Tutu, topu tut

"Hakkaten sence ne oluvecek bu işlee

Valla nolcek olecee bişey yok

Dönecez dönecez aynı yere geleceez

Yavv ben şimdi deyom ki yaniii

Bu esas tütün tütün meselesi..."

(Cem Karaca, "Bindik bir alamete” şarkısından)

Əgər bu il ADR-in 100 illiyi tamam olmasaydı yəqin 2018-i "Ana dili” ili elan etmək lazım gələcəkdi. Ayrı yolumuz yoxdur. Bu millətə hər şeyi gərək başdan öyrədəsən. Əlifbadan. Tutu, topu tut. Əli, pasportu al.

Ancaq yüzillik ortaya düşmüşdür və hökumət bəzi işlər görməyə məcburdur. Hərçənd, heç bilmirəm nə edəcəklər, çünki ADR (bəzən bunu AXC - Azərbaycan Xalq Cümhuriyyəti kimi də yazırlar, ancaq məsləhət deyil, çünki adama AXC-Müsavat cütlüyünün hakimiyyət əsrini xatırladır) haqqında nə işlər görmək mümkün idisə hamısı hələ 2008-ci ildə - 90 illik yubiley zamanında görülüb qurtarmışdır. Rəsulzadənin heykəlinin BDU-nun qabağında qoyulmasından tutmuş, ümumiyyətlə cümhuriyyət abidəsinə qədər. Yadımıza gəlir, o çağacan Bakıda ADR-i ancaq Narxozla Əlyazmalar arasında dar dalana təpişdirilmiş bir obelisk xatırladırdı. Yeri gəlmişkən, o daş dirəyin adını bizim mediada bəzən yanlış olaraq "stella” yazırlar. Birincisi, o quruluş, dizayn etibarilə daha çox obeliskdir. İkincisi, stela ilə stella arasında böyük fərq vardır - Stella qadın adıdır, qədim latıncada ulduz deməkdir. ("Qədim latınca” da necə gülünc ifadə idi yazdım... Guya çağdaş latınca da varmış). Belə orfoqrafik məsləhətlərimizin mənası vardır, az sonra görərsiniz.

Uzun sözün qısası, bu hakimiyyət 90 illikdə ADR üçün hər şeyi elədi. Bəs indi nə edəcəklər, şəxsən mənə maraqlıdır. Ola bilsin bu dəfə Rəsulzadənin Bakının mərkəzindəki heykəlini qızıl suyuna çəkək. Dərsliklərdə, tarix kitablarında "Dövlətimizin banisi” qrafasına Rəsulzadənin adını 36-lıq şriftlə basaq. İndiyə qədər 22-millimetrlik şrift idi. Fəxri Xiyabana gətirdiyimiz cümhuriyyət qurucularını təzədən çıxardıb basdıraq. Hər halda, gəlin zamanı qabaqlamayaq, hələ ilin qurtarmağına 11 ay yarım qalmaqdadır.

Girişdə yazdığım kimi, dil məsələsi böyük diqqət mərkəzindədir. Hər gün hökumət təzə-təzə orfoqrafiya, orfoepiya, fonetika, qrammatika, nə bilim, sintaksis-filan qaydaları qayırır, millətə yazıb-oxumağı, deyib-gülməyi, çalıb-çağırmağı öyrədir. Bizə göstərilən bu qayğıya görə Füzuli baramaçıları, Lənkəran mandarinçiləri, Zəngilan qaçqınları, Tovuz aşıqları, Ağdaş daşqınları (qafiyə üçün yazdım, mənası-zadı yoxdur) adından dərin minnətdarlığımızı bildiririk.

Misal üçün, dünən çap olunan fərmana əsasən, Ay, Allah, Azərbaycan, Bakı sözləri böyük hərflə yazılmalıdır. Ancaq kimsə hansısa həyəcanla "Ayy!” çığırsa bunu kiçik də yazmaq olar. Sadəcə, həyəcanın ölçüsünə baxır. Azərbaycanı kim balaca yazırmış, düzü bunu anlamadım. Şair Tofiq Bayram bu temada hələ sovet dövründə qızıl misralar yazmışdır: "Anaların bətnində, Ceyran gözlü körpələr, Pələngləşər, şirləşər, Azərbaycan deyəndə!”

Yaxud, paçti sözünü paşti, neujeli sözünü isə nujenni kimi yazmaq olmaz. Ana dilimizi qorumalıyıq, klyanus çesni slova. Ən məzəli tərəfi odur ki, bu yeni dilçilik qaydalarını təsdiqləmək üçün alimi-biəməllərimiz... Nazirlər Kabinetinə göndəriblər. Artur Rasizadəyə. Sözgəlişi, Artur müəllimin soyadını necə yazmaq üçün da ayrıca qanun qəbul eləmək lazım gələcəkdir, çünki biri Rəsizadə yazır, başqası Rasizadə. Rasi-zadə, Rusi-zadeh kimi yazanlar da var. Baş nazirinin soyadını bilməyən millətin axırı yoxdur. Bilməməkləri cəhənnəm, öyrənmirlər də. Axı hökumət bunun üçün zəruri şərait yaradıb, Kürdəxanıda universitet, Qobustanda akademiya açıbdır. Get otur, oxu, öyrən.

Yazmaq, oxumaq, evlənmək, doğmaq, siqaret tüstülətmək, yaşamaq, ölmək... Hər şeyi gərək dövlət xəttiylə öyrənək. Dövlətçiliyi olmayan xalqlar necə də bədbəxtdir.

 

Zamin HACI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300