlayan siyasətçi yoxdur. Erməni siyasətçilər bizim gücümüzü görməlidirlər ki, məhz bundan sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətini anlasınlar. Yəni məhz ordumuz Ermənistanı güzəştə məcbur etməlidir. Diplomatiya bunu bacarmadı, ordu bacarmalıdır. İndiki vəziyyətdə ordu diplomatiyanı üstələməlidir. Azərbaycanın əsgər və zabitləri döyüşə atılmaq üçün fürsət gözləyirlər. Hərbçilərimizi saxlamaq da asan məsələ deyil. Təmas xəttində hər gün işğal altındakı torpaqları izləmək əsəbləri tarıma çəkir.

Elxan à žahinoğlu ile ilgili görsel sonucu

 

Bu təbiidir. Ermənistanda 25 ildə yetişən yeni nəsil isə Qarabağ uğrunda ölüm-dirim savaşına hazır deyil. Bu bizim üçün də yeni fürsətlər yaradır. Regional şərait də bizim xeyrimizə işləyir. ”Öz vaxtında Türkiyənin kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi" - bu sözlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna məxsusdur. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli ali diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb. Mövlud Çavuşoğlunun bu açıqlamasının çəkisi indi daha ağır gəlir. Türkiyə ordusu bir tərəfdən Suriya və İraqda terrorçuları küncə sıxışdırır, uğurlu hərbi əməliyyatlar keçirir və heç bir dövlət buna mane olmur və ya mane ola bilmir. Bu arada, Azərbaycan ordusu da ard-arda strateji yüksəklikləri ələ keçirir. Yəni həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəliləyirlər. Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesajdır. Bu mesajı həm də belə oxumaq lazımdır ki, vaxtilə Ermənistan məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Türkiyə səssiz qaldı. İndi isə bölgədə çəkisi artan Türkiyə ordusu hərəkətdədir, ölkə kənarında mühüm vəzifələri həyata keçirir.

Ölkə kənarı isə geniş məfhumdur. Ermənistanda Rusiya faktoru və varlığı olmasaydı Azərbaycan Türkiyə ilə birgə məsələni çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikləri geri qaytarmasına Rusiya bir şey demir. Elə Ermənistanı dəli edən də budur. O biri tərəfdən indi də Belarusun üstünə düşüblər ki, bəs sən (oxu: Minsk) niyə mənim müttəfiqim ola-ola Azərbaycana silah satırsan? Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin cavabını yaxşı verib. Birincisi, deyib ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil. İkincisi, Lukaşenko bildirib ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib. Yəni Lukaşenko ermənilərə demək istəyib ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana dəxli yoxdur. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək. Azərbaycan ordusunun 3 istiqamətdə işğalçının problemlərini artırması mümkündür. Birinci, Dağlıq Qarabağ istiqamətidir. Məsələn, Sərsəng su anbarının ətrafının boşaldılması planı gündəmə gələ bilər. İkincisi, Naxçıvanda növbəti həmlələr həyata keçirilə bilər. Üçüncü istiqamət Tovuz və Qazaxdan reallaşdırıla bilər. Ermənistan ordusu bu 3 istiqamətdə qüvvələrini torparlamaqda çətinlik çəkəcək. Onların bütün diqqəti Dağlıq Qarabağın qorunmasına yönəlib. Halbuki Azərbaycan-Ermənistan sərhədi daha uzundur və biz işğalçının problemlərini artıra bilərik".

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

 

Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova Azərbaycanın belə bir əməliyyat keçirmək hüququnun olduğunu qeyd etdi:"Azərbaycan dövləti antiterror əməliyyatı keçirmək hüququna malikdir. Bu, onun beynəlxalq hüquq, BMT və ATƏT, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində təsbit olunmuş müstəsna hüququdur. ”Polonez" sistemlərinə gəlincə, Belarusdan bu sistemlərin alınmasından ermənilər çox narahatdır. Hətta guya Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqi olan Ermənistana xəyanət etdiyini deyirlər. Halbuki bu ittifaq çərçivəsində birləşmiş ölkələrin əslində heç biri digərini əsl müttəfiq kimi qəbul etmir. Bu, formal bir ittifaqdır. Azərbaycan "Polonez” almazdan əvvəl Ermənistan Rusiyadan "İsgəndər” sistemləri almışdı. May ayında Soçidə Avrasiya İqtisadi Birliyinin sammitində Paşinyan Lukaşenkoya Azərbaycana silah satışına görə narazılığını bildirib. Lakin Lukaşenko kimi Qərbdən uzaq, sovet sisteminin bir çox müsbət xüsusiyyətlərini ölkəsində qoruyub saxlamış bir liderin Qərbin köməyilə çevriliş edib hakimiyyətə gələn Paşinyana şəxsi antipatiyası gözləniləndir. Bundan başqa, hər dövlətin öz marağı var və silah satışı da Belarusun suveren hüququdur. Bundan başqa, bu sistemlərin məhz indi Azərbaycana satılmasında Rusiyanın xeyir-duası da olmuş ola bilər. Yəni indiyədək Rusiya Ermənistana "İsgəndər” sistemləri və digər müasir silahlar verib. Lakin Ermənistanda qərbpərəst qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gəlməsi Rusiyanı vadar edir ki, artıq hərbi balansı Azərbaycanın xeyrinə dəyişsin. Buna görə də Belarusa Azərbaycana bu sistemləri satmağı tövsiyə etmiş ola bilər. Rusiya artıq Cənubi Qafqazda hərbi balansın Azərbaycanın xeyrinə dəyişilməsini istəyir. Bunun növbəti mərhələsi həm də siyasi dəstək ola bilər. Məhz bu səbəbdən Paşinyan danışıqlardan bir müddət uzaq durmaq, qəbul olunması mübahisə doğuracaq danışıqlarda yeni təkliflərlə çıxış edir. Belə bir məqamda hazırda status-kvo Azərbaycanın xeyrinədir.

Qarabağda antiterror ile ilgili görsel sonucu

 

Azərbaycan bu üstünlüyünü sonadək qorumalıdır. Hərbi əməliyyatlar aparması üçün heç zaman olmadığı qədər əlverişli şərait yetişib. Prezident Əliyev bir daha Ermənistana sübut etdi ki, Azərbaycan ondan üstündür, hətta onun müttəfiqləri ilə belə Ermənistanın iradəsi ziddinə gedərək istənilən razılaşma əldə edə bilər. Paşinyan hələ deputat olarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini qaldırıb. İndiki şəraitdə Ermənistan çox güvəndiyi bu təşkilatlarda dayaqlarını itirirsə, demək, Qarabağ cəbhəsində də artıq müdafiəsiz qalıb. Azərbaycan bu fürsətdən istifadə etməli və mümkün olan hər yerdə hücumlar təşkil etməlidir. Paşinyanı hakimiyyətə gətirən qüvvələr Ermənistanı müdafiə etməyəcəklər. ABŞ Gürcüstanda, yoxsa Ukraynada gəlib vuruşdu? Nə vaxt ki, Ermənistanda qərbpərəst qüvvələri iğtişaşlara başladı, Rusiya bununla Ermənistana mesaj verdi ki, Azərbaycanın öz rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqi olan Belarus tərəfindən reaktiv sistemlərlə silahlanmasına mane olmayacaq. Azərbaycan strateji dərinlikdə yerləşən hədəfləri vurmağı qarşısına məqsəd qoyub və "Polonez” sistemləri bu baxımdan əhəmiyyətlidir. Bu da o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi vurmağa qadirdir. Məncə, o, bunu etməlidir. Aprel savaşında Rusiya çox narahat olmuşdu və Azərbaycana əməliyyatları dayandırmağı xahiş etmişdi. Lakin bu gün artıq Rusiya Ermənistanı müdafiə etməyəcək. Regionda status kvo tamamilə Azərbaycanın xeyrinə dəyişib. Artıq nə Rusiya, nə də İran Ermənistanı müdafiə etməyəcək. Çevrilişdən sonra Ermənistan onların qarşısında etimadını itirib. Bu şərait Azərbaycan üçün çox əlverişlidir. Azərbaycanda buna ən doğru qərar verə biləcək şəxs Ali Baş Komandandır. Çünki o, ölkədəki vəziyyət, o cümlədən cəbhə bölgəsində vəziyyət barədə ən məlumatlı insandır. İndiki status kvoda üstünlük Azərbaycanın xeyrinədir və o, bunu saxlaya biləcək. Əgər müharibə başlasa, böyük dövlətlər, güc mərkəzləri hay-küy salıb, bəyanat verib sakitləşəcəklər. Onlara qarşı əsas arqument var - BMT-nin 4 yerinə yetirilməmiş qətnaməsi. Qətnamədə erməni silahlı birləşmələrinin dərhal, qeyd-şərtsiz işğal etdiyi ərazilərdən çəkilməsi tələb olunur. Azərbaycan da həmin qətnamələri yerinə yetirirsə, burada heç bir problem qalmır. İndiyədək bunun icrasına elə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan, həm də Minsk Qrupunun həmsədrləri mane olurdular. İndi isə onların arasında Ermənistan üzərində ziddiyyət dərinləşib. Azərbaycan bu fürsətdən mütləq istifadə etməlidir. Və edir. Naxçıvandakı əməliyyatlar, yeni silahların alınması, sərhəd bölgələrində icra başçılarının yeniləri ilə əvəzlənməsi buna misaldır. Hələ bu, işin görünən tərəfidir. Bizim bilmədiyimiz məxfi hazırlıq planları mövcud ola bilər ki, bunu da Ali Baş Komandan və müvafiq sahəyə məsul şəxslər bilə bilər. Lakin hər bir halda Rusiya-Ermənistan ittifaqı artıq sarsılıb. Qərb isə əsas məsələ hesab etdikləri Yaxın Şərqdə planlarını hələ yerinə yetirib başa çatdırmamış Cənubi Qafqazda - Rusiya və İranla sərhəddə münaqişəyə cəlb olunmaqdan çəkinərlər".

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünmür ki, Azərbaycan antiterror əməliyyatlarına başlayır:"Bu əməliyyatlara Azərbaycan başlasaydı, çoxdan ortada bir nəticə olardı. Rəsmi Bakı, sadəcə, lazımi məqamlarda vacib addımlarını atır. O addımlar da hesab edirəm ki, doğru və dürüst addımlardır. Nədən biz düşmənin indiyə qədər bizimlə bağlı həyata keçirdiyi məsələləri onlara bağışlamalıyıq? Azərbaycan kifayət qədər səbir nümayiş etdirib, danışıqlar prosesinə sadiqliyini daim göstərib. Sadəcə olaraq, Azərbaycan tərəfi heç bir güc tətbiq etmədən düşmənin bəzi hərəkətlərindən hərbi nöqteyi-nəzərdən ağıllı şəkildə yararlanıb. Tank, top, təyyarələrdən istifadə etmədən ciddi uğurlar qazanmışıq. Erməni mətbuatı ilə bu günlərdə tanış oldum. Bir təhlilçi yazır ki, Azərbaycan tərəfi addım-addım hücuma keçib, Naxçıvan və Qarabağ istiqamətlərində irəliləyir. Bu gün Azərbaycan kifayət qədər güclüdür. Son olaraq, ölkə başçısının raket-artilleriya hərbi hissəsində olması və Belarus, İsraildən alınan raketlərin nümayiş etdirilməsi və bu kimi məsələlər o anlama gəlir ki, Azərbaycanın bu məsələdəki mövqeyi qətidir. Əgər danışıqlar prosesi bundan sonra nəticə verməyəcəksə, ölkəmiz bütün mümkün vasitələrdən istifadə edəcək. Amma hələ ki Azərbaycan aktiv hərəkətə başladığını demək tezdir. Sadəcə, sutkanın 24 saatını döyüş bölgələrində əsgərlərimiz döyüş hazırlığını yerinə yetirməklə məşğuldurlar. Həmin döyüş tapşırıqlarının da bəzən belə nəticələri olur. Naxçıvan istiqamətində nəzarət altına aldığımız ərazini nəzərdə tuturam. Bu gün Ermənistan ordusunda olan acınacaqlı vəziyyətin nəticəsi kimi onlar belə bir vəziyyətlə üzləşdilər ki, bir müddət neytral zonada yerləşən ərazilərimiz artıq silahlı qüvvələrimizin tam nəzarəti altına keçib. Bu da olduqca böyük bir uğurdur və hər kəs buna, sadəcə, sevinməlidir”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300