İranla ABŞ arasında gərginlik pik həddə çatdı

 

İranla ABŞ arasında gərginliyin yeni mərhələsi başlayır. Belə ki, İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi bildirib ki, o, hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırıb.

Mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxdığını elan etmişdi. Bundan sonra Vaşinqton bəyan etmişdi ki, İranla yeni şərtlərlə müqavilə bağlamağa hazırdır. ABŞ dövlət katibi Mayk Pompeonun elan etdiyi 12 təklifə İranın nüvə fəaliyyətinin tamamilə ləğv olunması, silahlı islamçı müqavimət qruplarına dəstəyin dayandırılması və sair kimi tələblər daxildir. Ancaq gözlənildiyi kimi, İran bu tələbləri rədd edib.

Ancaq Trampın qeyd etdiyimiz qərarından sonra Vaşinqton İrana qarşı 3 müxtəlif sanksiya qərarı qəbul edib. Bundan başqa, Vaşinqton bəyan edib ki, 3 ay ərzində İrana qarşı dondurulmuş sanksiya qərarlarının hamısı yenidən aktivləşdiriləcək, 6 ay ərzində, yəni noyabra qədər isə yeni və Pompeonun deyimi ilə "tarixdə misli görünməmiş” sanksiyalar qəbul olunacaq.

Bu kimi qərarların nəticəsində artıq ölkədə böyük miqyasda inflyasiya var və İran valyutası sürətlə dəyərini itirir.

 

"Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu hal ABŞ-la İran arasında böyük gərginlik mərhələsinin başlanması deməkdir:

"Əvvəla deyim ki, İranın uranı zənginləşdirmək məsələsinin elmə, texnologiyaya heç bir aidiyyəti yoxdur. Yəni bu, sırf olaraq siyasi hikkə məsələsidir. Hesab edirəm ki, İran uranı 50 faizdən yuxarı zənginləşdirməyə hazır deyil. Əvvəla, o dərəcədə texniki potensialı yoxdur, ikincisi də hətta 50 faiz zənginləşdirilmiş uran belə İranın özü üçün çox böyük təhlükə mənbəyidir. Çünki dünyanın ən güclü nüvə dövlətlərindən biri SSRİ idi ki, orada uran şaxtaları boş səhralarda, Sibirdə, ayrıca yerlərdə idi. İranda elə bir texnologiya mövcud deyil ki, onlar 50 faizdən yuxarı zənginləşmiş uranı saxlaya bilsinlər. Yaponiyanın gücü hər kəsə məlumdur, ancaq orada baş verən hadisənin miqyasını gördük. İkinci məsələ də budur ki, ali rəhbərin belə bir göstəriş verməsi bu vaxta qədər İranın nüvə texnologiyası ilə bağlı olan əsas doktrinasını heçə endirdi. Yəni onlar deyirdilər ki, biz uranı zənginləşdirmirik, İslam dini silahı qadağan edib. Yaxşı bəs indi nə oldu? Bu mənada məsələ Qərb tərəfindən İranın dinə qeyri-sadiqliyi kimi qəbul ediləcək. Əgər bu gün İran Amerika ilə mübarizə aparırsa, elə etsin ki, 1 dollar 10 min real olsun. Hazırda İranda 1 dollar təxminən 90 min realdır. Getdikcə də ucuzlaşma davam edir. Sübut etmək istəyirlərsə ki, Amerikanın İrana qarşı sanksiyaları heç nədir, o zaman valyutalarını nizamlayib, iqtisadiyyatlarını qursunlar”.

Politoloq bildirib ki, artıq İranla ABŞ arasında müharibənin başlaması qaçılmazdır:

"Bu bəyanatla İranın göstərdiyi siyasi hikkə Amerikanı, İsraili bir az da qızışdıracaq. Müharibə İranın yaxınında və eləcə də ərazilərində gedəcək. Amerikanın ərazisində müharibə getməyəcək. Hətta heç bir ərəb dövləti iştirak etməsə də belə, Amerika İranın ətrafında müharibə aparacaq. Bununla İran xeyli itkilərə məruz qalacaq, vətəndaşları da didərgin düşəcək. Ona görə də İran hər şeyi dəqiqliklə hesablamalıdır. İranın Amerikaya cavab vermək üçün xeyli sayda arqumentləri var. Mövcud vəziyyəti Qərb ekspertlərinin əksəriyyəti müharibə qərarı kimi dəyərləndirdilər. Mən də elə başa düşürəm ki, Qərbin əlinə əsaslı bəhanə düşüb ki, İranı müharibəsiz sakitləşdirmək olmayacaq. Artıq müharibə başlaya bilər. İran getdikcə uduzur. Ona görə də hikkədən əl çəkməlidir. Diqqət edin ki, İraqda parlament seçkiləri keçirilən zaman İrana məxsus qüvvələr uduzdu. Halbuki İran bir müddət idi ki, İraqa maya qoyurdu. Bəli, İraqda hakimiyyətə gələnlər şiələrdir, Müqtəda əs-Sədrin blokudur. Ancaq Müqtəda əs-Sədr elə şiədir ki, özünü ərəb kimi dərk edir. O, İranın İraqın daxilindəki iştirakının əleyhinədir. Bir neçə dəfə o, hətta İrana qarşı silahlı üsyan da etmək istəyib. Hazırda İranı Suriyadan da çıxarmaq istəyirlər. Bütün bunlar təsadüfi proseslər deyil. İranın milli valyutası birdən-birə çökmədi. Baş verənlərin hamısı planlı proseslərin nəticəsidir. İranın gücü olsaydı, bu qədər neqativ proseslərdən heç olmasa özünü müdafiə edə bilərdi. Bu ölkənin hazırkı seçdiyi yol yalnız və yalnız özünün ziyanınadır. Ona görə də onlar mümkün qədər tez geri çəkilsələr, müharibənin qarşısını ala bilərlər. Əgər İran belə mövqeyini davam etdirsə, müharibə qaçılmazdır və ABŞ, İsrail dünyaya bəyan edəcək ki, onları buna elə İranın özü sövq edir”.

Politoloq qeyd edib ki, Amerikanın da İrana qarşı etdiklərinin hamısını doğru saymaq olmaz:

"Tramp konkret deyə bilmir ki, İran ”Nüvə müqaviləsi"nin filan bəndini pozub. Ancaq Amerika prezidenti aydın şəkildə qeyd edir ki, "Nüvə müqaviləsi” imzalandıqdan sonra İranın hərbi sahəyə ayırdığı büdcə 40 faiz artıb. Bildirir ki, nə üçün digər sahələrə ayrılan pul artırılmayıb, ancaq hərbi güc artırılıb. Yəni İranın davranışlarının elə əlamətləri var ki, Tramp oradan özünə lazım olan nəticəni çıxara bilir. Hazırda diktə edən tərəf İran deyil. Dünyanın hər yerində donor rolunu Amerika oynayır. Buna görə siyasətin ən birinci adı mümkünlük sənətidir. Sən mümkün olanı öz xeyrinə dəyişməlisən. İranda isə bu yoxdur".

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300