Qüds günü -bütləri sındıranların günüdür

 

Qarabağı niyə itirdik? Zəngəzuru niyə itirdik? Vətən torpaqlarını niyə itirdik?

Bismilləhir-Rahmənir-Rahim!

Hərə bir səbəb göstərəcək. Kimisi siyasi amillərlə bağlayacaq, kimisi geopolitik oyunların nəticəsi kimi dəyərləndirəcək, bir başqası başqa amillər arayacaq. Amma bu itkinin gerçək bir səbəbi var. Şuşadan qabaq biz bir başqa şeyləri artıq itirmişdik.

Bu itkilərin səbəbi nədir?!

Biz niyə bu gün əziz Şuşanı azad edə bilmirik? Çünki hələ də ondan öncə itirdiyimizi qaytarmamışıq. Hətta deyərdik ki, itirə-itirə də gedirik. Deməli, əslində bu itkilər davam etdikcə, Şuşamızın itkisini daha da artırırq.

Biz Şuşanı, Qarabağı ona görə itirdik ki, özümüzü itirmişik. Bu torpaqları quru coğrafi anlayışdan müqəddəs Vətən anlayışına qədər ucaldan öz vücudi kimliyimizi itirmişik. Biz Şuşadakı, Qarabağdakı, İrəvandakı məscidləri ilk olaraq deyil, ondan öncə onun içindəki gerçək varlığımızı itirmişik. Biz əvvəl bu məkanlarda yaşayan insanımızın varlığını itirmişik.

Mübarək ayın axırıncı cümə günü

Mübarək Ramazan ayının axırıncı cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Mübarək Ramazan ayı ilə Beynəlxalq Qüds günü arasında birbaşa əlaqə vardır. Çox ciddi vicudi əlaqələri vardır. Əlaqə bundan ibarətdir ki, mübarək Ramazan ayı mahiyyətcə bizlərdə təqvalılığı artırmaq üçündür. Qüds günü də məhz təqvalıların günüdür. Mübarək Ramazan ayının ana məqsədi, ana hədəfi - bizdən bəndə yetişdirməkdir. Qüds günü - bəndələrin günüdür. Qüds günü - Allah bəndəlik etmək istəyənlərin günüdür.

Ən əsas məsələ budur ki, biz bu günü tarixi bir gün kim yox, coğrafi, geopolitik bir gün kimi yox, elə sırf ibadi, İslami bir gün kimi dərk edək. Və necə biz həcc əməllərini başa vurduqda həccin yekunlarında zalımlara "yox” deyərək, əslində öz tövhidpərəstliyimizi bildiririk, mübarək Ramazan ayının da mənəvi səfərinin yekununda Qədr gecələrinin əhyasından çıxmış insanın əslində bir "La İləhə İlləllah” hayqırtısıdır Qüds günü.

Əslində Qüds günü - dünyada bütün İslam torpaqlarının işğalına "Yox!” demə günüdür. Bu anlamda Qüds günü həm də Qarabağ günüdür. Qüds günü - Şuşa günüdür, Ağdam günüdür. Bu gün təkcə Fələstin günü deyil, həm də Qarabağ, İraq, Əfqanıstan, Pakistan, Kəşmir, Myanma günüdür. Ümumən İslam torpaqlarının hər bir yerində ki, zülm edilir, hər yerində ki, müsəlmanların haqlarına təcavüz edilir, ümumən insanlıq adına təcavüz edilir - Qüds günü həm də bura bağlıdır. Bu mənada bu günün anlamı yalnız tarixi və coğrafi anlamla yekunlaşmır.

Bəli, Qüds günü - bütün zülmə məruz qalmış insanların günüdür. Allah dərgahında bir ay oruc tutmuş və mənəvi yüksəlişə çatmış insanın sözün həqiqi mənasında ilahi vətəndaşlıq günüdür Qüds günü! Qüds günü - böyük ariflərdən biri buyurmuşkən - İslam günüdür. İslam anlayışının içində nə varsa, Qüdsdə də var. Qüds günü bütləri sındıranların günüdür. İstər maddi, istər qeyri-maddi bütlərini sındıranların günüdür. Dünyanın hər yerində, harada olmaqlarından asılı olmayaraq, bütün müsəlmanlar - "La iləhə illəllah” əhli, Rəsulullah (s) aşiqi, qiblə tanıyan, əhya saxlayan insanlar bu gün Qüds günü keçirir. İstər Fransada, istər Ərəbistanda, istər Türkiyədə, istər Avstraliyada - harada müsəlman var, ona çətin də olsa, asan da olsa, onu tərifləsələr də, acılasalar da - bu gün Qüds gününü keçirir.

İzzət günü

Qüds günü müsəlmanların izzəti günüdür. Qüds günü bir gündür ki, bu gündə müsəlmanlar bir toplum olaraq, cəm şəklində öz sözlərini dünyaya çatdırırlar. Qüds günü müsəlmanların izzət günüdür. Ona görə də izzətlə bağlı mövzuya aydınlıq gətirək.

İmam Sadiqdən (ə) nəql edirlər: "İzzət odur ki, hər vaxt ki, haqla üzbəüz gəlsən, gərək haqqın müqabilində təvazö edəsən”. Bu, çox böyük, fövqəladə dərəcədə fundamental dəyərdir. İzzət o deyil ki, adamın pulu çox ola, malı çox ola, adamlar içində süni təriflərlə yaşaya. Mübarək İslam məntiqində haqq müqabilində təvazö edən zaman insanın izzəti var. Bu insan haqq və ədalət tərəfdarıdır, haqq və həqiqətə səcdə edir. Ola bilər insana haqqın heç bir xeyri olmasın və hətta haqqın əksi ona zahiri bir xeyir də versin. Amma izzət odur ki, insan ona xeyir versə də, zərər versə də - zahiri haqqın qarşısında təvazö edə və həqiqi haqqın qarşısında isə baş əysin.

Həzrət Əli (ə) buyurur: "Hər kim izzəti Allahdan qeyrisində axtara, o ”izzət" onu məhv edər". Məsələn, bir adam deyə ki, düzdür, Allah var, Peyğəmbər (s) var - bunlar hamısı öz yerində və bir kənarda qalsın, amma mən istəyirəm insanların əli ilə bir izzət tapam. Yəni bir var insan izzətin mənbəyini Allahda görür, bir də var ki, adamda ikiləşmə gedir. Adi həyatımızda adət üzrə olduğu kimi, həm Allahın ətəyindən istəyirik tutaq, həm də əl atıb insanların ətəyindən möhkəm yapışaq. İstər ailə məsələsində olsun, istər ictimai işlərdə olsun - fərqi yoxdur, çox işlərimizdə təqribən belədir. Bu, müasir dövrün xəstəliyidir - insan ikiləşib: istəyir həm Allahpərəst olsun, həm də qeyri-Allahpərəst.

Vasitələr insanı Allaha tərəf apardığı, Allaha xatir olduğu və Allah dediyinə görə olduğu halda yaxşıdır. Amma, Allaha xatirliklə paralel bir başqa qüvvə də insanda olsa və bir gün bu insan əlini Allahdan üzüb, izzəti həmin o qüvvədə axtarsa - bu adam həlak olacaq. Əmirəlmöminin Əlidən (ə) nəql edilən digər bir hədisdə "Hər vaxt izzət axtarışında olun” - dediyini görürük. Yəni İmam (ə) buyurur ki, Allaha itaətdən, ibadətdən kənar izzət axtarma mexanizmləri - hamısı boşdur, müvəqqətidir və insanı yarı yolda qoyar.

İzzətli olmaq nə üçün lazımdır?

Bu gün ən mühüm və ciddi məsələlərdən biri - durumumuz, vəziyyətimizdir. Biz niyə bu günə düşmüşük? Çünki fərdlər izzəti-nəfslərini itirirlər. İqtisadi durum bir tərəfdən, ictimai durum o biri tərəfdən - izzəti-nəfsli şəxslərin yetişməsi üçün şərait yoxdur. Xüsusilə də iqtisadi durum insanları o kökə salıb ki, ümumiyyətlə, bu müstəvidə fikirləşmək üçün imkan və şərait itib. Amma, əgər bu cür davam etsə, hər birimiz üzərimizə düşən izzətli insan olma, izzəti-nəfsə malik olma funksiyasını yerinə yetirməsək, bu toplumun axırı hara gedər - Allah bilir. Bəli, çox acınacaqlı haldır ki, bu gün biz nə bir toplum kimi, nə də, nadir halları çıxmaq şərtilə, bir fərd kimi izzəti-nəfsə malik deyilik. Niyə? Çünki, həm izzəti-nəfsli insanlar azdır, həm də bir ab-hava yaranıb ki, izzəti-nəfsli olmaq dəyər sayılmır. Əksinə, tam başqa dəyərlər mövcuddur. İndi ikiüzlü olmaq, ona-buna yaltaqlıq etmək dəyər sayılır. İzzəti-nəfsli olmaq isə elə sayılır ki, guya belə insan çox uzağa gedə bilməz. Bax, şüuruna belə psixologiya hakim olmuş toplumu ağır fəlakətlər gözləyir. Necə ki, Fələstin xalqı vaxtilə fəlakətə uğradı.

Bəli, Fələstin xalqı birdən-birə öz torpaqlarını itirmədi. Belə olmadı ki, fələstinlilərə, o əziz müsəlmanlara dedilər: "Sən bu bir neçə kvadrat kilometrdə qal, yaşa”. Bir kvadrat kilometrdə Almaniyada təqribən 227 nəfər, Fransada 106 nəfər, Türkiyədə 77 nəfər yaşayır. Fələstində isə 2617 nəfər yaşayır. Hətta türmələr üçün xüsusi beynəlxalq konvensiyalar var ki, dustaq hansısa minimum standartlardan kiçik yerdə qala bilməz. Həbsxanalarda monitorinq aparan insan haqları müdafiəçiləri ora girən kimi birinci növbədə bunu ölçürlər, sayırlar, baxırlar. Əgər azdırsa, demək, məhbusun hüququ pozulub.

Amma Fələstində necədir? Elə bil ki, adamı öz evindən qovalar, sonra isə həyətin bir küncündə balaca bir dam düzəldələr, evdə yaşayanların da hamısını bu damın altına salalar və deyələr ki, siz indi burada yaşamalısınız. Beləliklə, 1948-ci ildə fələstinliləri sürgün edirlər Qəzzaya və İordan çayının Qərb sahilinə, o vaxtdan da bu problemlər başlayır. Fələstinlilərin o hala düşməkləri bəlkə də vaxtilə etdikləri səhlənkarlıqlarının nəticəsidir. Sözsüz ki, obyektiv-subyektiv başqa səbəblər də var.

Hara getdiyimizi bilməliyik

Bunları sadalamaqda məqsəd budur ki, biz bu durumla, bu vəziyyətlə hara getdiyimizi bilək. Bizim Qarabağ dərdimiz vardır. Bu yaramız yavaş-yavaş köhnəlir, öyrəşilir. Bu gün bizi birtəhər öyrəşdirmək istəyirlər ona ki, torpaqlarınız gedib, bir hissəsini qaytararıq və yaxud nəsə edərik. Elə fələstinlilər də təqribən bu cür idilər. Onlar da heç fikirləşmirdilər ki, yavaş-yavaş torpaqları gedəcək. Birdən ayıldılar ki, torpaq yoxdur. İndi isə elə bir vəziyyət yaradılıb ki, hamı fələstinlilərin günahkar olduğunu zənn edir. İndi səhərdən axşama kimi bütün mətbuatda, televiziyada belə təqdim olunur ki, guya bunlar terrorçudurlar. Qəribədir, oturmusan evində, gəlib səni güclə qovurlar. Sən də deyirsən ki, axı bu, mənim evimdir, icazə verin evimdə normal yaşayım. Onda sənə deyirlər ki, "Sus! Səsini çıxarma! Yoxsa gözünü çıxararıq”. Sən də nəfəs almaq üçün, ölməmək üçün, ibadət etmək üçün hüququnu qorumaq istəyəndə, deyirlər ki, "sənə bu da çoxdur”. İstədikləri vaxt tuturlar, həbs edirlər, işgəncə verirlər, öldürürlər, istədikləri cinayətləri edirlər.

Qüds günü təkcə Fələstinlə bağlı bir gün deyil. Qüds günü - müasir dünyada müsəlmanlara üz tutularaq çalınan bir təbildir! Bu təbil deyir: "Ey, müsəlman! Sən bu məğlubiyyətlərlə hara gedirsən? Bəs bunun sonu nə olacaq? Axı bu gün bu zülm Fələstində varsa, sabah hər yerdə ola bilər...” Necə ki, gözümüzün qabağında artıq baş verməkdədir - Qarabağ, Əfqanıstan, İraq, Kəşmir, Myanma, Bəhreyn, Suriya... Qarabağımızda gör nələr baş verir!?

İstəyirik bilək Qüds nədir, gərək erməni əsirliyində əziyyət çəkən əsirlərimizi, onların nalələrini, itirilmiş torpaqlarımızı yada salaq. Əgər anlamaq istəyiriksə ki, necə oldu Qüds meydana gəldi, gərək gözümüzün qabağında satılan torpaqlarımızı, bu torpaqlarla edilən alverləri xatırlayaq. Elə bütün dünya səviyyəsində müsəlman torpaqları bu durumdadır. Ona görə də, bizim dəqiq bir şüarımız var: Qüds - yəni Qarabağ! Qarabağ - yəni Qüds!

Səhvləri təkrar edirik

Bəlaların kökü çox sadə məsələlərdən başlayır. Əvvəl toplumun, millətin əqidəsi, milli ideologiyası, onun dini unutdurulur. Bundan sonra toplumun mədəniyyəti əldən gedir. Daha sonra - torpaqları əlindən alınır. Bütün bunlardan sonra isə hər bir şeyi gedir. Biz fələstinlilərin səhvlərini bu gün də davam etdiririk. Fələstinlilər hansı səhvləri buraxıblar, indi biz bunların hamısını təkrar edirik. Hal-hazırda Fələstində olduğu kimi, düşmənlə məğlubiyyət müstəvisində danışmağın mənası yoxdur. Düşmənlə torpaqların bütöv hamısının yox, bir hissəsinin qaytarmasının müzakirəsini etmək - məğlubiyyət deməkdir. Çünki ondan sonra deyiləcək ki, gəlin bu hissəsini yox, başqa bir hissəsini verək. Bir beş-on il də bunun müzakirəsi gedəcək. Sonra deyəcəklər ki, məsələn, gəlin bu balaca hissənin yox, digər bir hissənin yarısını verək. Buna da bir beş il müzakirə lazım olacaq... Misal üçün, 13 faizini nə edək. 8 faizini nə edək...

Bax, Fələstində həmin o məsələdir. O boyda yer işğal olunub, indi 8 faizin və ya 13 faizin söhbəti aparılır. Bəs bu, nə zaman baş verir? Əvvəlcə camaata adət etdirilir ki, məsələn, işğal edilmiş yerin 13 faizi azad edilsə, çox böyük nailiyyət əldə etmiş olacağıq.

Fikir versək, görərik ki, həmin o səhvlər indi Qarabağ məsələsində də buraxılır. Onda çıxış yolu nədir? Çıxış yolu birdir və sadədir. Biz əgər nəzər salsaq bütün dünya xalqlarının tarixinə, görərik ki, ikinci yol heç vaxt olmayıb. Millətin özünün içindən hərəkətverici insanların sayı artmayana qədər, o millətdən millət olmayıb. Nə qonşu gəlib sənin yerinə torpaq azad edəsidir, nə başqa birisi. Millət özü özünə yiyə durmalıdır.

Bir fikir verin, əsrimizin əvvəlindən bu günə qədər dahilərimiz məhv olandan, şəhid olandan sonra bizi sanki bir neçə yerdən iflic vəziyyətinə saldılar. Əvvəla, məscidlərimizi - bizim mənəviyyat passionarlığı yetişdirən yerlərimizi, mənəviyyat fundamentimizi elə kökə saldılar ki, ancaq formal bir ad qaldı. Amma dünyada elə deyil. İnsanların öz hüquqları uğrunda mübarizə apardıqları hər bir yerə nəzər salsaq görərik ki, onların həmişə mənəviyyatlarının dayağına - dinlərinə bağlılığı olub. İstər Qərbdə, istər Şərqdə.

Tarixə nəzər salsaq görərik ki, nəinki Sovet dövründə, hətta daha əvvəl - çar dövründən xalqımızın mənəvi passionarlıq mənbəyi olan məscidlərimizi nə günə salıblar. İslam dinini nəzarətə götürmək üçün hələ çar dövründə yaradılmış qurumlar olub. Sovet rejimi çar dövrünün bütün strukturlarından imtina etdi, amma bu yanaşmadan əl çəkmədi. Bəs nə olur nəticədə? Nəticədə məscid Allah evi olmaq əvəzinə, çevrilib olur başqa şeylər. Və bir millət ki, onun məscidləri azad deyil, bir millət ki, onun azadə möminləri yoxdur, bir millət ki, onun hürr insanları məscidlərə yığılmır - həmin o millətin axırı daha ağır vəziyyətə düşəcək.

Özünəqayıdış günü

Qüds günü - ayılma günüdür. Qüds günü - müsəlmanların özlərinə qayıtma günüdür. Qüds günü - öz mənliyinə, öz mənəviyyatına, öz milli ideologiyalarına, öz dininə, öz şəxsiyyətinə, öz vücudi durumuna qayıtma günüdür. Ona görə də, bu gün mücərrəd nələrdənsə danışmaqdansa, istər Fələstində, istər Qarabağda, istər daha geniş olaraq ümumən müsəlmanların problemlərinin həlli müstəvisində söhbət açmaq gərəklidir. Müsəlmanlar ayılmalıdırlar. Azad olmalıdırlar. Həqiqi, xalqına bağlı olan ziyalılar yetişməlidir.

Qarabağ da, Fələstin və bütün başqa müsəlman torpaqları kimi bütün müsəlmanlara aid olan torpaqlardır. Və bütün bu torpaqların geri qaytarılması uğrunda şüurlu, məntiqli mübarizə aparmaq bütün müsəlmanlara vacibdir. Bu baxımdan, Qüds günü - Qarabağ günüdür, oyanış günüdür, özümüzə qayıdış günüdür, cılızlıqdan, kiçiklikdən, bölünməkdən, şəxsiyyətsizlikdən, yaltaqlıqdan xilas olma günüdür, insan olma günüdür, kamil insan yetişmə günüdür.

Bu günün mübarək Ramazan ayının sonuncu cümə gününə salınması da təsadüfi deyildir. Yəni, ey Allah qonağı, bu qonaqlığı nəinki bir tək mənəvi oyanışla, həm də ictimai oyanışla tərk etməlisən!

Allahım, bütün dünya müsəlmanlarını həm bu dünyada və həm də axirətdə həqiqi izzət sahibləri olan Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə məhşur et! Amin!


 

Hacı İlqar İBRAHİMOĞLU
(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300