Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası... » Ulu Yol Xəbər portalı

                  Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...

 

I YAZI

 

XX əsrin əvvəllərində Şimali Azərbaycanda Türkçülük, Azərbaycan Türkçülüyü ya da Azərbaycan Milli İdeyasının yaranmasında, formalaşmasında və inkişafında ən mühüm xidmətlərdən biri də Nəsib bəy Yusifbəyliyə (1881-1920) məxsusdur. Ən önəmlisi odur ki, o, özlərindən əvvəlki islamçılar, türkçülər və milli liberallardan fərqli olaraq daha konkret, milli xətt seçərək Azərbaycan türkçülüyünü və Azərbaycan istiqlalçılığını hədəfləmişdir. Çünki, bu böyük idealist, millətpərvər, demokrat milli və müstəqil Azərbaycan ideyasının əsas müəlliflərində biridir.

 

Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan M.Ə.Rəsulzadə daha çox çalışmış, böyük mənəvi-ideoloji və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, M.Ə.Rəsulzadənin mənəvi-ideoloji irsi ilə müqayisədə Nəsib bəy Yusifbəylinin bu sahədə zəngin bir irsindən danışmaq mümkün deyildir. Amma Nəsib bəy Yusifbəyli də Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış mütəfəkkirlərimiz kimi Azərbaycan Türk tarixində, o cümlədən fəlsəfi fikir tarixində öz sözünü demiş milli aydınlarmızdan, dövlət xadimlərmizdən biridir. Hər halda, Nəsib bəy Yusifbəyli milli və müstəqil Azərbaycan milli İdeyasının ya da azərbaycançılığın müəlliflərindən biri kimi adına tarixə yazdırmışdır. O, Azərbaycanın bir hissəində qurulan müstəqil dövlət uğrunda həm zehni, həm də fiziki anlamda daima çalışmış, bu yola bütün varlığını həsr etmişdir. Bizim burada əsas məqsədimiz də N.Yusifbəylinin Azərbaycan xalqının tarixində, o cümlədən fəlsəfə və ictimai fikir tarixindəki yerini və rolunu ortaya qoymaqdır.

 

Öncə qeyd edək ki, Nəsib bəy Yusifbəyli M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli və başqa tanınmış ziyalılarımz kimi, ilk dövrlərdə maarifçlik işləri görmüş, daha çox dini xurafata, dini mövhumata, cəhalətə və nadanlığa qarşı mübarizə aparmış, İslam dininin bütün bunlarla heç bir əlaqəsinin olmadığına diqqət yetirmişdir. Onun ilk qələm təcrübələrindən olan «Təslim» hekayəsinin məzmununu Azərbaycan Türk millətinin maariflənməsi, başqa millətlər kimi inkişaf etməsi, İslam dininin əsil mahiyyəti və digər məsələlər təşkil etmişdi. O qeyd edirdi ki, başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl, qrammatikaları müəyyən olub, dövlət məktəblərin tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda, müsəlman-türk xalqlarında vəziyyət ürəkaçan deyildir. Belə ki, müsəlman-türk xalqlarında hələ də, yenilkçilərlə mühafizəkarlar arasında mücadilə davam etməkdədir. Bu anlamda, o, müsəlmanların real təhsil vəziyyətini əks etdirmək üçün mədrəsələrdəki şəraiti hərətəfli təsvir etmişdi. N.Yusifbəyli yeni dövrün təhsil vəziyyətini göstərmək üçün Molla Mahmudun şəxsində mühafizəkar dünyagörüşünü, Rza bəyin timsalında isə yenilikçi dünyagörüşünü ifadə etmişdir.

 

N.Yusifbəyli ilk öncə, mühafizəkarların təmsilçisi kimi Molla Mahmudu və onun fikirlərinə diqqət yetirmişdir. Ona görə, Molla Mahmudları maraqlandıran heç də millətin gerilikçi durumu deyil, öz hallarını düşünməsidir. Mədrəsəni tərk edib yeni məktəbdə dərs deməyi dini anlamda böyük günah hesab edən Molla Mahmudlar digər tərəfdən yeniləşmə qarşısında aciz qalmasını da etiraf edirdi. Çünki mədərəsənin axundu onu yeni məktəblərdə dərs verməyə dəvət etdiyi halda, Molla Mahmud bu təklif qarşısında tərəddüd edirdi. Yusifbəyli bunu onunla izah edirdi ki, mühafizəkar islamçılar vaxtilə İslam dininin əsil mahiyyətini öz maraqları naminə xalqa doğru çatdırmadıqları üçün, indi özləri də bundan zərərə çəkmiş olurlar. Belə ki, onlar öz övladlarını rus-tatar məktəblərində oxuturduqları halda, xalqa bunun böyük günah olduğunu söyləmişlər. N.Yusifbəyli hesab edirdi ki, xalqın nicatına nail olmaq üçün, artıq millətin övladlarına mühafizəkar, dindar ruhanilər deyil, millətini, vətənini sevən, eyni zamanda tərəqqipərvər dünyagörüşlü müəllimlər dərs verməlidir. Yalnız bu halda millətdə milli amal, milli mədəniyyəti, milli tərbiyə yarana bilər. Yusifbəylinin fikrincə, nə vaxta qədər məktəblərdə, mədrəsələrdə mühafizəkar ruhlu Molla Mahmudlar dərs keçəcəklər, heç vaxt irəliləyiş olmayacaq. Çünki Molla Mahmudlar təhsildə və ictimai həyatda yeniliyi və tərəqqini deyil, dini xurafat və cəhaləti təbliğ edirlər.

 

Nəsib bəy Rza bəylərin timsalında isə, vaxtilə elm və tərəqqinin mərkəzi olan Türk-İslam dünyasının bu günə düşməsinin səbəblərini də göstərməyə çalışırdı. Onun fikrinə görə, vaxtilə İslam mədəniyyətinin işığı olan məscidlərdəki mədrəsələrin qapalı hücrələrə çevrilməsinə səbəb burada elmli, dünyagörüşlü insanlar əvəzinə, mərsiyəxanlar yetişdirməsidir. Yusifbəyli yazır: «Ah! Vaxtilə mərkəzi-ülum və fünun olan və İbn Rüşdlər, İbn Sinalar yetişdirən, fəqət bugünkü gündə qeyri-qabili-islah (islahı mümkün olmayan) bir surətə girmiş bulunan şu mübarək mədrəsələrin lal və əbkəm divarları nələr eşitməmiş, nələr görməmişdir».

 

Nəsib bəy hesab edirdi ki, artıq geriliyə, köhnəpərəstliyə və xüsusilə, yalançı din xadimlərinə, mollalara qarşı ciddi şəkildə mübarizə aparılmalıdır. Bu məsələdə isə açıqgözlü, milli ruhlu müəllimlərin çiyinlərinə daha ağır yük düşür. Çünki müsəlman ölkələrindəki müəllimlər yalnız öz vəzifələrini deyil, dövlətin işlərini də həyata keçirməlidir. Bir sözlə, bu gün Avropa millətlərinin həyata keçirdiklərini görmək, bu anlamda müsəlman-türk xalqlarını oyatmaq zamanıdır. Onun fikrincə, başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl, qrammatikaları müəyyən olub, eyni zamanda dövlətləri məktəblərin tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda müsəlman-türk xalqları isə, hələ də cəhalət və nadanlıqdan əziyyət çəkir, dövlətləri isə xalqa zülm verməklə məşğuldur. Hətta islam ölkələrində bəziləri, xüsusilə ikiüzlü ruhanilər, din xadimləri tapılır ki, tərəqqini, inkişafı dinin-islamın əleyhinə olan anlayışlar kimi qələmə verir, üstəlik Türk-müsəlman xalqlarının tərəqqi və inkişaf uğrunda çalışanları, o cümlədən qabaqcıl müəllimləri kafir elan edirlər. Yusifbəyli yazır: "Zavalı bizlər! Bu vəzifələrin həpsini öz öhdəmizdə bulunduruyoruz, bu haqda bir çox dəfələr söyləmiş olduğum sözləri təkrar edəcəyim. Bu mədrəsədə, bu müqəddəs binada xidmət etmək üçün yalnız müəllim olmaq kafi deyildir, fədakar olmaq lazımdır. Həm də nasıl fədakar… Xidmətin təqdir edilməkdən məadə bir çox iftira və pək çox böhtanlara da hədəf olacaqsan. Necə ki, oluyoruz. Xidmətimizin ali və müqəddəs olduğunu kəndimiz üçün kafi dərəcədə mükafat ədd edə bilməzsək, başqa bir iş aramlıyız, buradan qaçmalıyız, vəssalam!».

Ümumiyyətlə, Rza bəylərin timsalında N.Yusifbəyli gələcəyin yeniləşmə və millətçiliklə bağlı olmasına inanırdı. Onun fikrincə, artıq mühafizəkar fikirlərlə milləti irəli aparmaq mümkün deyildir. Çünki mühafizəkar düşüncələr millətin bir nöqtədə dirənib qalmasından başqa heç bir şeyə xidmət etmir. Bu cür düşüncəli insanıların, o cümlədən müəllimlərin yeni məktəblərdə öz işlərini davam etdirməsini təhlükəli hesab edirdi.

 

N.Yusifbəyli islamçılığı isə müsəlman ölkələrinin vahid dövlət halında birləşməsi və sair kimi deyil, mənəvi birlik olaraq qəbul etmişdir. O, xüsusilə bəzi Avropa ziyalılarının, o cümlədən erməni şovinistlərinin ortaya atdığı «panislamizm» anlayışın qəbul etmir və onu müdafiə edən istənilən qüvvəyə qarşı çıxırdı. Onun fikrincə, bütün müəslman xalqlarının bir dövlətdə birləşməsi bir utopiyadır. Bu cür utopiyalarla uğraşmaqdansa, daha real işlər görülməli və müsəlman millətlərinin mədəni səviyyəsinin yüksəlməsinə çalışılmalıdır: "Bir iftira qalmadı ki, onlar müsəlmanların üstünə atmasınlar: cahaddanmı cəhd etmədilər, "ittihadi islam” iləmi dövləti qorxudub fəna halımızın daha da fənalaşmasına təşəbbüs etmədilər?”.

 

Azərbaycan Türk mütəfəkkiri hesab edirdi ki, ermənilərin "İttihadi-İslam” məsələsini xüsusilə qabartması məkrlikdən başqa bir şey deyildir. Bununla da ermənilər xristian din qardaşlarının yardımına ümid edirlər. Bu baxımdan ermənilərin qəzetlərdə müsəlmanlara atmadıqları iftira və böhtan qalmamışdır. Yusifbəyli yazırdı: "Bu yıllarda "İttihadi-İslam” xüsusunda nələr yazılmadı, nələr söylənmədi. Ermənilər gecələri yatıb bu xüsusda quramalar düzəldib, röyalar görüb gündüzlər dünyanın hər bir bilməna xəbərlər yazıb qəzetələri doldururlar”. Yusifbəyli hesab edirdi ki, ermənilər boş xülyadadırlar və onların iddia etdiyi manada müsəlmanların vahid dövlətdə birləşməsinə heç ehtiyac da yoxdur. Çünki müsəlmanlar xristianlara ya da başqa qeyri-müsəlmanlara qarşı vahid dövlətdə birləşmək deyil, öz daxilində birlik və bütöv olmaq yollarını arayır.

 

N.Yusifbəyli doğru qeyd edirdi ki, İslam birliyi məsələsindən narahat olan yalnız ermənilər deyil, həm də Avropanın qabaqcıl ziyalıları, onların mətbuatıdır. Avropalılar hesab edirlər ki, bütün müsəlmanlar vahid bir dövlət yaratsalar ya da Osmanlı Türkiyəsinin ətrafında birləşsələr onlar üçün təhdid yaradacaqlar. O yazırdı ki, bəzi türk-müsəlman mütəfəkkirlərinin İalam birliyi yönündəki yazıları da məsələni daha da mürəkkəbləşdirmişdi.

 

N.Yusifbəyli İslam dini, İslam birliyi məsələlərinə sonralar da həssaslıqla yanaşmışdır. O, Türk Ədəm-Mərkəziyyət Partiyasının sədri olduğu zaman İslam dinindən sui-istifafə etməyə çalışan mühafizəkar ittihadçılara qarşı da mübarizə aparmalı olmuşdur. Çünki həmin dövrdə Gəncədə mühafizəkar ittihadçılar "Məhəmmədi” firqəsi yaradaraq Türk Ədəm-Mərkəziyyət Partiyasını dinsizlikdə ittiham edirdilər. N.Yusifbəylinin İslam dininə münasibəti, xüsusilə dinin dövlətin işinə qarışmaması düşüncəsi sonralar da davam etmiş, onun baş naziri olduğu dövrdə qüvvədə qalmışdır. N.Yusifbəyli baş nazir kimi ilk çıxışında bəyan etmişdir ki, müqəddəs hürriyyətlərdən məmurların sui-istifadə etməsinə yol verilməyəcək, eyni zamanda ədliyyə məhkəmələrinin ədalətli və qanuni qərarlarına tabe olmaları əsas tutulacaqdır. Onun fikrincə, bu azadlıqların ən müqəddəsi vicdan və şəxsiyyət azadlığı, mənzil toxunulmazlığıdır ki, inanc və vicdana aid məsələlər üçün demokratik cümhuriyyətimizdə kimsə təqib edilməyəcəkdir.

 

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300