Bakda küçə ticarəti bərpa edilə bilər –Gözlənti

 

İqtisadçı ekspert: "Turizmin inkişafi üçün də küçə ticarəti lazımdır”

 

Neçə ildir "şəhərin estetik görüşünü pozur” arqumenti ilə Bakıda küçə ticarəti ləğv edilib. Bununla bağlı Bakı Şəhər İcra hakimiyyətinin müvafiq göstərişi var. Küçədə qəzetdən tutmuş, su satışına qədər digər malların satışı qadağan olunub.
Əksər ölkələrin iri şəhər və paytaxtlarında küçə ticarəti mövcuddur. Bu, həm insanların ehtiyacını ödəyir, həm də ölkə vətəndaşlarının işsizlik probleminin qarşısını müəyyən qədər alır. Məsələn, İstanbulda küçədə addımbaşı qəzet, su, qovrulmuş şabalıd, simit və s. satana rast gəlmək olur. İstənilən adam aidiyyəti bələdiyyədən icazə alıb, vergisini ödəyib küçədə ticarətlə məşğul ola bilər.

 

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, Bakıda küçə ticarəti olmalıdır: "Bu, bir tərəfdən yeni iş yerlərinin yaradılması baxımından əlverişlidirsə, digər tərəfdən də rəqabət yaradır. Say etibarı ilə ticarət obyektləri nə qədər çox olarsa, rəqabət də bir o qədər çox olur. Son 10 ildə Azərbaycanda supermarket şəbəkəsi inkişaf etməyə başlayıb. Təbii ki, supermarketlərin özünəməxsus yeri, rolu və üstünlüyü var. Eyni zamanda kiçik ticarət obyektlərinin də öz yeri və rolu var. Avropanın inkişaf etmiş ölkələrində şəhərin mərkəzində küçə ticarətinə rast gəlinir”.

 

"Küçə ticarəti deyəndə ağıla təxminən Bakının 90-cı illəri gəlir. Əlbəttə, onda da küçə ticarətinin böyük üstünlükləri vardı. Əsas çatışmazlığı isə daha çox səliqəsizliklə bağlı idi. Çünki küçə ticarəti şəhərin təmizlik məsələsində problemlər yaradır. Bunun qarşını almaq üçün onlar üçün xüsusi yerlər ayrıla bilər. Vaxtilə Azərbaycanda da küçə ticarəti kifayət qədər inkişaf etmişdi. İndi isə küçə ticarəti daha çox partizan xarakteri daşıyır. Rəsmi icazə yoxdur, amma qeyri-rəsmi olaraq metro-stansiyaların bəzi giriş-çıxışında küçə ticarəti mövcuddur”, - deyə iqtisadçı əlavə edir.

 

S. Əliyev düşünür ki, turizmin inkişafi üçün küçə ticarəti lazımdır:"Ölkəyə gələcək turistləri qarşılayacaq ilk məkan küçə ticarətidir. Bunun üçün də küçə ticarəti vacibdir. Məsələn, kitab, suvenir, əl işlərinin satışı və s. Bu məsələ həllini tapmalıdır. Əlçatmaz yerlərdə satış həyata keçirtsinlər deyə, küçə ticarəti ilə yanaşı, hətta səyyar ticarətin inkişafı da vacibdir. Səyyar ticarət istehlakçıların rahatlığı baxımından çox əlverişlidir”.

 

Pakistanlı Həmzə vaxtilə metronun "Nəriman Nərimanov” stansiyasının çıxışında bijuteriya satardı. Azərbaycana 2009-cu ildə gəlmişdi. Həmzəni Bakıya uzun illər Azərbaycanda alver edən dostu gətirib. Əslən Zaqataladan olan xanımla ailə də qurub. İki oğlu var. Uzun illər metro çıxışında bijuteriya satıb ailəsini dolandırardı. Bu illər ərzində Azərbaycanca da danışmağı öyrənib.

 

Satdığı bijuteriyalar görünüşcə əslindən seçilməsə də, qiymətləri arasında kəskin fərq vardı. Bahalı mağazalarda 50-60 manata satılan üzükləri Həmzə 5 manata verərdi. Bir az israr edəndə endirim də edirdi. Beləcə, həm onun cibi pul görərdi, həm də üzüyü alan qadınların üzü gülərdi.

 

İki ilə yaxındır Həmzə gözə dəymir. Bu yaxınlarda yolda qarşılaşdıq. Üz-gözündən kədər yağırdı. Əvvəlki deyib-gülən Həmzədən əsər-əlamət qalmamışdı. İş-gücüylə maraqlandım. Ovcunu göyə açıb "Allah nə versə...” - dedi.
Küçə ticarəti ləğv edən qərar Həmzə kimi onlarla, bəlkə də yüzlərlə insanın çörəyini əlindən aldı.

 

Qarşıdan yay gəlir. Ölkəyə xeyli turist gələcək. Turistlər üçün də küçə ticarəti əlverişlidir. Eyni zamanda Azərbaycanda işsizlik problemi var. Bunun qarşısını almaq üçün də küçə ticarətinə ehtiyac var. Bunu iqtisadçı da təsdiqləyir.

 

Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyətinə yeni təyin olunacaq başçı küçə ticarəti məsələsini də yenidən gözdən keçirəcək. Bununla da, həm insanların qarnı doyacaq, həm də ölkə iqtisadiyyatı qazanacaq.

 

Ləman Mustafaqızı, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300