sitename

           Putin: "Bizi indiyədək eşitmirdiniz, indi eşidin!” - FOTOLAR

 

Rusiya prezidenti Vladimir Putin bu gün 14-cü dəfə Federal Məclis qarşısında illik müraciətlə çıxış edib.

APA-nın müraciəti izləyən Rusiya müxbirinin xəbərinə görə, builki müraciət ötən ilkilərdən fərqlənib. Əvvəla, hər il dekabr ayında keçirilən tədbir bu dəfə mart ayında təşkil olunub. Səbəb ölkədə mart ayında prezident seçkilərinin keçirilməsidir. Bundan başqa, builki tədbirin məkanı da dəyişdirilib. Hər zaman Kreml sarayının Georgiyev zalında təşkil olunan mərasim bu dəfə Kremlin qarısındakı Manej kompleksində keçirilib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məkan dəyişikliyinin səbəbi kimi dəvətlilərin sayının artmasını və müraciətin formatının qismən dəyişdirilməsini qeyd edib. Həqiqətən də bu dəfə deputat və senatorlardan başqa Rusiya prezidentinin seçkilərdəki səlahiyyətli nümayəndələri də zalda idilər.

1 saat 57 dəqiqəlik çıxış

İki saata yaxın çıxış edən Rusiya prezidenti ilk olaraq ölkəsinin daxili problemlərinin həlli yolları və bu günə qədər görülmüş işlərdən danışdı. O, daha çox ölkənin sosial-iqtisadi inkişafı və təhlükəsizlik problemlərinin üzərində dayandı. Suriya və Ukrayna münaqişələri, Qərblə münasibətlər mövzularına isə demək olar ki, toxunmadı. Putin bildirdi ki, Rusiya iqtisadiyyatı tamamilə dünya standartları səviyyəsində inkişaf edir və edəcək, Qərbin Rusiyanı təcrid etmək planı baş tutmayıb.

Qarşıdakı 6 ildə Putin Rusiyaya nə vəd edir?

Dövlət başçısı müraciətində ölkəsində yoxsulluğun iki dəfə azalacağını, pensiyaların artacağını söylədi. Adambaşına düşən ÜDM-in 1,5 dəfə artacağını vəd verən V. Putin 2030-cu ilə qədər ölkədə orta ömür müddətinin 80 yaşı ötəcəyini vurğuladı: "Səhiyyəyə ayrılan xərclər iki dəfə artırılacaq. Neft-qazla əlaqəli olmayan ixracat iki dəfə artacaq. Rusiya bundan sonra neft məhsulları deyil, daha çox yeyinti məhsulu ixrac edəcək”.

Dünya lideri olmaq arzusunda olan Rusiya

Putin müraciətində ölkəsinin dünya liderliyi yolunda əmin addımlarla irəlilədiyini bəyan etdi: "Bütün dünya hazırda kritik dövr yaşayır. Bu dünyanın lideri ancaq dəyişikliklərə hazır olan biri ola bilər - o ölkə ki, fəaliyyət göstərir, irəli gedir. Rusiya bu 30 ildə çoxlu dəyişikliklər görüb. Bu dəyişikliklərə nail olmaq üçün digər ölkələrə yüz il lazımdır. Biz bu yolu keçmişik, bundan sonra da əminliklə öz yolumuzla gedəcəyik. Bir yerdə olmuşuq, bundan sonra da olacağıq”.

Analoqu olmayan yeni silah

"Suriya müharibəsi Rusiya ordusunun və silahının nəyə qadir olduğunu göstərdi”.

Putin müraciətinin bütün dünyada əks-səda doğuran və sensasiyalı xəbər kimi qarşılanan hissəsinə bu cümlə ilə başladı. O bildirdi ki, uzun illər idi, Rusiya NATO-nun Avropada genişlənməsinə və ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemi qurmasına heç nə ilə cavab vermirdi: "İndi isə bizim cavabımız var. Bu cavab yeni ballistik və nüvə mühərrikli qanadlı raketlər, sualtı pilotsuz aparatdır. Yeni silah atmosferin qatlarında manevrlər etmək imkanına malikdir. Bu silaha mane olmaq demək olar ki, mümkün deyil. Silah hipersəs sürətlidir, meteorit kimidir. Hələlik bu silahın adını "Avanqard” qoymuşuq. Belə silah heç kəsdə yoxdur. Bu silahın qarşısında mövcud texnologiya acizdir. Ona görə də, bizi eşitməyə məcburdurlar. Rusiyanın qarşısını ala bilmədilər. Lakin biz heç kəsi hədələmirik”.

Rusiya prezidenti ölkəsinə və müttəfiqlərinə qarşı nüvə silahının tətbiqini nüvə hücumu sayacaqlarını bəyan etdi: "Rusiyaya və müttəfiqlərinə qarşı nüvə silahının tətbiqinə həmin an cavab veriləcək”.

Federal Məclisə, yoxsa bütün dünyaya?

Ekspertlər Vladimir Putinin müraciətinin təkcə Rusiya Federal Məclisinə deyil, bütün dünyaya ünvanladığını bildirirlər.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov APA-ya açıqlamasında Putinin müraciətini məhz belə şərh edib: "Uzun müddətdir ki, Qərbin təzyiqi ilə üz-üzə qalan Rusiya bunun altından çox uğurla çıxıb və çıxmaqdadır. Putinin müraciətində işlətdiyi tezislərə fikir versək, bir daha Rusiyanın addım-addım bu yolda necə irəlilədiyini görə bilərik. Uzun müddət idi ki, Rusiyanı eşitmirdilər, ya da eşitmək istəmirdilər. Prezidentin də dediyi kimi, artıq Rusiyanı eşitməyə məcburdurlar. Bunu heç kəs hədə kimi başa düşməsin”.

Federasiya Şurasının komitə sədri Aleksey Puşkov da həmkarı ilə eyni fikirləri bölüşüb.O da Putinin builki müraciətinin ünvanının təkcə Rusiya deyil, bütün dünya olduğunu deyib: "Qərb Rusiya qarşıdurması artıq pik həddinə çatıb. Sovet İttifaqının dağılmasından sonra bizi eşitməyən, başda ABŞ olmaqla Qərbin gözləntiləri puça çıxıb. Qərb bizi eşitməyə məcburdur, ya da bundan sonra məcbur qalacaq. Təkqütblü eraya son qoyulub. Qərb bundan sonra Rusiya ilə birlikdə dünyadakı bəlalara qarşı mübarizə aparmalıdır. Çünki onların başqa yolu yoxdur”.

Federal Məclisə müraciətin maraqlı məqamlarından biri də onun prezident seçkiləri öncəsində baş tutması idi. Belə ki, Putinin müraciətini izləməyə dəvət edilənlər arasında seçki yarışında onun rəqibləri olan Vladimir Jirinovski və Pavel Qrudinin də vardı. Müraciətdən sonra Putinin rəqibləri onun çıxışındakı tezislərdən ağız dolusu danışırdılar...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300