"Arxiv materialında tapdım ki, "Amerikanın səsi” və "Azadlıq” radiosuna qulaq asanlara 25 il həbs cəzası veriblər”

 

Bu kitab çox səs-küy yaradacaq”

Tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı nəşrə hazırlanır. 1920-1991-ci illəri əhatə edən araşdırmaların əks olunduğu kitabda Azərbaycanda mövcud olmuş gizli təşkilatlar, dissidentlər, "samizdat”lar haqqında arxiv materialları öz əksini tapıb, maraqlı məlumatlar verilib. "Yeni Müsavat” tarixin qaranlıqlarına işıq salan bu kitabla bağlı müəllifin müsahibəsini təqdim edir.

- Nəsiman müəllim, bu kitabın ərsəyə gəlməsi ideyası necə yarandı? Necə oldu ki, məhz 1920-1991-ci illərdə sovet hökumətinə qarşı çıxmış dissidentlərlə bağlı araşdırma aparmaq qərarına gəldiniz? Bu ümumiyyətlə, Azərbaycan tarixində işlənməmiş bir mövzudur...

Nesiman (7).JPG (6.57 MB)

- Mən uzun illərdir bu mövzunu araşdırıram. Bu kitab mənim son 25 ildəki araşdırmalarımın bir növ yeni formada davamıdır. Digər tərəfdən, son vaxtlar bizim tariximizdə baş verən hadisələr unudulur və ümumiyyətlə yazılmır. Sovet dövründə baş verənlərin üstündən sükutla keçilir. Halbuki sovet dövründə də müəyyən insanlar olub ki, rejimə qarşı çıxıblar. Düzdür, onlar Azərbaycanın azadlığına tam olaraq nail ola bilməyiblər, lakin gizli təşkilatlar yaradıblar, gizli mətbuat yaradıblar, qəzetlər çap ediblər. Onların bəzilərini 10-15 il həbs ediblər, güllələyiblər, qətlə yetiriblər. Bu insanların da fəaliyyəti yazılmalıdır. İkinci tərəfdən, 1988-1992-ci illərdə baş verən Azərbaycan xalq hərəkatı haqqında ümumiyyətlə heç nə yazılmır. Elə bil ki, heç bu hadisə olmayıb. Halbuki həmin illərdə baş verən xalq hərəkatı Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Bunun üstündən sükutla keçmək olmaz.

- Bəli, ümumi məlumatlar olsa da, ayrı-ayrı şəxsiyyətlər haqqında, proses haqqında məlumat yoxdur...

- Haqlısınız. Mən araşdırma apararkən görmüşəm ki, həmin dövrdə nə qədər siyasi partiyalar, ictimai təşkilatlar yaranıb. Gizli qəzetlər buraxılıb. Bunları biz nə zaman xalqa çatdıracağıq? Ötən əsrin 60-70-ci illəri unudulub getsə də, 1988-1992-ci illər də artıq unudulur. O tarixi yaradanlar dünyadan köçürlər, onların irsini, fəaliyyətini təsdiq edən sənədlər itib-batır, toplanılmır. Halbuki bunlar toplanıb arxivlərə verilməlidir. Bu da başqa bir problemdir. Mənim kitabımın başqa bir hissəsi də Qarabağla bağlıdır. İnanırsınızmı, mən Şuşada döyüşən əsgərlərin fotolarını tapmaqda çətinlik çəkdim. Bəs, 20-30 ildən sonra necə olacaq? Biz nə ilə sübut edəcəyik ki, Şuşa bizimdir, Şuşada döyüşmüşük. Bu baxımdan mən hesab etdim ki, bunları yığıb sistemləşdirmək lazımdır. Çox çətinliklə bu faktları topladım.

- Tədqiqatlarınız çox uzun bir dövrü əhatə edir. 1920-1991-ci illlər... Bütün bu dövrün tarixi həqiqətlərini, faktları, sənədləri əldə etmək üçün haralarda araşdırma apardınız, hansı arxivlərə müraciət etdiniz?

Nesiman (2).JPG (7.02 MB)

- Bu işi görmək üçün ilk növbədə Azərbaycan arxivlərində araşdırmalar apardım. Digər ölkələrdən Türkiyədə, Almaniyada, Polşada arxivlərdə işlədim. Həmçinin şəxsi adamların arxivlərinə müraciət etdim. Şəxsi arxivlərdə daha çox sənədlər əldə etdim və onları sistemləşdirdim. Ən çətin proses isə toplanan faktları sistemləşdirməkdir. Mən bu sənədləri topladıqca onu gördüm ki, tariximizdə nə qədər yanlışlıqlar var. Əsl qəhrəmanların çoxu arxa planda qalıb. Onlar haqqında məlumat yoxdur. Bəziləri dünyasını dəyişib və özləri haqqında məlumat verə bilməyiblər. Bəzilərini məqsədli şəkildə şişirdib ictimaiyyətə təqdim edib, bütün qəhrəmanlıqları bir neçə adamın adı ilə bağlayıblar. Mən bu kitabı yazarkən müəyyənləşdirdim ki, 1988-1992-ci illərdə Azərbaycanda ilk siyasi partiyanı yaradan Azər Qasımzadə adında bir şəxs olub. Ancaq heç kim onun haqqında məlumatlı deyil. Mən onu sübut etmək üçün o qədər arxiv sənədləri ilə eyniləşdirmələr apardım ki, məlumat səhv getməsin. Nəticədə sübut etdim. Digər tərəfdən, o dövrdə Azərbaycanda çoxlu gizli qəzetlər, jurnallar, kitablar buraxıblar. Sovet hökuməti onların çapına icazə verməyib. Mən 38-ə qədər qəzet və jurnal adı toplamışam ki, gizli yolla çap ediblər. Kitabda onların adlarını, fotolarını da vermişəm, hətta təhlil də etmişəm.

- Nəsiman müəllim, sovet hökuməti dövründə əsasən hansı illərdə gizli mətbuat fəaliyyət göstərib?

- Gizli mətbuat 1920-ci illərdə var. Sonrakı dövrlərdə gizli qəzetlər yoxdur, bir də 70-ci illərin sonlarından başlayır. Ancaq gizli vərəqələr var, hətta 50-ci, 60-cı illərdə belə gizli vərəqələr nəşr olunub.

- Bu kitabdakı qəhrəmanlarınızdan hazırda yaşayanlar varmı?

- Bəli var. Elə gizli qəzet və jurnalları dərc edənlərdən də indi yaşayanlar var. Mən elə onların arxivlərindən bəhrələnmişəm və adlarını da kitabda vermişəm. Mən bu kitabda onu da qeyd etmişəm ki, ilk dəfə gizli mətbuatı Azərbaycanda kim çap edib. Bunu heç kim bilmir. Bayaq adını çəkdiyim Azər Qasımzadə 1988-92-ci illərdə ilk gizli mətbuatı yaradıb. Milli Azadlıq Hərəkatı liderləri arasında onun adı yoxdur.

 

 Nesiman (3).JPG (6.81 MB)

- Nəsiman müəllim, hazırkı tarix kitablarından elə təəssürat yaranır ki, sanki 1920-92-ci illərdə insanlar sovet hökumətindən çox razı şəkildə yaşayıblar, heç bir etiraz olmayıb. Ancaq sizin kitabınız bu stereotipi sındırır... Göstərilir ki, bütün bu illər ərzində daxildə müqavimət olub...

- Bu gün insanların düşüncəsində sovet hökuməti "çörək 20 qəpik idi” fəlsəfəsi ilə qalıb ki, ərzaq ucuz idi, dolanmaq asan idi. Ancaq siyasi azadlıq, düşüncə azadlığı yox idi. İkinci səbəb odur ki, insanlar o dövrdə gedən proseslərdən xəbərsizdirlər. Bu gün də çoxları sovet dövlətinin işğalçı bir imperiya olduğunu qəbul etmək istəmir. Təkcə kütlə bu vəziyyətdə deyil, bizim alimlərimiz, tədqiqatçılarımız var ki, hələ də sovet rejimini tərifləyirlər, onun mahiyyətini anlamırlar. Sovet hökumətinə necə vətən demək olar ki, oradan Məhəmməd Əmin Rəsulzadəni sürgün ediblər, Fətəli xan Xoyskini qətlə yetiriblər, Nəsib bəy Yusifbəylini öldürüblər. Mikayıl Müşfiqi, Hüseyn Cavidi güllələyiblər. Mən bu kitabda həmin şairlərin sovet hökuməti əleyhinə şeirlərini vermişəm ki, onlar heç yerdə yoxdur. Mikayıl Müşfiqin heç kimin bilmədiyi şeirləri var ki, sovet rejimi əleyhinə yazılıb. Mən bunu şəxsi arxivlərdən tapıb vermişəm. Heç kim bilmirdi ki, Rəsulzadənin oğlu sovet hökumətinə qarşı gizli təşkilatın üzvü olub və fəaliyyət göstərib. Bunu kitabda vermişəm və sənədlərini də təqdim etmişəm. Kitabda ümumilikdə 500-ə qədər fotosənəd var. Nə demişəmsə, yanında təsdiqedici foto və sənəd var ki, heç bir şübhə yeri qalmasın. Rəsul Rzanın ensiklopediyasını məhv ediblər ki, orada ermənilərin təbliğatı yoxdur, Ararat dağı Ağrı dağı kimi qeyd olunub. Mən bu məhv edilmiş ensiklopediyanın da fotosunu vermişəm. Həmçinin, heç kimin məlumatı yoxdur ki, bizim dahi bəstəkarımız Qara Qarayevin sovet hökumətinə qarşı hərəkətləri olub və 1963-cü ildə onun üçüncü simfoniyasını qadağan ediblər. Mən bunu arxivlərdən tapdım. Bəxtiyar Vahabzadənin "Gülüstan” poemasını mən Şəkinin "Nuxa fəhləsi” qəzetində tapdım, 1960-cı ildə oktyabr ayının 3-də çap edilib. O qəzeti də ləğv ediblər. B.Vahabzadə "Gülüstan” poemasını orada xəlvət çap etdirib. Mən o qəzet nüsxəsini tapdım, onun fotosunu da kitabda verdim. Yəni bu kitabda belə maraqlı məqamlar var. İsfəndiyar Çoşqun adlı bir şair və dissident olub ki, haqqında heç bir məlumat yoxdur. Bir fotosu belə qalmadığı üçün mən onun şəklini Nardarandakı qəbrində başdaşından çəkmişəm. Ötən əsrin 70-ci illərində Gəncədə Məhəmməd adlı bir şair olub ki, "Kəmsavad” təxəllüsü ilə şeirlər yazıb, ancaq heç kim onu tanımır. Onu Brejnevə yazdığı şeirə görə 3 il, Xruşşova yazdığı şeirə görə isə 2 il həbs ediblər. O, Sabir səviyyəsində bir şair olub, şeirlərini də kitabda vermişəm.

 

- Nəsiman müəllim, sizə maddi və təşkilatı baxımdan dəstək olanlar varmı?

 

- Xeyr. Bu kitabın çapına da istəmirdim ki, kimsə dəstək olsun. Çünki təsir altına düşmək istəmirəm. Mən öz vicdanımın hökmü ilə bunu etmişəm və bu mövzuları da sevirəm. Mən 25 ilə yaxındır ki, bu qadağan olunmuş mövzuları işləyirəm. Bu materiallar cəmiyyətə təqdim edildikdən sonra istər-istəməz Azərbaycan tarixinin son dövrü dəyişməyə məcbur olacaq.

Oblojka Azadliq herekati.jpg (5.56 MB)

- Belə görünür ki, çox səs-küy yaradan bir kitab olacaq...

 

- Bəli, çox səs-küy yaradacaq. Çünki orada elə insanlar haqqında faktlar var ki, diqqət çəkəcək. Ermənilərin Qarabağı necə ələ keçirməsi ilə bağlı çox dəhşətli sənədlər aşkarlamışam. Elə sənədlər tapmışam ki, onları cəmiyyətə açıqlasaq, aydın olacaq ki, ermənilər Şuşanı, Laçını niyə asanlıqla ələ keçirdilər. Həmçinin bəzi ədəbiyyat adamları olub ki, həbsxanalarda yatıblar. Aşıq Mikayıl Azaflı adlı Tovuzlu bir məşhur aşıq olub. Onu 6 il həbs ediblər. Mən onun "Zindan şeirləri” kitabını tapdım ki, niyə o həbs edilib. O vaxt məşhur bir şeir var idi ki, ona görə neçə nəfər həbs olunub. Məzmunu belə idi ki, "Ağ şalvarda qara yamaq, başımızda motal papaq, kommunizmə gedirik biz”. Mən bu şeirin müəllifinin şəklini, adını da vermişəm. İstəmişəm ki, qapalı qalan Sovet rejiminin iç üzü açılsın. Bu açılmasa, biz o cəmiyyətdən xilas ola bilməyəcəyik. Mən arxiv material tapdım ki, "Amerikanın səsi” və "Azadlıq” radiosuna qulaq asanlara 25 il həbs cəzası veriblər. O adamların adı da kitabda var.

Nesiman (4).JPG (6.67 MB)

 

Həmçinin 1920-ci illərdə Azərbaycanın Sovet ordusu tərəfindən işğal edilməsi faktı var. Ancaq indi professorlar, tarixçilər işğal faktını qəbul etmirlər, hələ də cümlələrini 1920-ci ildə, aprelın 28-də Azərbaycanda Sovet hökuməti quruldu" deyə başlayırlar. İşğal faktını gizlədirlər. Ancaq mən faktlar tapdım ki, aprelin 28-də ordu Bakıya girəndə Moskvadan onlara gizli şəkildə göstəriş verilib ki, bir həftə ərzində Bakıda nə istəyisinizsə, edin, dağıdın, yağmalayın. Sovet qoşunları Bakıdan Moskvaya 60 vaqon ərzaq, yanacaq, bir vaqon da uşaq oyuncaqları apardılar. Yəni şəhəri yağmaladılar, sanki müharibədə qələbə çalıblar və qənimətləri daşıyırlar. 1933-cü ilə qədər Moskva bir nəfər də azərbaycanlını ölkə rəhbərliyinə qoymayıb. Onlar Azərbaycana bu cür yanaşıblar. Tarixçilər bu saxta yanaşmanı yığışdırıb həqiqəti yazmalıdırlar. Nəriman Nərimanov, Mir Cəfər Bağırovla bağlı miflər dağılmalıdır ki, onlar Azərbaycanı xilas ediblər. Onlar sadəcə bir fiqur olublar və heç nə edə bilməyiblər.

Nesiman (6).JPG (6.47 MB)

 

Bir məqam da var ki, Dağlıq Qarabağ bizdən 1988-ci ildə ayrılmayıb, elə Sovet hökuməti vaxtı ayrılıb. Mən sənədlər, faktlar tapmışam ki, orada bütün yazılar və sənədləşmələr erməni dilində aparılırdı. Orta məktəbi bitirənə verilən attestatda göstərilir ki, Azərbaycan dili keçirilmir. İkincisi, yazılır ki, Ermənistan SSRİ-nin Dağlıq Qarabağ vilayətinin Təhsil Şöbəsi tərəfindən verilir. Mən kitabda sübut kimi o attestatın şəklini vermişəm.

- Kitab neçə nüsxə ilə çıxacaq, yayımı necə təşkil olunacaq?

- Kitabın nəşrində bir qədər maddi problemlərim var. Hələ neçə nüsxə ilə çıxacağını bilmirəm. PDF variantını da internetdə yerləşdirəcəyəm ki, insanlar oxusunlar. Hələ ki, kitab nəşr prosesindədir.

Nərgiz LİFTİYEVA,
Foto: Məğrur MƏRD

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300