Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair unikal nəşrlər - İlk dəfə

 

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və "Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr edib.

"Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

"Azerbaycan Cümhuriyyeti Osmanlı basınında” toplusunda Türkiyədə həmin dövrdə nəşr olunan qırx dövri mətbuat orqanının, o cümlədən "Tasviri-Efkar” (1864-1925), "Sabah” (1875-1922), "Tercüman-i Hakikat”(1878-1921), "İkdam” (1894-1931), "Tanin” (1908-1947), "Alemdar” (1912-1922) qəzetləri, "Sebilürreşad” (1908-1925) dərgisi və b. materialları verilmişdir. Bununla eyni zamanda, topluda dövrün ən mühüm problemlərinə dair Əhməd Ağaoğlunun, Yunus Nadinin, İbrahim Hilmi Tüccarzadənin, Fuad Köprülüzadənin, Əhməd Nəbizadənin, Ruşen Əşrəfin, Refi Cavadın, Süleyman Nazifin və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri vardır. Bu materiallarda Qafqazda və bilavasitə, Azərbaycanda cərəyan edən siyasi proseslər, İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans, Bakının azad edilməsi, Paris sülh konfransı tərəfindən Cümhuriyyətin de-fakto tanınmasının Türkiyədə yaratdığı ruh yüksəkliyi və digər problemlərə dair indiyədək elmə məlum olmayan dəyərli informasiyalar vardır.
"Birinci Dünya savaşı və Azerbaycan. Osmanlı arşiv belgeleri” adlı digər sənədlər toplusu isə Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir. Topludakı sənədlərin böyük bir qismi Cənubi Azərbaycanda baş verən hadisləri əks etdirir. Bunun nəticəsində Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq həm Şimali, həm də Cənubi Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini paralel şəkildə izləmək mümkün olur.

"Kafkasyada "ermeni meselesi”. 1895-1912. Osmanlı arşiv belgeleri” adlanan toplu xronoloji cəhətdən əvvəlki illərə aid olsa da Azərbaycan Xalq Cümhuriyyətinə aparan yola işıq salır. Qafqazda "erməni məsələsi”nin mahiyyəti, ermənilərin Şimali və Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri qətliamlara dair yeni arxiv sənədləri problemin indiyədək məlum olmayan bir sıra ciddi məsələlərini müəyyən etməyə imkan verir.

Toplulara daxil edilən sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlık Dövlət Arxivləri Genel Müdürlüyü Osmanlı Arxivi Dairə Başkanlığı (BOA) və Baş Qərargahın Əsgəri Tarix və Strateji Etüt Dairə Başkanlığı Arxivindən (ATASE) toplanmışdır. Tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürovun nəşrə hazırladığı sənədlər toplusuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.

"Yeni Kafkasya. 1923-1927” dərgisi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda çap olunmuşdur. Dərginin materialları uzun müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz hesab olunurdu. Avropa Azərbaycan Cəmiyyətinin layihəsi əsasında bu dərginin də bütün sayları latın əlifbasına transkripsiya edilmiş və bir araya gətirilərək dörd kitabda nəşr edilmişdir. Dərgini nəşrə Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlamışdır. Professor Yavuz Akpınar nəşrə ön söz və "Yeni Kafkasya”nın nəşri tarixi, müəllifləri, məqalələri və və s. haqqında oxucunu maraqlandıran suallara cavab verən geniş məqalə yazıb.

Bu kitablar Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair fundamental mənbə bazası olub, tələbələr, müəllimlər, tarixçi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300