Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası... » Ulu Yol Xəbər portalı

           Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...

 

Azərbaycan Cumhuriyyətinin 100 illiyinə...

II YAZI

 

Nəsib bəy Yusifbəyli ilk dövrlərdə sosial-demokratların bütün millətlərin bərabər hüquq və azadlıqlara malik olması ilə bağlı ideyalarına da xeyli dərəcədə meyil göstərmişdi. Belə ki, Nəsib bəy Odessda, Xarkovda tələbə olduğu (1902-1906) dövrdə və «Tərcüman»da çalışdığı ilk illərdə (1906-1907) siyasi cərəyanlar arasından daha çox sosial-demokratizmə ya da marksizmə meyil göstərmişdir. Həmin dövrdə bir çox soydaşları kimi Yusifbəyli də, sosial-demokratizmin çar Rusiyasının əsarəti altında olan xalqlara azadlıq gətirəcəyini düşünmüşdür. Şübhəsiz, Odessa və Xarkovda sosial-demokrat təşkilatlarının güclü olması, eyni zamanda onlar proqramının cəlbedici olması Yusifbəyliyə də ciddi təsir göstərmişdir. Necə ki, bu dövrdə sosial-demokratizmin təsiri altında M.Ə.Rəsulzadə, N.Nərimanov, Ə.Ağaoğlu və başqaları da olmuşdular. Bu anlamda Yusifbəylinin də dövrünün aparıcı ideyalarından sosial-demokratizmin ya da marksizmin təsiri altına düşməsi təbii idi.

 

Özəlliklə, Yusifbəyli 1906-1907-ci illərdə «Tərcüman»da yazdığı məqalələrdə Bakıda nəşr olunan «İrşad» və başqa milli-dini yönlü qəzetlərdə sosial-demokratizmdən və onların nümayəndələrindən (Marks, Plexanov, Jores, Bebel və b.) bəhs olunmasını təqdir etmişdi. Xüsusilə, o, «İrşad» da Azərbaycan Türk aydınlarından Nəriman Nərimanovun sosial-demokratlarla bağlı məqaləsini şərh etmiş, müəyyən dərəcə də onun fikirləri ilə razılaşdığını ifadə etmişdi. Onun fikrincə, yalnız sosial-demokrat cərəyanı dövrünün başqa şovinist «pan»izmlərindən fərqlənir və yalnız ona ləkə yaxmaq doğru deyildir: «Panslaviyanizm, panxristianizm, panermənizm, panyəhudizm və qeyri panizmlər ancaq qarnı tox ağaların xam xəyallarıdır və füqarayi-kasibəyə böylə böhtan atmaq rəva deyil!.. Doğrudur, Yer üzünün cəmi ictimaiyyun ammiyyunların (sosial-demokrat¬larının) da bir «panizmi» var, ona dəxi panxristianizm deməzlər, bunu adı «panfüqarayi-kasibizm»dir».

 

Gördüyümüz kimi, bu zaman Yusifbəyli milli yönlü ya da milliyyətçi təşkilatları deyil, beynəlmiləl mahiyyətli sosial-demokratizmə üstünlük vermişdir. Hətta, o, iddia etmişdir ki, yalnız sosial-demokratlar doğru yoldadır. Bu anlamda sosial-demokratizm yeganə çıxış yoludur. Çünki sosial-demokratlar cəmiyyətin problemlərinə milliyyətçilik deyil, beynəlmiləlçilik mövqedən yanaşır. Eyni zamanda marksizmə rəğbət bəslədiyi dövrdə bir çox mütəfəkkirlərimiz Ə.Ağaoğlu, Ə.Hüseynzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə və başqaları kimi N.Yusifbəyli də sosial-demokratizmlə islam arasında oxşar cəhətlərin olmasına inanmış və bu cərəyanı bütövlükdə dini dünyagörüşə əks hesab etməmişdir. N.Yusifbəyli ilk dövrlərdə, sosial-demokratizmə meyilli bir şəxs kimi hesab edirdi ki, çar Rusiyası Avropa ölkələrindən fərqli olaraq baş vermiş inqilabdan düzgün nəticə çıxarmır. Belə ki, çar Rusiyasında sosial-demokratların baxışlarından doğru nəticə çıxarmaq əvəzinə onlara qarşı repressiyalar həyata keçirilir. Yusifbəyli yazırdı: «Avropada təcrübə və timsali olub keçmiş inqilab və hərəkatlardan Rusiya dövləti ibrət almaq gərək idi. Qaynayıb axan bir suyun önünü kəsmək mümkün olmadığı kimi oyanmış, qəlyanə gəlmiş xalqın hüquq və vəzifəsini anlamış camaatın da önündə durub toxtatmaq mümkün olamayacağını düşünmək və bilmək gərək idi».

 

Qeyd edək ki, Nəsib bəy Yusifbəyli sonralar sosial-demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir qolu olan Azərbaycan türkçülüyü uğrunda mübarizə aparmışdır. Ancaq bu o demək deyildi ki, o, sosial-demokratizmin insan hüquq və azadlıqlarına aid müddəalarından imtina etmişdir. Hesab edirk ki, Yusifbəyli türkçülük, türk milliyyətçiliyi hərəkatının liderlərindən biri olduğu zamanlarda da sosial məsələlərin həəlində, o cümlədən fəhlə və kəndlilərin hüquq və azadlıqlarının qorunmasında sosial-demokrat cərəyanının bəzi müddəalarını müdafiə etmişdir. Hətta, onun qurucusu və lideri olduğu «Türk Ədəmi-Mərkəziyyət» partiyasının proqramında da sosial-demokratizmin müddəaları, o cümlədən "Aqrar məsələ”, "Fəhlə məsələsi” də öz əksini tapmışdır. Bununla bağlı «Türk Ədəmi-Mərkəziyyət» partiyasının proqramında yazılırdı ki, xalqın firqəsi kimi Türk ulusunun bütün təbəqələrinə əsaslanır: "Demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyanın İslama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır”.

 

Sadəcə burada zahirən bir anlaşmazlıq var ki, Seyid Cəfər Pişəvəri, Hüseyn Baykara onun Müsvat Partiyası daxilindəki mövqeyini "sol cinaha mənsub olan Nəsib bəy Yusifbəylinin mülkədar və kapitalist qrupu” kimi dəyərləndirmişlər.İlk baxışda "kapitalist və mülkədarın” sol cinahda dayanması məntiqsizlikdir. Bizə elə gəlir ki, N.Yusifbəyli sinfi təbəqəsinə görə "mülkədar və kapitalist qrup”una aid edilsə də, əslində o, düşüncə və dünyagörüş baxımından bütün insanların sosial bərabərliyinin tərəfdarı olmuşdur. Başqa sözlə, N.Yusifbəylinin "mülkədar və kapitalist qrup”una aid edilməsi simvolik xarakter daşımış, bu daha çox onun əcdadlarının bəy-xan nəslindən olmasından irəli gəlmişdir. Ancaq gerçəklikdə isə, o, bəy-xan əcdadlarının davamçısı kimi heç bir sinfi ayrı-seçkilik qoymamış, Türk ulusunu bütün kimi görmüşdür.

 

Nəsib bəy Yusifbəyli də türkçülük ideyasının yaranmasında və formalaşmasında ilk olaraq, böyük türkçülərdən İsmayıl bəy Qaspıralının mühüm rolu olmuşdu. Belə ki, İ.Qaspıralının uzun müddət müəyyən fasilələrlə "Tərcüman” qəzetində çalışmış (1906-1912) Yusifbəyli ustadının türk xalqarının "Dildə, fikirdə və işdə birlik” fəlsəfəsini mənimsəmişdir. Hər halda İ.Qaspıralının dünyagörüşündə türkçülük hərəkatı digər ideologiyalardan, cərəyanlardan üstün mövqeyə malik olmuşdu.

Əhməd Cəfəroğlu da yazır ki, Nəsib bəy Yusifbəyli də türkçülük ideyasının yaranmasında və formalaşmasında İ.Qaspıralının mühüm rolu olmuşdu. Biz eyni fikirlərə Nazif Qəhrəmanlıda da rast gəlirik:"Dünyagörüşünə gəldikcə Nəsib bəy əvvəlcə solçu olmuş, yəni sosialist ideyalarına uymuş, tədricən İsmayl bəy Qaspıralının təsirilə türk millətçisi kimi formalaşmışdı. Şəfiqə xanım bu barədə yazırdı: "Nəsib "Tərcüman” qəzetində çalışarkən çox vaxt atamla münaqişə edərdi, atamdan daha başqa görüşləri vardı, fikir ayrılığı vardı. Bu yalnız ilk bir-iki il sürmüşdü. Sonradan tamamilə atamla birləşdi. Bu da özünün dediyi kimi bir Gəncə dönüşü idi: "Rüşdə çatdım artıq, amma çox qafasızlıq göstərdim”,-demişdi. Bağçasarayın gənc ziyalıları və yarı ziyalı gənclərilə Nəsib tez tanış oldu, birləşdi. Təbii ki, özünü də sevdirə bilmişdi””. Yusifbəylinin Türk milliyyətçisinə çevrilməsində İ.Qaspıralının mühüm rolundam M.B.Məhəmmədzadə də bəhs etmişdir: "Nəsib bəy Qaspıralı İsmayıl bəyin yanında "Tərcüman”da çalışmış, İsmayıl bəydən dərs və ilham almış, onun qızı ilə evlənmiş, 1908-ci ildə İstanbulda yaranan "Türk dərnəyi” cəmiyyətinin ilk üzvlərindən biri olmuş bir şəxsiyyət idi”.

Nəsib bəy Yusifbəylidə türkçülük məfkurəsinin yaranmasında İ.Qaspıralının təsiriylə yanaşı, 1908-1909-cu illərdə Türkiyədə yaşaması və burada «Türk dərnə¬yi» üzvləri ilə birgə apardığı mübarizə də mühüm rol oynamışdır. Cəfər Seyidəhməd Kırımər "Mücahid" jurnalında (IV cild, 45-46-cı sayıları) nəşr etdiyi "Qaspıralı İsmayıl Bəy - Nəsib bəy Yusifbəyli” məqaləsində yazır: "1909-cu ilin sonlarında bizim həyatımızda əhəmiyyətli bir hadisə olmuşdu. Tələbə cəmiyyətimiz əcələ yığıncağa çağırıldı. bir komissiya seçildi. İstanbula gələcəyini xəbər aldığımız Qaspıralı İsmayıl bəyi qarşılayacağıq. [...] Nəhayət gözlədiyimiz gün gəldi. [.. .] İsmayıl bəylə birlikdə, Yusuf bəy Akçura və İsmayıl bəyin kürəkəni Azərbaycanlı Nəsib bəy Yusifbəyli də gəlmişdilər. Biz bu toplantıda Nəsib bəylə razılaşmış və ona candan bağlanmışdıq. İsmayıl bəy bizə ciddi və qarşıdurma qəbuletməz bir əda ilə elmə sarılmağı tövsiyə edir, bizim siyasi və ictimai əndişələrimizə cavab verməyi belə zaid görürdü. Yusuf bəy də aşağı-yuxarı eyni fikirləri müdafiə etmişdi. Nəsib bəy isə biz gənclərdə gördüyü imandan, fədakarlıq hisslərimizin, bilxassə inqilab atəşi ilə yanmamızdan, bütün əməllərimizin xalqımızı yüksəltməyə haqq olmasından çox sevindiyini söylədi və bizi bu yola sadiq qalaraq bu əməl üçün hazırlanmağa təşviq etdi. Nəsib bəy hər şeydən çox, xarakterimizin sağlam, doğru, ciddi olmasına diqqət etməyimizi bilxassə hərarətlə tövsiyə etdi.

 

Nəsib bəyin sözləri bizi o qədər qucaqlamışdı ki, İsmayıl bəyə olan saygımızı belə unutmuş, Nəsib bəyi ən coşqulu şəkildə candan alqışlamışdıq. İsmayıl bəylə olan bu görüşlərimiz bizi ona daha çox yaxınlaşdırmışdı.Ona qarşı duyduğumuz hörmət azalmamışdı, lakin o, bizim ürəklərimizi həyəcanlandırmamışdı. Biz inqilaba inanır, ondan mədəd umurduq. Biz onun bu gələcək günlərə əhəmiyyət vermədiyini görmüş, bundan ötəri da onu sabahın adamı olaraq tanımamışdıq. Onun mazisinə hörmətlə bağlı idik. Gələcəyimiz üçün isə biz ruhən Nəsib bəyə bağlanmışdıq. Bu yığıncaqdakı danışıqlarımız qafalarımızda və ruhlarımızda çox dərin izlər buraxmışdı. Bu görüşdən sonra biz günlərlə söylənilən sözləri təhlil etmişdik...”.

 

Deməli, 1908-1909-cu illərdən etibarən Nəsib bəy Yusifbəyli Türkçülüyün əsas dava adamlarından biri olmuşdu. Artıq onun dünyagörüşünün mərkəzində türk milliyyətçiliyi dayanırdı ki, əsas hədəfi də türkçülük əsasında Azərbaycan türklərinin Rusiya daxilində öncə muxtariyyət, daha sonra isə istiqlaliyyət əldə etməsi dayanmışdır. Məhz bunun nəticəsidir ki, 1917-ci ilin martında yaranan «Türk Ədəmi-Mərkəziyyət» partiyasının lideri kimi N.Yusifbəyli çar Rusiyasını federativ şəkildə görmış, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb etmişdir. M.B.Məmmədzadə yazırdı: "Azərbaycana qayıtdıqdan sonra Nəsib bəy Əmin bəylə yaxın əlaqəyə girərək "Açıq söz” ailəsinə daxil olmuşdu. Onun qurduğu Ədəmi-Mərkəziyyət firqəsi "Açıq söz”ün yaydığı millət nəzəriyyəsinə əsaslanırdı və millət məsələsini "Müsavat” kimi həll edirdi. O, Rusiyanın milli varlıqlara parçalanmasını, federalizm üzərində qurulmasını, bütün millətlərə, o cümlədən Azərbaycana, Türküstana, İdil-Urala və Krıma milli-məhəlli muxtariyyat verilməsini tələb edirdi”.

 

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)


I YAZInı aşağıdakı linkdən oxuya bilərsiniz:

 


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300