Salyandakı qətl və acı gerçəklər... » Ulu Yol Xəbər portalı

                  Salyandakı qətl və acı gerçəklər...

 

Uzun illər yaddaşlardan silinməyəcək qədər dəhşət saçan, atanın öz oğlu ilə öz dörd övladını və xanımını öldürərək öz yaşadığı evin zirzəmisində basdıraraq gerçəkləşən insanlıq faciəsi neçə gündür ki, ölkə gündəmini məşğul etməkdədir. Doğulub boya başa çatdığım Salyan üçün isə gerçəkdən inanılmaz bir şok effekti yaradıb bu faciə...

     Ənənələrə bağlı, məhəllələrdə insanlar arasında sayğının hökm sürdüyü, ən önəmlisi də əsasən hər kəsin bir birinin əsl nəslini tanıdığı Salyanda bu faciənin baş verməsi salyanlılar üçün həm də təəccüb doğurdu. Qatil - manyak gerçəkdənmi Salyan mühitində yaşayıb? Bu adam belə bir vəhşiliyə necə imza atıb? Salyanda bu anadək belə adamın mövcudluğu haqda yəqin ki, indi hər kəsin düşüncəsində suallar dolaşmaqdadır. Amma dəyişməyən acı bir reaallıq var.

  Təəsüflər olsun ki, cəmiyyətimiz artıq bu cür valideyn və övlad qatillərilə , sadist Fərhadlarla tez-tez rastlaşmaqdadır. Niyə? Bu nədən qaynaqlanır? Bu suallara verilən ilk cavablar biri də yəqin əhalinin çətin iqtisadi durumu ilə bağlı olacaq. İqtisadi çətinliklərin ölkəni öz burulğanında boğduğu mövcud durumda insanımız bir də qanunsuzluq, cəzasızlıq gerçəyi ilə üz-üzədir. Təpədən dırnağadək rüşvət içində çabalayan hüquq mühafizə sistemimiz haqda isə uzun uzadı danışmağa gərək duymuram. Zatən görünən kəndə heç bələdçi də gərəkməz. Qayıdaq məşum qətl olayına.

 

Qətlin həyata keçirildiyi, eyni zamanda "soyqırım" yaşayan ailənin uzun illər məskunlaşdığı "Zavod" məhəlləsi ilə müəəyən qədər tanışlığım var. Salyan Pambıqtəmizləmə Zavodunun ətrafında yerləşən küçələrə ümumi olaraq Zavod məhəlləsi adı veriblər . "Zavod" uşaqları əsasən mənim də təhsil aldığım 4 saylı məktəbdə oxuyardılar. Ona görə o məhəllədə tanışlarım az deyil. Müəllimlərim, sinif yoldaşlarım da o cümlədən...

     Sözümün intəhası isə yenə qətllə bağlıdır. Necə olur ki, 2014-cü ildə baş verən və insanlığa sığmayan bu qətl bu anadək açılmamış qalmışdır? 2015-ci ilin noyabrın 1-də keçirilən parlament seçkilərində Salyan 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi mən də iştirak etdim. Təvazökarlıqdan uzaq olsa da rayonumun tarixində öz unikallığı ilə seçilən və insanımızda ümid qığılcımları yaradaraq onların seçki məntəqəsinə getməsinə səbəb olan bir kampaniya apardıq. Təsadüfi deyil ki, noyabrın 1-də baş tutan seçkidə mənim favorit məntəqələrimdəm biri, bəlkə də birincisi məhz qətlin törədildiyi Zavod məhəlləsində yerləşən 10 saylı məntəqə seçki komissiyası idi. Baş verən qətl olayı yaddaşımda seçki günü orada - Zavod məhəlləsində baş verənləri bir daha canlandırdı. Mənim müşahidəçim Vahid bəy seçki günü bir yaşlı qadının plaşının altından 34 ədəd bülleten aşkar edərək mənə zəng vurmuşdu. Mən də dərhal oraya getdim. Ora çatarkən məlum oldu ki, bu saxtakarlıq məhz məntəqə sədrinin istəyilə baş tutub. Mən məntəqə sədrindən bu əməlin cinayət olduğunu bilirsinizmi? - deyə soruşduğumda Zavod məhəlləsinin sahə müvəkkili seçki məntəqəsinə daxil olaraq qapıları bağladı və hər kəsi bayıra çıxardı. Polis zabiti daha bir cinayət törədərək seçki prosesini əngəlləyirdi. Bir anın içərisində polis rəisinin müavini və onlarla əməkdaş, DSK sədri və müavinləri o məntəqəyə gəlib olaya müdaxilə edərək bizi oradan uzaqlaşdırmağa çalışdılar. Mən isə israrla məntəqədəki seçkinin nəticələrinin ləğv edilməsini tələb edirdim. Hər şey ondan sonra baş verdi. Bir neçə saatın içində məntəqədəki müşahidəçinin qardaşı və mənim başqa bir qohumuma həbs ediləcəklərilə təhdidlər başladı. Mənim polisinin seçkidəki qanunsuzluqlarla bağlı ortaya qoyduyu iradə isə ikrah doğururdu. Hər halda bu iyrənc səhnəni yəqin ki, seçkilərə qatılan hər kəs təcrübə etmişdir. Amma Zavod məhəlləsində baş verən bir seçki saxtakarlığına anında reaksiya verib hərəkətə keçən polisin 5 günahsız insanın ölümünə üç il boyunca bu şəkildə məsuliyyətsiz, səhlənkar yanaşması qəbul ediləsi deyil. Dönəmin hüquq mühafizə orqanlarının, özəlliklə sahə müvəkkili, cinayət axtarış bölməsi təkcə Salyanımızın deyil, bütövlükdə Azərbaycanın adına qara ləkə olan bu insanlıq cinayətinə görə birbaşa məsuliyyət daşıyırlar. Əgər bu ölkədə qanunlar azacıq da olsa işləyirsə, qanımızı donduran bu cinayətə görə təkcə Fərhad, ya Fəqan deyil, üç il boyunca o vəhşilərin Salyanın havasını udmasına səbəb olanlar da haqq etdikləri cəzaya çatmalıdırlar.

 

Rüfət Muradlı

 

                                                                                                                                 Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300