Namaz – Bəndəliyin timsalı

Allahın adı ilə! Müqəddəs dinimiz İslamın gənclər arasında yayılması bütün inanclıların arzusudur. Həmd olsun Allaha ki, digər dövrlərlə müqayisədə dinimiz xalqa daha dolğun çatdırılır. Bu isə möminlərin sevinc qaynağıdır. Eyni zamanda bəzi məqamlarda onun qeyri-sağlam təbliği təəssüf doğurur. Məsələn, bəndəliyin ən uca zirvəsini əks etdirən Allaha səcdə - namaz, bəzən məqsədsiz olaraq "əyilib-durmaq” sözü ilə ifadə olunur. Onun yalnış düşüncə olduğunu sübut etmək üçün çoxlu dini ədəbiyyatın və dəlillərin olması mümkünsüz deyil. Seyid ibn Tavusun "Fəlahus-sail” kitabı bəndəlik məqamı ilə daha yaxından tanış olmaq istəyən dindarlar üçün dəyərli məlumat mənbəyi sayıla bilər. Düşünürük ki, o kitabdan əxz etdiyimiz və mətnini azca dəyişməklə hazıladığımız bu məqalə namazı - ibadəti yüngül sayanları rədd etmək üçün ciddi faktlardan biri oslun.

Namaz qılanın mənəviyyatı necə olmaldır?! Əgər bütün hərəkətli- hərəkətsiz vaxtlarında Allah taala ilə hesablaşan, həmişə ona diqqət edən, Allah təalanın buyurduqlarının mənasını dərk edən bəndəsənsə, bu ayəyə diqqət et: "Cinləri və insanları yalnız ibadət etsinlər deyə yaratdım” (Zairat, 56). Bəndənin Allah taalanın buyurduqlarına, gösrətişlərinə itaət etməyə nə dərəcədə hazır olduğu, məhz namazın timsalında aydın olur. O, zatən ibadətə layiq olduğu üçün Ona pərəstiş edirsən. Böyük bir şəxsiyyətin yanına daxil olan zaman hazırlıqlı olursan. Onu gördükdə ehtiram əlaməti olaraq ayağa qalxıb təzim edirsən. Yaxud da, böyük bir şəxsin nümayəndəsi ilə görüşə hazırlaşırsan. Sənin gözün ona, onun da nəzəri sənə yönəldikdə böyük şəxsin bu mümayəndə vasitəsilə sənə göndərdiyi xəbəri eşidib, şübhə və ikiürəkliliyə yol vermədən onu qəbul edirsən. O zaman niyyətini təzələməyə ehtiyac da qalmır. Belə olduğu halda Allahından xəbərsiz olsan, öz həva-həvəsinə diqqət etsən onda özünü namaz üçün durmağa azmış ürəyini ağılla cilovlayırsan. Onu mövlanın önündə durmağa vadar edib namaza hazır olursan. Allahın səni çağırdığını və səni gördüyünü xatırlayırsan. Ağlınla və ürəyinlə Onu ibadətə layiq bilir, Ona pərəstiş edirsən. Onun hüzurnda münacat edib səadətə çatmışların sırasına daxil olursan. İstər əda olsun, istərsə də qəza, vacib namaza durursansa, "bu ibadəti vacib olduğuna görə yerinə yetirirəm” deyə niyyət edib, onu Allah üçün yerinə yetirirsən. Təkbirətül-ehram "Allahu əkbər”, adətən qəflət halında deyil, Allaha hesablaşmaq kimi, ibadət məqsədi və sədaqətlə deyilməlidir. Bir kişi İmam Sadiqin (ə) hüzurunda "Allahu əkbər” dedi. Həzrət (ə) buyurdu: "Allah nədən böyükdür?” O kişi dedi: Hər bir şeydən. İmam Sadiq (ə) buyurdu: "Allahı məhdud etdin”. O kişi dedi: Necə deyim? Həzrət (ə) buyurdu: "Allah, vəsf olunmaqdan böyükdür”. Həzrət (ə) ona görə "Allahı məhdud etdin” buyurdu ki, bütün əşyalar yaranıb (mühdəsdir). Hər bir yaranmış məhdudur. Allah əşya ilə müqayisə olunmaz. Aydındır ki, hər kəs bu etiqadda (Allahı əşya ilə müqayisə etiqadında) olsa, Allahı onlarla bir sıraya salıb onlardan böyük bilər və bunula da Onu məhdud edər. Həzrətin (ə) buyruduğu "Allah vəsf olunmaqdan böyükdür” ifadəsində məqsəd odur ki, həqiqətən Allah taalanın sifətəri Onu əhatə etmir. (Allahın sifətləri kimi anladığımız) dar mənalı və qısa sözlər Allahın cəlalı məlumat olaraq (təsəvvürə əsasən) Allahı və Rəsulunu təsdiqləyən hidayət əhli üçün bəndələrin biliyi çərçıvəsində onlara öyrədilib ki, Allahı vəsf etmək istədikdə o kəlmələri dilə gətirsinlər. "Təkbir”-i ibadət məqsədi ilə demək, ürəyində və ağlında insana Allahdan əta olunan Onun zatı, sifətləri ilə tanışlığını və Allahın əzəmətini nəzərdə saxlamaqdan ibarətdir. "Allahu əkbər” Onun əzəmətinə etiqad bəsləndiyi halda deyilməli və hədəf Allah taalaya ibadət olmalıdır. Ona görə ki, O, ibadətə layiqdir. "Təkbirətül-ehram”ı sədaqətlə deməyin mənası odur ki, insanın dediyi onun əməl ilə uyğun olmaldır. Bu şəkildə: Qəlb, ağıl və nəfsində iddia edirsən ki, "Allahdan daha böyük yoxdur”. Bu zaman nəzərdə saxlamalsan ki, mənim üçün Ondan daha əziz kimsə və nə isə yoxdur və Ondan öndə deyil. O zaman heç bir şey sənin diqqətini yayındırmamalıdır. Allah taala Quranda açıq şəkildə digərlərini Allahdan önə çəkənləri hədələyib buyurub: "De: Atalarınız, övladlarınız, oğlanlarınız qardaşlarınız, zövcələriniz, yaxınlarınız, əldə etdiyiniz malınız, kasadlaşmasından qorxduğunuz ticarətiniz, bəyəndiyiniz məskən sizin üçün Allahdan, Onun Rəsulundan və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın (əmrinin) əzabının nazil olmasını gözləyin. Allah taala (fasiqləri) günahkar bir tayfanı hidayət etməz” (Tövbə, 24). Ağlında, qəlbində, nəfsində başqa bir şeyi Allahdan önə çəkən zaman, aləmlərin Rəbbinin qəzəbinə düçar olmaqdasan, Onun hidayəti sənə şamil olmayıb, fasiqlərdən hesab olursan. Bu ayənin mənasına bənzər və onu daha izahlı şəkildə açıqlayan, daha şəffaf dərk olunan bir rəvayət nəql olunub. İmam Sadiq (ə) buyurub: "Hər hasnı şəxsə Allah taala onun özündən, atasından övladlarından qohumlarından, bütün camaatdan daha sevimli olmadıqca, Allaha olan imanı xalis və saf olmaz”. Başqasını Allahın Rəsulundan (ə) öndə görməklə həqiqi iman hasil olmaz. Daha aydın bir rəvayətdə nəql olub ki, Peyğəmbər (s) buyurub: "Hər bir şəxsə özündən və övladlarından sevimli deyiləmsə və vücudum, ona öz vücudundan daha sevimli deyilsə, o, iman gətirməyib”. Allahın Rəsulu (s) digərlərini ondan belə öndə görməyi səhih, doğru saymadığı təqdirdə, başqalarını Allahdan öndə görməklə necə iman hasil ola bilər?! Vəccəhtu vəchiyə... (Üzümü Allaha tuturam) İmam Sadiq (ə) buyurub: "Həzrət (ə) namaza durduqda təkbirdən öncə buyurardı: -Göyləri və yerləri yaradan Allaha üz tuturam. .. Üzünün rəngi o qədər dəyişərdi ki, çöhrəsindən məlum olurdu. Bir hədisdə deyilir:

"İmam Həsən ibn Əli (ə) hər zaman dəstəmaz alıb onu tamamlayan zaman üzünün rəngi dəyişərdi.Onun səbəbi soruşulduqda həzrət (ə) buyurub: "Ərşin sahibi Allah taalının hüzuruna daxil olmaq istəyən üçün layiq deyilmi ki, rəngi dəyişsin?! Rəvayətdə nəql olunub ki, İmam Sadiq (ə) buyurub: Namaz vaxtı çatanda Əli ibn Hüseyn (ə) bədənin dərisi budaq (yarpaq) və ya qurumuş xurma ağacı kimi titrəyərdi. Namaza qəlbən hazır olmaq Biz Allah taalanın (böyüklük) heybəti və cəlalından qorxmalıyıq. Bəndənin Allahdan qorxması Onun zatən buna layiq olduğundandır. Biz isə Ondan qorxmuruq, hətta Allaha ibadətdə nümunə sayılan məsumlara (ə) da iqtida etmirik, onların arxasınca getmirik. Öz istəklərimizə təslim olub Onunla ardıcıl müxaləfətə qalxırırıq. Onun əmrini, nəhyini, Ona yaxınlaşmağı, müqəddəs münacatları kiçik saymağımız Ondan qorxmadığımızı göstərir. Məbudumuza qarşı olan bu nadanlıq, cahillərdən, inkar edənlərdən və kafirlərdən olmamağımız üçün bəs edir. Məhz buna görə bəndəyə layiq olan odur ki, "üzümü Allaha tuturam...” dediyi zaman həqiqətən həzrət Haqqın hüzurunda olduğuna diqqət etsin! Bunu deyərkən məqsəd təkcə üzü Allaha tərəf tutmaq, qibləyə durmaq olmamaldır. Bəndə, qəlbinin gözünü ona dikməli, azmasın deyə ağlını ona təslim etməli, Ondan digərinə diqqət etməməli, bütün xoşagələn və xoşagəlməz işlərdən dönüb, yeri-göyü yaradan Allaha tərəf üz tutmalıdır. 

   İnsanın diqqəti, qəlbi Allaha ibadət etməyə yönəlibsə, onun bədəni də təbii olaraq ibadət üçün yaradıldğından sitayişə hazır olacaq. Bədən üzvlərinin qəlbə itaəti, rəiyyətin rəhbərə- başçıya itaətinə bənzəyir. Namaz qılan Allah taalaya diqqətli olanlar kimi namaza başlasa və namazın sonunadək bu halda qalsa, o, öz arzusuna çatmış hesab olunur. Tanrı onu müşahidə etdiyi halda (namazqılan bəndə namazdan öncə) (bilərəkdən diqqətini yayındırıb) yoldan çıxan, Ondan üz çevirən şəxs, addımlayan zaman yıxılıb-qalxanlara bənzəyir. Belə azmaq nəticəsində onun məhv olmaq, Allahın razılığını itirmək ehtimalı çoxdur. Namaz qılan "üzümü Sənə tuturam” dedikdən sonra həzrət Haqqın heybətli hüzurunda olduğu halda Onun ehtiramına riayət etməsi vacibdir. Amma bunun əksinə olaraq, xəbərsiz olsa və ya özünü xəbərsiz kimi aparsa, "bütün vücudumla Allaha üz tutmuşam” sözünü yalan deyir. Beləsi namaza xəyanət, böhtan və yalanla başlayacaq. Namaza batil və yalanla başlayan şəxs isə, alçalmağa, rüsvay olmağa layiq deyilmi?!

Namazqılan, namaza duran zaman (tənbəlcəsinə) onu ağır sayan şəxsin sifətlərini daşıyırsa, namaza süst və tənbəlcəsinə duranların haqqında Quranda buyrulana diqqət etsin: "...Namaza tənbəlcəsinə (süst) gələrlər...” ("Tövbə” surəsi, 54-cü ayədən). Beləsi, namazdan öncə sevdiyi dost-yaxınla üzləşsəydiyi zaman təbəllik və ağırlıq hiss etmədən ona necə diqqət etdiyini düşünsün. Həqiqətən də o, belə bir halla Allah taalanı, bəndələrdən kiçik sayır. Bu, onun üçün necə də təhlükəlidir?!

Allah taalaya həmd-səna etmək

Vaxt az olduğu halda çoxlu işləri yerinə yetirmək öhdəliyində olan şəxs öncə onlardan daha vacibini yerinə yetirir. Sonra bir dərəcə az əhəmiyyət daşıyan növbəti işi sıraya salır. Namaza başlamaq istəyən şəxs də sitayiş, təmcid, tövbə və (istər mənəvi vaciblərdən olsun, istərsə də maddi) müəyyən vacibləri belə tərtibə salmalıdır. İnsan Allaha ibadət etdiyi zaman riayət etməli məsələ bunlardan ibarətdir:

İnsan, meyillə Allah taalaya sitayiş, təmcid və səna etməlidir. Bu mədh və səna, yaxınlarınıza dediyiniz mədh-sənadan daha sevimli olmalıdır. Allah taalanın sitayişi, mədhi bütün dünya əhlindən, bütün işlərdən və dostluqlardan öndə olmalıdır. Şükür edən, (ən azı) Onun əzəmətini, bəndələrə nemət verdiyini və bağışlayan olduğunu, cəlal və əzəməti müqayisəolunmaz saymalıdır. Bəndə bu məqama riayət etməyə də aciz olsa, ən azı Allah taalanın mədh, sitayiş və şükürünü ürəyində, yaranmışlara, rəhbərlərə olunan mədhlərdən itaətlərdən üstün saymaldır. Bəndənin məqamı bundan da aşağıdırsa, Allaha etdiyi mədh sana və şükür onun

qullarına olan mədh şükürdən aşağı olsa, həqiqətən Allahın təmcid və sitayişini kiçik saymış olacaq. Beləsi Allahın əzabla hədələdiyi şəxslər sırasında daxil olmağa layiqdir.

"Maliki yəumiddin” (Qiyamət gününün Sahibi)

Namaz qılan "Maliki yəumiddin” deyərkən, bütün insanların diriləcəyi, mühakimə olunacağı, bütün gizli sirlərinin, batinlərinin Qiyamətdə aşkar olduğunu xatırlayıb qorxmalı, çəkinməlidir. Rəvayətdə nəql olunub ki, ibadətdə yüksək məqam sahibi olan İmam Səccad (ə), "maliki yəumuddin” buyurduğu zaman, o kəlməni o qədər qiraət edərdi ki, onu görən şəxs, həzrətin indicə canının çıxacağını güman edərdi. O böyük insan bunu günahın qorxusundan etmirdi. Onun əməllərində və danışığında heç bir nöqsan yox idi. Bu qorxu, vəsfi mümkünsüz olan Allahın heybət və əzəmitinə görə idi.

"İyyakə nə`budu və iyyakə nəstəin”

Bəndə üçün layiqlisi odur ki, "İyyakə nə`budu və iyyakə nəstəin” sözünü sədaqətlə desin. Bu sədaqət nədən ibarətdir?!

Əgər şəxs, "iyyakə nə`budu və iyyakə nəstəin” sözünü, tez ötüb keçən fani dünya mənafeinə və ya sonradan çatacaq axirət savabına, yaxud dünya problemlərini aradan qaldırmaq və qiyamət - axirət qorxusundan deyirsə, əslində öz nəfsinə ibadət etmiş olur. Beləsi Allah taalanın sitayişə layiq olduğu üçün sitayiş etmir. Onun ibadətinin hədəfi nəfsani istək və ləzzətlərə çatmaqdır. Belə olduğu təqdirdə "iyyakə nə`budu” sözü yalan və böhtandır. Bu isə ona salamatlığa və xoşbəxtliyə çatmaqda mane olacaq. Onun adı yalançılar sırasına yazlacaq. Aydındır ki, bununla da, o, özünü məhv olmağa məhkum edəcək, yoxluğa sürükləyəcək. "İman gətirməyənlər yalan danışıb başqalarına iftira atarlar...”. ("Nəhl”, 105-ci ayədən) "İyyakə nəstəin” sözü də sədaqətlə deyilməlidir. Bir şəxs "Allahdan kömək diləyirik” sözünü dilə gətirən zaman, qüdrətinə, gücünə, malına, güclü tərəfdarlarına və dostlarına və ya digər ümidlərə göz dikirsə sözünü yalan demiş olacaq. Beləcə, Allahı kiçik sayacaq, Ona böhtan atmış olacaq. Bu üzdən Onun əzabına düçar olmaq təhlükəsi ilə üzləşəcək.

"İhdina siratəl mustəqim”

"İhdina siratəl mustəqim” kimi namazda olunan dualarda, xüsusən də Allaha xitab edən zaman nəfsin, qəlbin təmizliyinə diqqət olunmalıdır. Büyük rütbəli şəxsdən bir şey istəyəndə, onunla danışdığın zaman ona arxa çevirsən, yaxud onu qarşılamaq lazım olduğu halda diqqətsizliyə yol verərək onu kiçik saysan, bunun cavabı olaraq

o, səni hüzurundan qovacaq, öz mərhəmtindən məhrum edəcək. Hətta bu ehtiramsızlığa görə səni zindana salıb işkəncəyə məruz qoysa, təbii olaraq bunu öz əməlinin nəticəsi kimi qəbul edəcəksən. Allahdan istəyini dilədiyin zaman sənin ürəkdən buna hazır olmamağın, yaxud da Onun calalına az ehtiram göstərməyin, kiçik saymağın da bir növ buna bənzəyir. Halbuki dünya və axirətin Sahibinə diqqətin, məzəmmət olmuş puç dünyada hər hansı bir padşaha gösrətdiyin diqqətdən az olmamalıdır. Belə bir vəziyyətlə dualarının qəbulu təxirə düşürsə, öz günahının cəzasıdır. İnsan bir padşahla (böyük şəxslə) görüşən zaman onu böyük saymaq məqsədi ilə təzim edib əyilir. (Bununla, rükunun mənasını anlamaq olar.) Qəlbən hazır olmadan, hamıdan böyük olan Allaha rüku etmək, baş əymək layiq deyil. Allahın müqabilində səcdə məqamında olan daha çox kiçilməlidir: "... Səcdə et, Allaha yaxınlaş”. ("Ələq”, 19-cu ayədən) İnsan, sevdiyi şəxsə yaxınlaşdıqca onu sevinc hissi bürüyür. Ona görə də, Allah yaxınlaşmaq məqamı olan səcdə, onun sevincinə, şadlığına səbəb olmalıdır. Səcdə, Allaha yaxınlıq nişanəsidir. (Ona yaxınlaşdıqca insanın Tanrısına məhəbbəti də artır). Allah taalanın məhəbbəti Onun cəlalını daha çox yaxşı tanımaq üçün yol açır. Bu isə Onun mərhəmətidir. Allah taala Onu tanıyıb səcdə edənlər haqqında buyurub: "...Allah onları, onlar da Allahı sevir...”. ("Maidə”, 54-cü ayədən). "...İman gətirənlər Allahı daha çox sevir...”. ("Bəqərə”, 165-cı aydədən) Bəzən insan çox çətinliklə itaət edir və ya bu məsuliyyəti daşıdığı üçün bezir. Allaha, itaətlə məhəbbət bəsləməyin mümkünlüyünü qəbul etdiyimiz təqdirdə, insan ibadətdən xoşlanmırsa, əslində Allahı xoşlamır, hətta ona düşmən də ola bilər...

İlahiyyatçı yazar- Şəhriyar ƏLİYEV 

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300